Əgər Qarabağ qayıdarsa
Bu məqalə düz bir il əvvəl, Qarabağda cəbhə xəttində atəşkəs haqqında müqavilə imzalanandan sonra yaşanan ən ciddi gərginlikdən sonra yazılıb. O vaxt bir erməni saytı da bu məqaləni çap edərək, müəllifin razılığı olmadan başlığı “Qarabağın Azərbaycanın tərkibinə qayıtmaq perspektivini görmürəm” adına dəyişdi. Bu zaman da ifadənin “bu gün və ya yaxın zamanda” hissəsini kəsdilər və belə alındı ki, müəllif heç bir perspektiv görmür.
Bu cür fəndləri “klik” yığmaq həvəskarlarına saxlayaq. Məqalənin dərcindən düz bir il ötür, yəni “yaxın zamanlarda” artıq keçib. Qarabağ Azərbaycana daha yaxın oldumu? Birmənalı şəkildə, yox. Ötən il ərzində müqavilə zonasında bir neçə ciddi insident baş verib, özü də ağır silahın istifadəsilə. Hər iki tərəfdən ölənlərin sayı bütün əvvəlki illəri ötüb (aprelin əvvəlində dörd gün sayılmır).
Məqalənin sonunda deyilir ki, müqavilənin həllinə münaqişə tərəfləri və cəmiyyətlərinin demokratikləşməsi impuls verə bilər.
Ölkələrimiz daha demokratik oldumu? Yenə də birmənalı şəkildə, yox. Azərbaycanda etirazçıların həbsləri davam etdi, saytlar bloklandı, hakim ailənin hakimiyyəti möhkəmləndi. Ermənistanda səlahiyyət müddəti bitən prezident konstitusiyanı dəyişmək yoluyla hakimiyyətdə qalmaq yolunu tapdı. Böyük təəssüflə belə bir nəticəyə gəlirsən ki, münaqişənin həllinə verilən “yaxın zamanlar” daha qeyri-müəyyən müddətə qədər artır.
…Dərhal da müəllifin ünvanına çürük pomidor və lax yumurta atışı başlandı. Özü də münaqişənin hər iki tərəfindən.
Azərbaycanlı oxucu: “Necə yəni “qayıdacaq? O harasa getmişdi ki? Dünyada heç kim bunu qəbul etməyib! Hətta Ermənistan da!
Erməni oxucusu: “Müəllif yəqin ki, fantastikanı sevir. Artsax xalqı artıq öz müqəddəratını təyin edib!
Əziz oxucular, yumurta və pomidorlarınızı hələ saxlayın, onları ancaq başlığa xərcləməyə dəyməz. Axı bütün mətni oxuyub qurtarandan sonra siz ehtiyatlarınızı artırmaq istəyəcəksiz.
…Beləliklə, Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın tərkibinə qayıtması ssenarisini nəzərdən keçirək (bu, erməni oxucusunun fikrinə görə fantastik, azərbaycanlı oxucunun fikrinə görə isə satqın bir ssenari olsa da).
Azərbaycanda obyektiv sosioloji sorğu aparılsa, mənim fikrimcə, ölkə əhalisinin böyük əksəriyyəti “Qarabağı Azərbaycanın tərkibinə necə qaytarmaq olar? sualına “Ancaq hərbi yolla, – cavabını verəcək. Bəli, bu qisasçılıq siyasətidir. Almaniyada Versaldan sonrakı revanş istəyi kimi (yenə də pomidorlar atılır). Versal sülh müqaviləsi Avropadakı problemləri həll etmədi, necə ki, Bişkek və Kazimir sazişləri Qarabağ problemini həll etmək əvəzinə onu sadəcə bir az da uzatdılar.
Daha bir sual ondan ibarətdir ki, Qarabağın hərbi yolla qaytarılması nə dərəcədə realdır? Ancaq səfeh öz səhvlərinin üstündə öyrənir, ağıllı qonşunun, misal üçün, analoji ərazi problemləri və onları hərbi yolla həll etmək cəhdləri olan Gürcüstanın səhvlərinə baxır.
Heç bir Stepanakert/Xankəndi üzərində sancılan bayraqlar mənim fikrimcə, münaqişəni həll etməyəcək. Azərbaycanın yeddi rayonunun işğalı həll etmədiyi kimi. Düşmənə təzyiq metodu kimi istifadə edilən ərazi istilaları XIX əsrdə qaldı. Buna görə də vaxtımızı və kilobaytlarımızı doğrudan da fantastik ssenarilərə sərf etməyib, Qarabağı sülh yolu ilə qaytarmaq cəhdi olunarsa, nəyin baş verəcəyini nəzərdən keçirək.
Azərbaycan hakimiyyəti Dağlıq Qarabağa Azərbaycanın tərkibində “ən geniş muxtariyyət təklif edir. Hələ indiyədək bu “Ə.G.M-in məzmunu açıqlanmayıb, amma danışıqlar və brifinqlər zamanı Tatarıstan, Triyest və Aland adalarının muxtariyyət modelləri ilə analogiyalar səsləndirildi.
Bütün bu modellər arasında ən “geniş olanı Aland adalarının modeli sayılır. Bu model 90-cı illərin sonlarında müzakirə olunub. Tutaq ki, tərəflər razılığa gəlir və Dağlıq Qarabağ Aland muxtariyyətinə analoji olan şərtlərlə Azərbaycanın tərkibində qalır. Bu o deməkdir ki:
- Dağlıq Qarabağ Azərbaycanın istənilən beynəlxalq müqavilələrinə veto qoymaq hüququna malik olacaq. Tutaq ki, sabah Azərbaycan Türkiyə ilə hər hansı birlik yaratmaq istəyəcək. DQ-nin razılığı olmadan bu mümkün olmayacaq. Bu, bizə lazımdır?
- erməni dili ikinci dövlət dili olacaq. İstənilən etnik erməni Azərbaycanın dövlət orqanlarına erməni dilində yazılan ərizə ilə müraciət etmək və həmin dildə də cavab almağı tələb etmək haqqına malik olacaq. Biz buna hazırıq?
- Bakının mərkəzində, ən gözəl binalardan birində (yəqin ki, erməni memarları tərəfindən tikilmiş binada, belələri Bakıda çoxdur) DQR-nın (artıq dırnaqsız) gerb və bayraqlı nümayəndəliyi açılacaq. Milli Məclisdə də DQR-nın erməni çoxluğu üçün kvota olacaq. Hakimiyyət niyəsə bunun mümkünlüyündən danışmır.
Yeri gəlmişkən, bayraq, gerb və dırnaq məsələsi şəxsən mənim üçün normaldır. Əgər hətta futbol komandasının da özünün gerbi, bayrağı və himni olursa, niyə də ki, ayrı-ayrı regionlarda və xüsusən də muxtariyyətlərdə onlar olmasın. Qoy Naxçıvan Respublikasının da ayrıca bayrağı və himni olsun.
Bir çox azərbaycanlı müəlliflər DQR abreviaturasına qarşı qəti şəkildə etiraz edirlər, yəni bir respublikanın tərkibində necə başqa respublika ola bilər. Birincisi, Naxçıvan Muxtar Respublikası artıq mövcuddur. İkincisi, mənim ilk redaktorum olan Zərdüşt Əlizadənin dediyi kimi, adı lap istəyir Dağlıq Qarabağ İmperiyası olsun, təki orada Azərbaycan Respublikasının qanunları işləsin.
Növbəti nəticə: tutaq ki, elə həmin o Madrid prinsiplərinin əsasında sülh müqaviləsi imzalanandan sonra qaçqınlar öz doğma şəhər və kəndlərinə qayıtmaq hüququ əldə edəcəklər. Bakı və Gəncə cəmiyyəti on minlərlə ermənini qəbul etməyə hazırdırmı? Bu gün üçün birmənalı olaraq – yox. Axı həm də heç kim hadisələrin bu cür cərəyan etməsinin mümkünlüyündən danışmır.
Erməni KİV-i çox vaxt Azərbaycanı erməni fobiyasında qınayır. Burada əlbəttə ki, Ermənistandakı türk fobiyası ilə paralellər gətirmək olardı, amma bu başqa bir məqalənin mövzusudur. Hələliksə onu deyim ki, Azərbaycan cəmiyyətində erməni fobiyası həqiqətən də var və bu başa düşüləndir. Azərbaycanın böyük ərazisi hələ də işğal altındadır, bu ərazilərdən olan qaçqınlar heç də yaxşı şəraitdə yaşamırlar. Azərbaycan müharibənin hələ bitmədiyini hesab edir. Və indi də təsəvvür edək ki, bunun fonunda Bakıya ermənilər qayıtmağa başlayır. Onlarsa, yeri gəlmişkən, şəhərin mərkəzində, “prestijli evlərdə yaşayıblar. Kiçik bir qığılcım kifayət edər ki, millətlər arası toqquşmalar yenidən alovlansın. Bu, bizə lazımdır?
Bütün yuxarıda deyilənlərdən çıxış edərək, belə bir nəticə çıxarmaq olar: nə bu gün, nə də yaxın gələcəkdə mən Dağlıq Qarabağın nə hərbi, nə də sülh yolu ilə qaytarılması perspektivini görmürəm (pomidorlar gəlsin). Ermənistan hakimiyyəti bunda maraqlı deyil (istədiklərini və hətta daha artığını da aldılar, niyə qaytarsınlar ki), Azərbaycan hakimiyyəti bunda maraqlı deyil. Vaxtaşırı insan haqlarından danışan və beynəlxalq institutlara şikayət edəcək şıltaq ermənilər – DQ sakinləri və Bakı və Gəncənin erməni milliyyətindən olan keçmiş sakinlərindən gələn baş ağrısı onların nəyinə lazımdır ki. Onları sadə azərbaycanlılar kimi həbs etmək isə alınmayacaq, çünki hamı onları lupa da yox, mikroskop altında müşahidə edəcək. Regiondakı əsas siyasi və hərbi qüvvə olan Rusiya da bunda maraqlı deyil. Bu münaqişənin köməyi ilə o hər iki tərəfi öz təsiri altında saxlayıb, bu hər iki tərəfə əla təzyiq vasitəsidir.
Bəs çıxış yolu nədədir? Düşünürəm ki, heç bir süni məcburiyyət münaqişəni yerindən tərpətməyə kömək etməyəcək. Ümumi maraqlar yetişməlidir. Bu, iqtisadi maraqlar və ya ümumi düşmənə qarşı yaxınlaşma, ya da hansısa mümkün geosiyasi dividentlər ola bilər. Misal üçün, Fransa və Almaniya 70 il ərzində üç qanlı müharibə etdilər. Amma ümumi iqtisadi maraqlar (kömür) və kommunizm təhlükəsi onların yaxınlaşmasına kömək etdi və indi bu iki ölkə Avropa İttifaqının özəyidir.
Ya da Şimali Kipr misalını götürək. Cənubi Kiprin Avropa İttifaqına daxil olması bölünmüş adanın əhalisinin yaxınlaşmasına impuls verdi. İndi şimal sektordan cənub sektoruna getmək adi haldır, əvvəllər isə bunu təsəvvür etmək belə mümkün deyildi. Bəs hansı ümumi maraq Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının yaxınlaşmasına kömək edə bilər? İqtisadi maraqlardan danışırıqsa, bu su ehtiyatlarının istifadəsi ola bilər. Misal üçün, erməni tərəfinin nəzarəti altında olan Sərsəng su anbarı torpaqların suvarılması üçün qonşuluqda yerləşən Azərbaycan rayonlarına su verə bilər. Əlbəttə ki, nəyinsə əvəzində. Ümumi düşmən haqqında düşünmək istəmirəm, amma bu cür düşmən azərbaycanlı və erməni icmalarının sülh və əmin-amanlıqda yaşadığı qonşu ölkələr ola bilər. Bu ölkələrdə hakimiyyətə ultra milliyyətçilər gəlsə, onlar eyni dərəcədə hər iki xalqın nümayəndələrinin haqlarını pozacaqlar və bu da təbii ki, həmin xalqların yaxınlaşmasına səbəb olacaq.
Əlbəttə ki, DQ-ın Azərbaycanın tərkibinə muxtariyyət kimi qaytarılması haqqında müqavilənin bir çox şərtləri və bəndləri danışıqların predmeti ola bilər. Amma məsələ heç də regionun gələcək quruluşunun modelində deyil. Məsələ hər iki tərəfin siyasi elitalarının iradə və istəklərinin olmamasında və cəmiyyətin birgə dinc həyata hazır olmamasındadır. Bunu isə ancaq iki ölkənin davamlı demokratikləşdirilməsi dəyişə bilər. Münaqişələr avtokratiyalara lazımdır. Demokratiyalar bir-biri ilə vuruşmur.