Dağlıq Qarabağ: “yeni” və “köhnə” qaçqınları nə gözləyir?
Azərbaycan və Ermənistan arasında 2020-ci il sentyabrın 27-də başlayan ikinci Qarabağ müharibəsi noyabrın 10-da atəşkəs imzalanması ilə sona çatıb. Razılaşma şərtlərinə əsasən, Ermənistan qüvvələrinin nəzarətində olan ərazilərin böyük hissəsi Azərbaycanın nəzarəti altına keçib.
1988-1994-cü illərdə Dağlıq Qarabağ ətrafında birinci münaqişə zamanı hər iki tərəfdən yüz minlərlə insan qaçqın düşüb. İkinci münaqişə də yeni qaçqınların yaranmasına səbəb olub – bu dəfə ermənilər Dağlıq Qarabağ və ətraf rayonlardan köçməli olublar.
Eyni zamanda “köhnə” azərbaycanlı köçkünlər doğma şəhərləri və kəndləri Bakının nəzarəti altına keçsə də, hələ yaxın zamanda evlərinə qayıda bilməyəcəklər.
JAMnews-un Yerevan və Bakıdakı müxbirləri “yeni” və “köhnə” qaçqınlarla görüşüblər ki, yaşantılarını və müharibənin onların həyatına necə təsir etdiyini öyrənsinlər.
Qayıtmağa hələ çox var
Sevgi İsmayılbəyli, Bakı
Bakının məlumatına əsasən, birinci Qarabağ müharibəsi zamanı regionu 600 mindən 700 minə qədər azərbaycanlı tərk edib. Ötən əsrin 80-ci illərinin sonlarına qədər Ermənistan ərazisində yaşayan təxminən 300 min azərbaycanlı qaçqın olub.
JAMnews-un müxbiri birinci Qarabağ müharibəsi zamanı məcburi köçkün olmuş və 30 ilə yaxındır ki, doğma yerləndən uzaqda yaşamağa məcbur olan insanlarla görüşüb.
“Xalqların bir-birinə qarşı bu düşmənçiliyi haradandır”
Məmmədhəsən Həsənov münaqişə zonasında minalardan ziyan çəkən insanlara yardım göstərən ictimai təşkilata rəhbərlik edir.
O, əslən 2020-ci il oktyabrın 17-də Azərbyacanın silahlı qüvvələri tərəfindən azad edilən Füzuli rayonundandır.
Məmmədhəsən Həsənov birinci Qarabağ müharibəsində baş verən hadisələri xatırlayır və sovet ordusunda xidmətdən qayıdandan sonra doğma vətənində müharibə başladığını gördüyü haqda danışır.
“Heç vaxt düşünə bilməzdim ki, xalqlar, sovet insanları bir-birinə qarşı bu qədər düşmənlik bəsləyə bilər. O zaman bizim kəndimizin sakinləri düşmən ordunun hücumundan medafiə olunmaq üçün səngərlər qazmışdılar. Əmim və doğma qardaşım da işğalçılara qarşı döyüşməyə getmişdi, amma bizim silahımız yox idi. On nəfərə bir silah vardı, rayonun milis idarəsindən verilmişdi”, – o deyir.
O zaman münaqişənin əvvəlində Azərbaycanda sovet qoşunları vardı, komendant saatı qüvvədə idi. Məmmədhəsən onları erməni tərəfinə yardımda günahlandırır:
“Rus qoşunları gündüz bizim yanımızda olardı, bizi dinləyərdi. Axşam yenə də öz xislətlərinə dönər və ermənilərlə yeyib-içərdilər. Zəif yerlərimizi müzakirə edib, həmin kəndlərə ya od vururdular, ya da hər hansı bir zərər yetirirdilər ki, münaqişəni alovlandırsınlar”.
Birinci müharibəni xatırlayan zaman Həsənov yerli sakinlərdən müdafiə dəstəsinin yaradılmasına bilavasitə rəhbərlik edən komandiri Mobil Yusifovu hörmətlə anır:
“2016-cı ildə vəfat edib. Kaş o bu günləri görəydi… Əsgərlərinə qarşı çox qayğıkeş idi. Biz dörd qardaş idik. Həmişə deyərdi ki, dördünüz də birlikdə irəli getməyin”.
Məmmədhəsən Həsənov doğma Füzuliyə qayıdacağı günü səbrsizliklə gözləyir. Amma o günlərə hələ çox var.
“30 ildir doğmalarımın qəbrini görməyi arzulayıram”
Dilrubə Behbudova birinci müharibə zamanı Ağdam rayonundakı doğma evini tərk edib. Bu rayon atəşkəs haqda üçtərəfli razılaşmaya əsasən 2020-ci il noyabrın 20-də faktiki olaraq döyüşsüz Azərbaycan tərəfinə təhvil verilib.
Behbudova birinci Qarabağ müharibəsi zamanıancaq evini yox, oğlunu da itirib.
Hələ 1988-ci ildə Qarabağda ermənilərlə azərbaycanlılar arasında münaqişənin başlamasını xatırlayır. Onun sözlərinə görə, ermənilər tərəfindən təhqir halları olurdu, “avtobusları yarıyolda saxlayıb, camaatı yolun qalanını piyada getməyə məcbur edirdilər”.
“Oğlum – Abbas Behbudov Behbud oğlu 1991-ci ildə Azərbaycan ilk dəfə yaradılan daxili qoşunlarının çağırışçısı oldu. Müharibə bir az davam etdikdən sonra onları Zəngilana apardılar. Bir dəfə yanına getdik. Dedilər ki, sərhəd bölgəsində erməni ilə üzbəüz döyüşür. Görə bilmədik. 1992-ci ilin dekabr ayında Zəngilan rayonunun Qazançı kəndi alındı. Alınandan sonra getdik oğlumu axtarmağa. Abbas yox idi. Nə qədər axtardıqsa da, tapa bilmədik. Xəbərimiz olmadı öldümü, qaldımı…”, – Dilrubə Behbudova danışır.
O, Zəngilan azad edilən zaman keçirdiyi hissləri anladarkən gözyaşlarına hakim ola bilmir:
“Zəngilan, ya Ağdam fərq etməz. Bütün Qarabağ bizim doğma torpaqlarımızdır. Bizim dədə-baba yurdumuzdur. Mən ata-babamın qəbrini ziyarət etmək istəyirəm. Amma gedə bilmirəm. 30 ilə yaxın müddətdə bu torpaqları işğaldan azad etmək çox böyük uğurdur. Mən qürur hissi keçirirəm”.
Dilrubə Behbudova fəxrlə kişi qohumlarının demək olar ki, hamısının könüllü olaraq Azərbaycan ordusu sıralarına yazıldığını və Qarabağın azad edilməsində iştirak etdiklərini deyir.
Ağdama və 28 il əvvəl oğlunu itirdiyi Zəngilan rayonuna qayıdacağı günü gözləyir.
Qayıdış yaxın zamanda mümkün olmayacaq
Azərbaycanda “köhnə” qaçqınlar doğma torpaqlara qayıdacaqları günü hələ uzun müddət gözləməli olacaqlar. Bundan başqa, azad edilmiş rayonların ərazisində yaşayış məntəqələri və infrastruktur demək olar ki tam məhv edilib, minalı sahələr təhlükə yaradır. Hərbi əməliyyatlar bitəndən sonra doğma yerləri ziyarət etmək istəyən bir neçə insan mina partlaması nəticəsində həlak olub.
Azad edilmi. Yaşayış məntəqələrində minalı sahələrin təmizlənməsinə azı üç il sərf olunacaq – Azərbaycanın Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən bildirilib. Yalnız bundan sonra köçkünlərin qayıtması üçün orada genişmiqyaslı inşaat işləri aparılacaq.
Qarabağın tam minalardan təmizlənməsi isə 10 ildən 13 ilə qədər çəkəcək.
Hökumət hələlik köçkünlərin doğma torpaqlarına qayıtması ilə bağlı heç bir proqram təqdim etməyib. Bu isə o deməkdir ki, “köhnə” qaçqınlar belə imkan yaranana qədər illərlə gözləməli olacaqlar.
Hətta qayıtmağa yeri olanlar da qorxur
Armine Martirosyan, Yerevan
“Stepanakertdə həyat olmayacaq”
“Şuşa təhvil verildiyi gün bu saat dua kitabı ilə birlikdə yerə düşdü. Əsirdim, fikirləşirdim ki, İlahi, yəni bu, ola bilər?”, – Armine Qriqoryan mərkəzində Şuşadakı Kazançetsots kilsəsi əks olunmuş divar saatını göstərərək danışır.
Növbəti dəfə onun ailəsi öz doğma evini tərk edib və yad şəhərdə sığınacaq axtarmalı olub.
- İkinci Qarabağ müharibəsinin hərbdən sonrakı qurbanları
- Atəşkəs imzalanandan sonra Azərbaycan və Ermənistan nə əldə edib?
- Müharibə, şoraba və fətir: evlərini tərk edən qarabağlıların həyatı haqda
Ailə ilk dəfə 1988-ci ildə Qarabağ münaqişəsinin əvvəlində Şuşadan Stepanakertə qaçıb. O zaman azərbaycanlılar şəhərdə çoxluğu təşkil edirdilər və erməniləri qovmuşdular. Amma Şuşa 1992-ci ildə erməni qüvvələri tərəfindən ələ keçirildikdən sonra ailə yenidən doğma ocağına qayıdıb. 28 il keçəndən sonra eyni aqibət təkrarlanır. Bu dəfə tale onları Yerevana gətirib çıxarıb:
“Müharibə başladıŞ nəyimiz vardısa, qoyub, getdik. Ev, əmlak… ancaq uşaqları çıxara bildik”.
Armine köklü şuşalıya ərə gedib, deyir ki, ailələrinin tarixi şəhərin tarixi ilə bağlıdır. Ərinin valideynlərinin evi ikinci Qarabağ müharibəsi zamanı bombalanan məşhur Kazançetsots kilsəsinin yanında yerləşir.
Öz evlərini sonradan məlum olduğu kimi qədim erməni məzarlığının yanında tikiblər:
“Heç vaxt unutmaram, həyətdə su donmasın deyə fəhlələr boruları dəyişməyə gəlmişdi. dərin xəndək qazıblar, skelet tapıblar; barmaqlar, kəllə. Fikirləşiblər ki, bu, məzarlığın davamıdır. Sonra 14-cüü əsrə aid məzar daşı tapıblar, 1376-cı il yazılıb daşda – erməni dilində yazılar”.
Azərbaycanın nəzarətinə qayıdan Şuşa şəhəri mühüm strateji əhəmiyyətə sahibdir. Qarabağı Ermənistanla birləşdirən yeganə yol oradan keçir, ermənilər indi həmin yoldan Rusiya sülhməramlılarının müşayiəti ilə gedib-gəlirlər.
İndi altı uşağı olan Armine Yerevanda yaşayır və Qarabağa qayıtmaqdan qorxur:
“Kim gedəcək Qarabağa, çatana qədər infark keçirər. Bu normaldır? Bir-biri ilə müharibə eləmək, sonra da düşmənlə mühasirəyə alıb, yaşayın demək. Mən bilmirəm, bu, nə drəcədə təhlükəsizdir ki, insanlar Stepanakertə qayıdıb”.
Şuşa Stepanakertin üzərində yerləşir, oradan Qarabağın paytaxtı ovuc içindəki kimi görünür. Armine 1990-cı illərdə birinci Qarabağ müharibəsi zamanı Şuşadan açılan atəşləri xatırlayır. O vaxt qadın çoxlu qohumunu, dostlarını və tanışlarını itirib:
“Neçə il Stepanakert ağır vəziyyətdə idi. Başımızın üstündə daha nələr etmirdilər. Gecə-gündüz “Qrad” mərmiləri başımıza tökülürdü. Xalamın ailəsini mərmi divarlara yapışdırıb. Ancaq hamamda, kolonkanın arxasında gizlətdikləri bir uşağı xilas etmək mümkün olmuşdu. Necə şok yaşamışdıq. Bir yox, iki yox, üç yox. İndi bizi eyni vəziyyətə qaytarıblarŞuşada azərbaycanlılar olsa, Stepanakertdə həyat olmayacaq”.
“Hadrut paxlavası” Yerevanda
Strateji əhəmiyyəti olan Hadrut şəhəri də Azərbaycanın nəzarəti altına keçib. Məhz oradan Azərbaycan qoşunları Şuşaya gedib çata bilib.
Alyona Avetisyan, üç uşağı və ərinin valideynləri sentyabrın 27-də artilleriya mərmisi həyətlərinə düşüb, evlərini zədələyəndən sonra Hadrutu tərk ediblər.
“Saat 7:15 idi, hər şey başlayanda hələ yatmışdıq. Artilleriya atəş açırdı, dronlar uçurdu. Uşaqlar ağlamağa başladılar, biz çıxdıq, orada qalmağın artıq mənası yox idi”.
Ailə əvvəlcə Hadrutla qonşuluqda təpədə yerləşən kəndə gediblər, buranın atəşə tutulmayacağı ümidilə. Sonra oradan da köçməli olublar – artıq Ermənistanın Qoris şəhərinə. Yenə də evlərinə qayıdacaqları ümidi ilə. Amma bir daha köçməli olublar – bu dəfə Yerevana. Burada onlar kirayə ev tutublar.
Alyona birinci Qarabağ müharibəsini xatırlayır. Mühatribə başlayanda onun yeddi yaşı vardı.
“90-cı illərdə də Hadrut atəşə tutulurdu, amma biz orada yaşamağa davam edirdik. Məktəbə gedirdik, valideynlərim işə gedirdi, yaşayırdıq özümüz üçün, şəhər heç vaxt azərbaycanlıların əlinə keçməmişdi. Bu dəfə başqa müharibə oldu. Qalmaq mümkün deyildi”, – Alyona deyir.
Hadrutla bağlı azərbaycanlıların internetdə yerləşdirdiyi videolara dəhşətlə baxır:
“Bu videolara baxırıq, şəhər nəyə çevrilib. Hadrut indi dəhşətli vəziyyətdədir, hər şey dağılıb, evlər, binalar yandırılıb, dəhşətli vəziyyətdir. Bu şəhər heç vaxt azərbaycanlıların olmayıb və təsəvvür eləmirəm ki, azərbaycanlıların ola bilər”.
Alyonanın ailəsi Hadrutda evini, biznesini qoyub. Onların mağazaları, kafeləri olub. Yerevanda onlar sıfırdan başlamaq məcburiyyətindədirlər. Qazanmaq və ailənin qayğılarını yüngülləşdirmək, kədərli fikirlərdən uzaqlaşmaq üçün Alyona öz kiçik biznesini qurmaq qərarına gəlib. O, Hadrut resepti ilə paxlava bişirir və internet vasitəsilə satır. “Hadrut öaxlavası” Yerevanda artıq tanınan brenddir.
“Hadrutlular xaraktercə möhkəmdirlər və biz yenə ümidimizi itirmirik ki, öz doğma şəhərimizə qayıda biləcəyik”, – o deyir.
Qaçqınlar və dövlət
Qarabağda müharibə dövründə 90 minə yaxın insan evini tərk edib. Üçtərəfli razılaşma imzalanandan sonra, rəsmi məlumata əsasən, onlardan təxminən 30 min nəfəri artıq geri qayıdıb.
Ermənistan hakimiyyəti qaçqınlara 300 min dram həcmində [600 dollara yaxın] birdəfəlik yardım ödəyir.
Onlara ev axtarışında da kömək edirlər. Hökumət hərbi əməliyyatlar zamanı Ermənistana köçən hər bir Qarabağ sakininı hər ay 68 min dram [140 dollara yaxın] ayırıb. Əlavə olaraq Ermənistanda öz əmlakı olmayanlara 15 min dram [30 dollara yaxın] vəsait ödəniləcək.
Bu indanların yaşayış yeri məsələsini dövlət bir neçə il ərzində həll etməlidir, buna qədər isə onların kirayə haqları qarşılanacaq.
“Ermənistan yaxın bir neçə il ərzində geri qayıda bilməyəcək qarabağlılar və Rusiya sülhməramlılarının zəmanəti altında (yüz faizlik olmasa da) evlərinə qayıda biləcək qruplar üçün proqramları bir-birindən ayırmalıdır. İndi və yazın zamanda qayıda bilməyənlər şəxsi evlərlə yox, sosial mənzillərlə təmin olunmalıdırlar. Ssonrakı inkişaf erməni xalqının ruh birliyindən asılı olacaq”, – Ermənistanın birinci ombudsmeni, hüquq müdafiəçisi Larisa Alaverdyan hesab edir.
Maliyyə və maddi dəstəkdən başqa, onun fikrincə, Ermənistan və Qarabağ hakimiyyəti qaçqınlar məsələsini beylənxalq strukturlarda fəal şəkildə qaldırmalıdır.
“Artsax və Ermənistan bütün beynəlxalq instansiyalara, birinci növbədə isə siyasi strukturlara müraciət etməlidir, bu problemi danışmalı, bu ailələrin çoxunun ikinci, üçüncü dəfə öz yaşayış yerlərindən qovulduğunu konkretləşdirməlidir. Beynəlxalq təşkilatlar öz üzərinə humanitar fəlakət həddində olan minlərlə ailəni dəstəkləmək öhdəliyi götürməlidir”, – Larisa Alaverdyan hesab edir.
“Mediaşəbəkənin” dəstəyilə