Qar Bakıya yaraşmır, yoxsa Bakı qara?
Doqquz ildən sonra Bakı qar əsarətinə düşüb. Qar qəfil yağmayıb: hava şəraitinin pisləşəcəyi haqda bir neçə gün əvvəldən xəbərdarlıq edilmişdi. Amma şəhər hakimiyyəti bu cür kəskin hava dəyişikliyinə yenə də hazır olmayıb. Bakılılar sosial şəbəkələrdə qarın Bakıya niyə yaraşmadığı haqda yazıblar.
- Tbilisidə qar: iflic olmuş hərəkət və yollarda qalan maşınlar. Foto/video
- Azərbaycanda qızlar arasında intihar dalğası: səbəb nədir?
Fevralın 24-ü gecə Azərbaycan paytaxtında və ölkənin bir çox regionlarında qar yağıb. Bakıda termometr gündüz saatlarında mənfi dörd göstərib. Sonuncu dəfə burada bu cür hava şəraiti 2012-ci ilin əvvəlində yaşanıb.
İctimai nəqliyyat iflic olub
Bakıda koronavirus pandemiyasına görə 2020-ci ilin oktyabrından ən populyar ictimai nəqliyyat növü olan metro bağlıdır. Amma qar yağandan sonra avtobusların da hərəkətində problem yaranıb. Hərəkət intervalı kəskin artıb, yollarda sürət saatda 5-10 kilometrə qədər düşüb.
Bakı sakinlərinin çoxu işə və evə piyada gedib-gəlməli olub.
Onlarla insan xəstəxanaya düşüb
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına əsasən, Bakıda fevralın 24-də ancaq səhər saatlarında yıxılma nəticəsində 27 nəfər bədən xəsarəti alıb. Sumqayıtda da 20 nəfərdən çox insan müxtəlif travmalarla xəstəxanalara çatdırılıb.
Bakı yaxınlığında səhər saatlarında baş verən kütləvi avtomobil qəzası nəticəsində bir nəfər həlak olub.
Çərşənbə günü günortaya yaxın Azərbaycan paytaxtında 25 qəza qeydə alınıb.
Bakıya qar niyə yaraşmır?
Sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri 24 fevral səhər saatlarından şəhər hakimiyyətinin yağan qarın öhdəsindən gələ bilmədiyindən şikayətlənirlər.
Bir neçə xarakterik şərh:
“Yaraşmır da zorla deyil ki. Zatən Bakı yaşanılası yer deyil, qar-şaxta olanda isə şəhər iflic olur, bütün problemlər üzə çıxır, xalq tərəfdən seçilən “yiyəsi” olmadığı dərhal bilinir. Sadəcə leqal-qeyri leqal bütün iqtisadi fürsətlər Bakıda cəmləşib deyə insanlar burada yaşamağa məcburdurlar. Abşeronda neft olmasaydı, Bakı nə böyük şəhər, nə də paytaxt olmazdı… “Zorla deyil ki, Bakıya bu yaraşmır”, – müxalif Respublikaçı Alternativ Partiyasının liderlərindən biri Natiq Cəfərli Facebook səhifəsində paylaşıb.
“Heç olmasa, “Bakı qara yaraşmır” yazın. Qar hər yerə yaraşır, Bakı qara yaraşmırsa, bu, qarın problemi deyil, qarınlı məmurların problemidir”, – jurnalis Rəşad Ergün yazıb.
Amma bütün bu problemlərə baxmayaraq, gənclərBakı üçün son illər nadir hadisə olan qarın ləzzətini çıxarmaq üçün şəhərə çıxıblar.