Qarabağ: “Mənim həyatımda hər şey müharibə vaxtı yox, atəşkəsdən bir həftə sonra dəyişdi”
Bu hekayə ikinci Qarabağ müharibəsindən sonra Qarabağdan köçkün düşən ermənilərin danışdıqları çoxlu hekayədən biridir. Karine Melkonyanın ailəsindəki dörd uşaq onların Qarabağda Vazgenaşen kəndindəki [Ağdam rayonunda yerləşən bu kənd Azərbaycanda Gülablı adlanır – “Trayektoriya”] evlərində doğulub.
Amma 2020-ci ilin payızında hərbi əməliyyatlar dayanandan sonra noyabrın 10-da Moskvada imzalanan üçtərəfli (Ermənistan, Azərbaycan, Rusiya) razılaşmaya əsasən, kənd digər ərazilərlə birlikdə Azərbaycanın nəzarəti altına qaytarılıb.
Bundan sonra bu ailə digərləri ilə birlikdə evini tərk edib və Ermənistana köçüb. Karine Gümri şəhərində o və ailəsinin yeni həyata başladığı haqda danışır.
“Mən özüm əslən Gümridənəm, amma həyatımın böyük hissəsini Ağdam rayonunun Abdal Gülablı kəndində yaşamışam. Vazgenaşendə bizim evimizdə bizdən əvvəl azərbaycanlılar yaşayıb. Evin qarşısında namaz otağı vardı, amma biz o yeri bağlamışıq və heç vaxt ora girməmişik”.
Rəsmi məlumata əsasən, 1991-1994-cü illərdə Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində və ətraf Azərbaycan rayonlarında ermənilərlə azərbaycanlılar arasında gedən silahlı münaqişə nəticəsində milyon nəfərə qədər etnik azərbaycanlı məcburi köçkün / qaçqın vəziyyətinə düşüb.
“Vazgenaşen kiçik qəsəbədir, orada cəmi bir neçə ailə yaşayırdı. Bizdə içməli su yox idi, hər gün qonşu kənddən su gətirilirdi. Belə şəraitində uşaq böyütmək çox çətin idi.
Mənim dörd uşağım var: oğlanlar 24 və 11 yaşlarındadır, bir də doqquz yaşlı əkiz qızlarım.
Qızlarımın nitq problemi var, onlar hlə də normal danışa bilmirlər. Kənddə kömək istəyə biləcəyimiz mütəxəssis yox idi. İcmada məktəb vardı, amma nitq problemlərinə görə onlar məktəbə getmirdilər.
Müharibənin bizim üçün nəticələri ağır oldu. 2020-ci il noyabrın 18-də, atəşkəsdən təxminən bir həftə sonra bizim həyatımız tamam dəyişdi. Vazgenaşen Azərbaycana qaytarıldı. Biz kəndi tərk edən son ailə olduq.
Artıq dörd aydır ki, biz Ermənistanda, Gümridə yataqxanada yaşayırıq. Burada bizə yaxşı münasibət göstərirlər, pulsuz otaq veriblər, qida ilə təmin edirlər, kommunal şərait var.
Biz çox minnətdarıq, amma eyni zamanda özümüzü çox pis hiss edirik. Bizə Gümridə bütün rahatlıq təmin edilsə də, şəhərdə hələ də 1988-ci il zəlzələsindən 33 il sonra evsiz qalan və qeyri-insani şəraitdə yaşayan insanları görürük.Bu haqda düşünmək ağırdır.
Evimiz üçün darıxırıq. Uşaqlar tez-tez soruşurlar ki, evimizə nə vaxt gedəcəyik. Onlar bilmirlər ki, biz heç vaxt oraya qayıtmayacağıq. Bunu onlara demək çətindir.
Biz Gümridə qalmaq qərarına gəldik. Burada daha təhlükəsizdir. Mən uşaqlarımın gələcəyini düşünürəm, burada isə onlar təhsil alırlar, yaşıdları ilə ünsiyyət qururlar. Qızlarım Larisa və Araksi loqopedlə məşğul olurlar və göz qabağında sağalırlar.
Bizim orada edə bilmədiyimiz, imkanımız olmayan şeylər buradadır. Bu, bizim yeni həyata başlamaq şansımızdır.
Qayınanam Larisa deyir ki, Artsaxa [tanınmamış Dağlıq Qarabağ Respublikası – “Trayektoriya”] qayıtmaq istəyir, amma bizsiz getməz. O, bütün günü corab toxuyur, özünü nə iləsə məşğul edir ki, ağır düşüncələrdən uzaqlaşsın. Toxuma onun üçün sadəcə hobbi və ya faydalı məşğuliyyət deyil, bu, ona rahatlaşmağa və reallıqdan diqqətini yayındırmağa kömək edir.
İndi mən ancaq uşaqlarımın gələcəyi, təhsili, Ermənistanda bizim üçün açılan və artıq əlimizin çatdığı bütün imkanlar haqda düşünürəm. Əlbəttə, müharibə bu həyatda başımıza gələ biləcək ən pis şey idi. Amma nə etmək olar? Həayt davam edir. Biz yaşamaq və yaxşı yaşamaq qərarına gəlmişik”.