Qarabağ: Azərbaycan ordusu Şuşa qalasına yaxınlaşıb
Qarabağ münaqişəsi zonasında döyüşlərin başlamasından ay yarım sonra görünən odur ki, savaş artıq Şuşa şəhərinin bilavasitə yaxınlığında davam edir.
Şuşanı qala-şəhər adlandırırlar – dağın yüksəkliyində yerləşdiyi və ələ keçirilməsi müşkül olduğu üçün. Oradan Qarabağın paytaxtı Xankəndini və bütün ətraf kəndləri nəzarətdə saxlamaq və atəşə tutmaq da çox rahatdır.
1988-1992-ci illər müharibəsi nəticəsində Qarabağ və yeddi ətraf rayon Ermənistan silahlı qüvvələrinin nəzarətinə keçdiyi zaman 1992-ci ilin mayında Şuşanın erməni dəstələri tərəfindən ələ keçirilməsi onların müharibənin davamında qələbə qazanmaları üçün həlledici olmuşdu.
Azərbaycan və Ermənistan tərəflərinin son iki-üç gündə yaydığı hərbi xəbərlərdə həm də Şuşa yaxınlığında, sıldırım dağların ətəyində yerləşən Daşaltı kəndinin qarşısındakı yol uğrunda döyüşlərin getdiyi haqda da deyilir.
• Qarabağda Türkiyə silahı və 80 jurnalist döyüş zonasında – 2020-ci il 5 noyabrın icmalı
• Azərbaycanda burgerlər, pizza və şampunlar boykot edilir: hər şey nədən başlayıb?
Bildirilir ki, Azərbaycan ordusu şəhəri və Ermənistan rəhbçilərinin şəhər ətrafındakı müdafiə mövqelərini minaatanlardan atəşə tutur. Ermənistan tərəfi Azərbaycanın diversiya qruplarının şəhərə daxil olmaq cəhdlərinin qarşısının alınması haqda məlumat verir.
Bu yol “Laçın dəhlizi” adı ilə tanınır və 1990-cı illərin əvvəlində yaşanan “birinci Qarabağ müharibəsi” zamanından onu Qarabağ üçün “həyat yolu” adlandırırlar. Əgər Azərbaycan qüvvələri bu yolu bağlaya bilsələr və dağlara doğru irəliləsələr Ermənistandan Qarabağa əsas yol kəsiləcək.
Marşrut Ermənistanın cənubundakı Qoris şəhərindən düz Şuşanın cənub-qərb girişinə qədər uzanır.
Digər yeganə yol Şuşanın şimalından paytaxt Xankəndiyə gedir.
Qarabağda döyüşən Ermənistan hərbçiləri “Laçın” dəhlizini itirəcəkləri təqdirdə Ermənistanla ancaq bir quru yolu qalır – Murovdağ yüksəkliyindən keçən şimal marşrutu.
Ay yarımlıq döyüşlərin nəticələri
1994-cü ildə atəşkəs imzalanandan və Qarabağ münaqişəsinin hərbi fazasının bitməsindən sonra tərəflərin ayrılması xətti müəyyən edildi və nəinki Azırbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də yeddi ətraf rayon da Ermənistan silahlı qüvvələrinin nəzarətində qaldı.
Sentyabrın 27-də başlayan döyüşlərin 40 günü ərzində Azərbaycan ordusu həmin təmas xəttindən xeyli irəli keçə bilib.
Hazırda Azərbaycan fəal şəkidə Türkiyə, İsrail və öz istehsalı olan dronlardan istifadə edir, Füzuli şəhəri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının 130-dan çox yaşayış məntəqəsini nəzarət altına götürüb.
Hazırda bu rayonların beşinin ümumilikdə dörddə birindən çoxunun Azərbaycan tərəfinin nəzarəti altında olduğu kimi görünür – Azərbaycanın İranla cənub sərhədindən Ermənistanla qərb sərhədinə qədər.
1992-ci il Şuşa uğrunda döyüşlərin tarixi
İndiyə qədər də 1992-ci il mayın 9-da qala şəhərin Ermənistan tərəfindən necə ələ keçirilməsi haqda Azərbaycan və Ermənistan ekspertlərinin fikirləri müxtəlifdir.
Həmin hadisələr haqda Ermənistan və Azərbaycan veteranları “Dairənin hissələri” adlı unikal Ermənistan-Azərbaycan müştərək sənədli filmində danışırlar. Bu filmi iki qrup bir neçə il ərzində Britaniyanın Conciliation Resources təşkilatının dəstəyi ilə çəkiblər.
Film 2020-ci ilin yazında onlayn versiyada yayılıb və onu buradan izləmək mümkündür.
Şuşa uğrunda döyüşən azərbaycanlı veteranlar deyirlər ki, 1992-ci il mayın 8-də axşam onların komandirləri geri çəkilmək əmri veriblər – yerdəyişmə edib, dəstəklə qayıdıb, şəhəri geri almaq üçün.
Eyni döyüşlərin iştirakçısı olan erməni veteranlar deyirlər ki, onlar üçün şəhər üzərində nəzarəti əldə etmək “yaşam və ya ölüm məsələsi” idi – çünki Azərbaycan artilleriyası oradan yuxarıdan onların Xankəndidəki mövqelərini rahatlıqla məhv edirdi.
Erməni komandirlərdən biri Arkadi Karapetyan “Dairənin hissələri” filmində danışır ki, onlar hələ gün batmamış şəhərin hücumunu dayandırıblar, çünki onların sursatları qurtarıb. Amma elə həmin gecə Azərbaycan hərbçiləri şəhəri tərk edib.
“Biz onların getməsini izləyirdik – 9-u [9 may] səhər isə döyüşsüz Şuşanı aldıq”, – Karapetyan danışır.
RFL/RL Azərbaycan xidməti son ana qədər Şuşada olan əsgərlərdən birinin şərhini dərc edib. Mustafa Hacıbəyli deyib ki, “Azərbaycan hərbçiləri həmin dərsi yaxşı öyrənib və eyni səhvləri artıq etməyəcəklər”.
“İlk növbədə Azərbaycan ordusu indi döyüş zonasını dronlar və təyyarələrlə nəzarətdə saxlayır. İkincisi, düzməni böyük toqquşmalarsız şəhərləri təhvil verməyə məcbur edən taktikadan istifadə edir. Fizulidə və Cəbrayılda belə oldu”, – Hacıbəyli deyib.