2020-ci il 9-10 oktyabrda Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşündə Dağlıq Qarabağda hərbi əməliyyatlar zonasında atəşkəs və sülh danışıqlarının əvvəlki formatda davam etdirilməsi haqda razılaşma əldə edilib.
Ceyhun Bayramov, Zohrab Mnatsakanyan və Sergey Lavrov tam qapalı fotmatda 11 saata yaxın danışıq aparıblar və oktyabrın 10-da səhər saat 3-də nail olunan qərar haqda bəyan ediblər. Bu, son 20 ildə baş tutan ən uzun məsləhətləşmələrdir.
Sentyabrın 27-dən etibarən artıq iki həftədir ki, Qarabağda gərgin döyüşlər gedir, hər iki tərəf artilleriyadan, dronlardan, təyyarələrdən və hərbi texnikadan istifadə edir və bir-birini hərbi əməliyyatları başlatmaqda günahlandırırlar.
Qarabağ ətrafında və Azərbaycan-Ermənistan sərhədində hərbi əməliyyatlarla bağlı hər tərəfdən xəbərlər və reportajlar. Döyüşlərin 13-cü günü
Açıqlanmış sənədə əsasən, Azərbaycan və Ermənistan şənbə günü, 10 oktyabr yerli vaxtla saat 12:00-dan (10:00 CET) etibarən humanitar məqsədlərlə Beynəlxalq Xaçın və Qızıl Ayparanın vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və meyitlərin dəyişdirilməsi üçün atəşi dayandıracaqlar.
ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar prosesinin formatının dəyişmədiyi, yəni Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesində tərəf qismində Azərbaycan və Ermənistanın iştirak edəcəyi xüsusilə vurğulanır.
Razılaşmanın tam mətni:
Rusiya Federasiyasının prezidenti V.V.Putinin müraciətinə cavab olaraq və Rusiya Federasiyası prezidenti V.V.Putinin, Azərbaycan Respublikası prezidenti İ.H.Əliyevin və Ermənistan Respublikasının baş naziri N.V.Paşinyanın razılaşmasına müvafiq olaraq tərəflər aşağıdakı addımlarla bağlı razılığa gəliblər:
2020-ci ilin 10 oktyabr tarixi, saat 12.00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;
Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;
Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.