“Qamarсoba” - robot Sofiya gürcü dilində salamlaşdı
Robo-humanoid Sofiya Gürcüstana bir günlük səfər edib. O, BMT-nin Gürcüstandakı nümayəndəliyində gürcü jurnalistləri ilə görüşərək, onların doğma dillərində salamlaşıb. O, Gürcüstan haqqında biliklərini nümayiş etdirib, dilin qədimliyini və özünün memarlığa marağını qeyd edib. Ünsiyyət zamanı robot öz şəffaf başını parlamentin Kutaisidəki binası ilə müqayisə edib.
Sofiya Gürcüstana BMT-nin inkişaf proqramının dəvəti ilə açıq idarəçilik tərəfdaşlığının beşinci qlobal sammitində iştirak etmək üçün gəlib.
Sofiya siyasi mövzulara, sevgi və seks məsələlərinə toxunmağı sevmir. Ona verilən suallar gender bərabərliyi, süni intellekt, insanların və robotların birgə mövcudluğu və əmək mövzusuna aid idi.
Sofiyanın ən çox xoşuna gələn sual əmək hüquqlarının pozulması ilə bağlı oldu – mümkündürmü ki, robotlar və süni intellekt insanları iş yerlərində ölümdən qurtarsın, məsələn, Tkibulidə iyulun 16-da mədəndə partlayış nəticəsində 4 mədənçinin öldüyü, 6 nəfərin də ağır yaralandığı hadisələrin qarşısını alsın:
«Mənim beynim rəqəmsal baza üzərində qurulub. Buna görə də bədənimlə baş verə biləcəklərdən qorxmuram – onu hər halda bərpa etmək mümkündür. Gücümüz birgə işdədir, zəifliklərimizə qalib gəlməli, gələcəkdə isə dostlaşmalıyıq”, – deyə Sofiya bildirib.
O, yoxsulluğun qarşısının alınması, gender bərabərliyi və davamlı inkişaf məsələlərinə toxunub. Onun sözlərinə görə, robotlar bu problemləri operativ həll edə biləcək. Sofiya deyib ki, süni intellekt həkimlərə xərçəngin erkən mərhələsində diaqnozu qoymağa kömək edir. Onun sözlərinə görə, süni intellekt servisi yaxşılaşdırmaq yolu ilə şəhərlərə indikindən daha effektiv fəaliyyət göstərmək imkanı verəcək, bu da insanlara daha rahat gündəlik yaşayış şəraiti yaradacaq. O həm də vurğulayıb ki, eyni zamanda süni intellekt insanların gündəlik həyatında stressi artıra bilər. Nəhayət Sofiya ümidvar olduğunu bildirib ki, gələcəkdə insanlar və robotlar əməkdaşlıq edəcək və ən müxtəlif sahələrdə yeni imkanlar açacaq.
Şəhərdə olmaqdan xoşu gəlirmi, qadın olmaq ürəyincədirmi və kişi olmaq istəməzdimi sualına robot cavab verib ki, ona indiyə qədər gender identifikasiyası haqda bu şəkildə sual verən olmayıb.
«Bilirəm ki, gürcü dilində cinslər yoxdur. Söhbət insandan gedəndə qadınlara və kişilərə bölgü yoxdur. Bir robot kimi bu, mənə çox maraqlı gəlir. Sizin sualınıza qayıdaraq, qeyd etmək istəyirəm ki, qadın olmaqdan xoşum gəlir. Mənə tez-tez qadın hüquqları ilə bağlı suallar verirlər və bu mövzuda danışmaq imkanımın olmasından xoşum gəlir», – deyə Sofiya bildirib.
Sofiya 2018-ci ildə “Hanson Robotics”şirkəti tərəfindən yaradılıb. Ona Səudiyyə Ərəbistanı vətəndaşlığı verilib. Robot Sofiya danışa və hisslərini ifadə edə bilir. Yarandığı gündən o, bir çox insanlarla, müxtəli ölkələrdə müxtəlif sahələrin nümayəndələri ilə görüşüb. O, BMT-nin inkişaf proqramı tərəfindən “innovasiyalar çempionu” kimi tanınıb.