“Qarabağ” – “Düdelanj” oyununda təxribat: bayraq sallayan dron, iğtişaş və beynəlxalq qalmaqal
Azərbaycanın “Qarabağ” futbol klubu ilə Lüksenburqun “Düdelanj” komandası arasında baş tutan oyunda yaşanan olay qalmaqalla nəticələnib: meydança üzərində tanınmamış Dağlıq Qarabağ Respublikasının bayrağını sallayan dron görünüb.
• Gənc azərbaycanlılar Qarabağ haqda danışır
• Ermənistanda suvenir bazarının siyasiləşməsi haqda
• Həyatını yenidən başlamağa müvəffəq olan azərbaycanlı Qarabağ köçkünlərinin hekayələri
Oyun 25 dəqiqə ərzində dayandırılıb. Bu müddətdə kimsə meydançanın avtomobil dayanacağında iğtişaş törədib.
Oyun “Qarabağ”ın qələbəsi ilə nəticələnib, sosial şəbəkələr isə hələ də bu mövzu ilə çalxalanır.
Təxribata görə məsuliyyəti etrməni ultras azarkeşlər (ən qatı azarkeşləri belə adlandırırlar) öz üzərinə götürüb.
Meydança üzərində dron
Oktyabrın 3-də Lüksenburqun Jozi Bartel stadionunda “Qarabağ” “Düdelanj” klubu ilə oynayıb.
Oyunun 30-cu dəqiqəsində hesab “Qarabağ”ın xeyrinə 2:0 ikən meydança üzərində tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) bayrağının sallandığı dron görünüb.
Meydançada qarışıqlıq yaranıb. “Qarabağ” komandasının müdafiəçilərindən biri dronu topla vurub salmağa çalışıb, qəzəblənmiş azərbaycanlı azarkeşlər isə meydançaya can atıblar. Onlardan ikisi həbs olunub.
Oyun dayandırılıb, dron uçub gedib, Lüksenburqun idman naziri hər kəsin qarşısında üzr istəyib və bildirib ki, ölkəsinin bu təxribatla heç bir əlaqəsi yoxdur.
Məcburi fasilə zamanı stadionun avtomobil dayanacağında kimlərsə iğtişaş törədib və bir neçə maşına xətər yetirib.
Məlum olub ki, dron stadionun yaxınlığında yerləşən çoxmərtəbəli binanın başından uçurdulub.
Oyun yenidən başlayıb və “Qarabağ” 4:1 hesabı ilə qələbə qazanıb.
Azərbaycandan rəsmi reaksiya
Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının (AFFA) şərhi:
“Baş verən hadisə futbolçuların təhlükəsizliyini şübhə altına qoyur və biz ümid edirik ki, gələcəkdə bu cür hadisələrin qarşısının alınması üçün tədbirlər görüləcək. Biz əminik ki, UEFA araşdırma aparacaq və müvafiq qərar qəbul edəcək. “Qarabağ”ın futbolçularına peşəkar davranışlarına və hisslərinə nəzarət etdiklərinə görə təşəkkür etmək istəyirik”.
Həmçinin AFFA xatırladıb ki, “Qarabağ” hazırda böyük hissəsi Ermənistanın işğalı altında olan Ağdamın klubudur.
Azərbaycanın Xarici İşlər Nazirliyinin şərhi:
“Akkreditasiyalı səfirimizə tapşırılıb ki, Lüksenburqun Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasın və əmin olsun ki, təxribatda günahkar olanlar tapılacaq və müvafiq məsuliyyətə cəlb olunacaqlar”.
Azərbaycan sosial şəbəkələrində reaksiya
Azərbaycan sosial şəbəkələri qəzəbli reaksiyalarla çalxalanır.
Çoxları hesab edir ki, baş verənlər təşkilatçıların günahıdır və buna görə Lüksenburq “ciddi şəkildə” cəzalandırılmalıdır:
“ “Düdelanj” Avropa Liqasından xaric edilməlidir, ölkə Avropa kuboklarına yaxın buraxılmamalıdır, ya da daha ciddi bir şey. Axı dron bu əskinin əvəzinə daha təhlükəli nəsə gətirə və oyunçuları yaralaya bilərdi”.
“Onlar stadion üzərində HHM quraşdıra bilməzlər axı” – Lüksenburqu günahlandırmağı doğru saymayanlar etiraz edib.
Prinsipcə, ədəb çərçivəsində olan şərhlər bununla məhdudlaşıb. Qalanları erməni azarkeşlərin və ümumilikdə Ermənistanın ünvanına qəzəbli ifadələrdən ibarət olub.
Ermənistan sosial şəbəkələrində reaksiya
Facebook və Telegram sosial şəbəkələrinin Ermənistan seqmentində də olay müzakirə mövzusuna çevrilib.
Sosial şəbəkə istifadəçiləri iki cəbhəyə bölünüb. Bir qism bu addımı özünü xatırlatmaq üçün çox parlaq və uğurlu vasitə adlandırıb. Digərləri isə əksinə, bunu yersiz hoqqa hesab edib.
Bəzi şərhlər:
“Afərin bizim uşaqlara!”
“Tam bir vakxanaliya. Oyun dayandırılıb. Ekranlarının arxasında və tribunalarda oturan ermənilər gözəl əhvalla bütün bunları izləyirlər”.
“Əgər bunlar bir bayraqdan belə qaçırlarsa, Qarabağı necə “azad edəcəklər”? Orda hər yanda bayraqlar asılıb axı”.
“Nəticədə, böyük ehtimalla, Ermənistanın Futbol Federasiyası iri məbləğdə cərimə ödəməli olacaq”.
“Üzərində Ermənistanın parçalanması və müsəmləkələşməsinin rəmzi əks olunan bir parça bezlə fəxr eləmək lazım deyil. Dronla bayraq buraxmaq istəyirdilərsə, Ermənistanın bayrağını götürərdilər.
P.S. Elə həmin gün sərhəddə gənc və cüssəli oğlan həlak oldu. Bizim oğlan!”.
Ermənistandan hadisə ilə bağlı rəsmi açıqlama gəlməyib.