Qərbi Azərbaycan narrativi: "Siyasi alət və işğalçı ritorika"
Qərbi Azərbaycan narrativi
Azərbaycanda son illərdə rəsmi dairələr tərəfindən intensiv şəkildə təbliğ olunan “Qərbi Azərbaycan” narrativi regional siyasətdə və beynəlxalq ictimaiyyətdə müzakirələrə səbəb olur.
Bu anlayışın tarixi kökləri, siyasi məqsədləri və onun regionda sülh prosesinə təsirləri həm Azərbaycan daxilində, həm də xaricdə müxtəlif təhlillərə məruz qalır. Azərbaycanlı tarixçi və hüquq müdafiəçisi Arif Yunus “JAMnews”a danışarkən bu narrativi kəskin tənqid edərək, onun işğalçı ritorika ilə əlaqələndirildiyini deyir. O bunu Azərbaycanın Ermənistanın keçmişdəki səhvlərini təkrarlaması hesab edir.
Bu məqalədə “Qərbi Azərbaycan” narrativinin mənşəyi, siyasi məqsədləri, Ermənistan tərəfinin reaksiyaları və Arif Yunusun bu mövzudakı təhlilləri, o cümlədən Türkiyə ilə bağlı fikirlərinə yer verilib.
Narrativin tarixi və siyasi mənşəyi

Arif Yunus “Qərbi Azərbaycan” terminini Azərbaycanın rəsmi diskursunda nisbətən yeni bir fenomen kimi qiymətləndirir və onun 1990-cı illərə qədər ictimai və akademik müzakirələrdə praktiki olaraq mövcud olmadığını bildirir. O, bu terminə ilk dəfə Heydər Əliyevin hakimiyyəti dövründə, xüsusilə 1996-cı ildə rəsmi şəkildə yer verildiyini və 1998-ci ildə sərəncamla institusionallaşdırıldığını qeyd edir:
“1990-cı illərə qədər “Qərbi Azərbaycan” termini Azərbaycanın siyasi və ictimai diskursunda yox idi. Bu, Heydər Əliyevin siyasi strategiyasının bir hissəsi olaraq ortaya çıxdı və ermənilərin ‘Şərqi Ermənistan’ iddialarına cavab olaraq formalaşdırıldı. Bu, tarixi yaddaşın bərpası deyil, siyasi manipulyasiya alətidir.
Ondan sonra müəyyən təşkilatlar yaranmağa başladı, amma əsasən formal xarakter daşıyırdı. Bir müddət bu mövzu heç bir maraq doğurmurdu. Bu məsələ sadəcə Ermənistan qaçqınları üçün aktual idi. Mənim yadımdadır ki, məsələn, ilk dəfə bu mövzu, yəni İrəvanı geri qaytarmalıyıq fikri, siyasi mövzu kimi İlqar Məmmədov (Respublikaçı Alternativ Partiyasının keçmiş sədri, həmin dövrlər Azərbaycan Milli İstiqlal Partiyasının sərd müavini, Ermənistan azərbaycanlısı – red.) tərəfindən irəli sürüldü.
Yadımdadır, 1999-cu ildə Bakıda Qarabağ mövzusu ilə bağlı bir dəyirmi masa keçirilmişdi. Səhv etmirəmsə, Ayna qəzeti təşkil etmişdi, Zərdüşt Əlizadə, Rauf Mirqədirov, Rasim Musabəyov və digər ekspertlər də iştirak edirdi. Müzakirənin mövzusu beləydi: “Qarabağ münaqişəsini necə həll etmək olar?” Hər kəs müxtəlif təkliflər verirdi, amma İlqar Məmmədov çıxıb dedi ki, biz İrəvanı geri qaytarmalıyıq. Bildirdik ki, gəl, əvvəlcə Qarabağı qaytaraq, onu sonra düşünərik.
Yəni, o dövrdə bu mövzu və onun ətrafında yaranan məsələlər, əsasən, Ermənistanda olan qaçqınların maraq dairəsində idi. Cəmiyyətin geniş kütləsi isə buna maraq göstərmirdi.
Sözün əsl mənasında bu məsələni gündəmə gətirən isə 2018-ci ildə İlham Əliyev oldu. Nə vaxt ki, ona bu lazım oldu, Ramiz Mehdiyev və ya o vaxtkı Naxçıvan klanı ilə siyasi mübarizə aparırdı, bu məsələni qabartdı. O dövrdə Ermənistan qaçqınları da narazı idilər. Çünki Əli İnsanov, İlqar Məmmədov kimi tanınmış Ermənistan azərbaycanlıları həbs olunmuşdu. Onların narazılığı var idi. Nə vaxt ki, İlham Əliyev onların dəstəyinə ehtiyac duydu, o zaman bu mövzunu yenidən gündəmə gətirdi və “İrəvanı geri qaytarmalıyıq” fikrini ortaya atdı.
Yadımdadır ki, Ermənistanda bu məsələyə böyük reaksiya verilmişdi. Mən o vaxt da demişdim ki, söhbət sizdən getmir, sözbət bizdən, yəni, Azərbaycanın daxili işlərindən gedir. Bu, seçkilərlə bağlı idi və İlham Əliyevin həmin vaxt bu insanlara, “Qərbi Azərbaycandan” olanlara, ehtiyacı vardı. Hətta o zaman mən demişdim ki, əgər İlham Əliyev bu mövzunu qaldırıbsa, deməli, yaxın vaxtlarda həm Əli İnsanov, həm də İlqar Məmmədov azadlığa buraxılacaq. Belə də oldu. Onlar o dönəmin liderləri idilər”.
Yunusun fikrincə, bu narrativin yaranması Ermənistanın XX əsrin əvvəllərindən bəri təbliğ etdiyi “Şərqi Ermənistan” və “Böyük Ermənistan” kimi tarixi iddialarına reaksiya kimi də qiymətləndirilə bilər. O, bu narrativi “güzgü obrazı” kimi xarakterizə edərək, Azərbaycanın Ermənistanın keçmişdəki səhvlərini təkrarladığını vurğulayır:
“Biz Ermənistanı təkrar edirik. Onlar “Böyük Ermənistan” və “Qərbi, Şərqi Ermənistan” kimi uydurma tarixi konseptlərlə regionda gərginlik yaratdılar. İndi Azərbaycan eyni səhvi təkrarlayır və bu, işğalçı ritorika kimi qəbul edilir. Belə bir siyasət doğru deyil və olmamalıdır”.
Beynəlxalq araşdırmaçı Thomas de Waal da özünün “Black Garden” kitabında bu məsələyə toxunaraq bildirir ki, Cənubi Qafqazda tarixi narrativlər çox vaxt bir-birinə qarşı “güzgü obrazı” kimi inkişaf edir:
“Azərbaycan və Ermənistan arasında tarixi narrativlər bir-birini təkrarlayan və qarşı tərəfin iddialarına cavab olaraq formalaşan güzgü obrazlarıdır. ‘Qərbi Azərbaycan’ termini də bu kontekstdə erməni narrativlərinə bir cavab kimi görünür”.
Arif Yunus deyir ki, keçmişdə Azərbaycan Prezident Administrasiyasında çalışdığı dövrdə (1990-cı illər) Qarabağ məsələsi ilə bağlı, o cümlədən “soyqırımı” iddiaları və tarixi narrativlərin siyasi alət kimi istifadəsi ilə bağlı müzakirələrin aparıldığını bildirir. Yunus xatırladır ki, o dövrdə bu cür ideyalar əsasən marjinal qruplar tərəfindən dəstəklənirdi, lakin rəsmi dairələrdə tənqid olunurdu.
Yunus bu narrativlərin dövlət tərəfindən maliyyələşdirilərək sistemli şəkildə təbliğ edildiyini vurğulayır. Onun fikrincə, “Qərbi Azərbaycan İcması” kimi təşkilatların yaradılması, dövlət televiziyalarının bu ideologiyanı yayması və rəsmi sənədlərdə bu terminə yer verilməsi narrativin siyasi alətə çevrildiyini göstərir.
Ermənistanın reaksiyaları və paralellər
Ermənistan tərəfi “Qərbi Azərbaycan” narrativini kəskin tənqid edir və onu tarixi saxtalaşdırma və ərazi iddiaları kimi qiymətləndirir. Ermənistan Xarici İşlər Nazirliyinin 2023-cü il bəyanatında bu barədə deyilir:
“Azərbaycanın ‘Qərbi Azərbaycan’ narrativi tarixi saxtalaşdırma cəhdidir və Ermənistanın ərazi bütövlüyünə qarşı açıq təhdiddir. Bu, regionda sülh danışıqlarını zəiflətmək məqsədi daşıyır”.
Erməni tarixçisi və siyasi şərhçi Riçard Giragosiyan da bu narrativi Azərbaycanın revanşist siyasətinin bir hissəsi kimi dəyərləndirir:
“Azərbaycanın ‘Qərbi Azərbaycan’ ritorikası Ermənistanın keçmişdəki ‘Böyük Ermənistan’ iddialarını xatırladır. Bu, tarixi ədalət axtarışından çox, siyasi təzyiq və ərazi iddiaları üçün istifadə olunur. Ermənistan bu səhvlərdən dərs alaraq bu cür narrativlərdən imtina etdi, amma Azərbaycan indi eyni yolu tutur”.
Arif Yunus Ermənistanın son illərdəki siyasətini müsbət qiymətləndirir və baş nazir Nikol Paşinyanın 2022-ci ildən etibarən “Böyük Ermənistan” və “Qərbi Ermənistan” kimi uydurma tarixi narrativlərdən uzaqlaşdığını qeyd edir:
“Paşinyan Ermənistanı tarixi fantaziyalardan xilas etməyə çalışır. O, “Böyük Ermənistan” kimi iddialardan imtina edərək ölkəni real siyasi zəminə qaytarır. Amma Azərbaycan təəssüf ki, əks istiqamətdə gedir və “Qərbi Azərbaycan” narrativi ilə işğalçı ritorikanı gücləndirir”.
Türkiyə ilə bağlantılar
Arif Yunus “Qərbi Azərbaycan” narrativinin Türkiyə ilə əlaqələrini də təhlil edir. O, Azərbaycanın bu narrativi təbliğ edərkən Türkiyənin “neoosmanlı” siyasətindən ilham aldığını və bu ritorikanın Türkiyənin regionda təsirini artırmaq strategiyası ilə uyğunlaşdığını bildirir.
Türkiyənin dəstəyi ilə Azərbaycanın bu narrativi daha geniş regional kontekstdə təbliğ etməsi Ermənistan tərəfindən də narahatlıqla qarşılanır. Erməni təhlilçi Tigran Qrigoryan bu barədə belə deyir:
“Azərbaycanın ‘Qərbi Azərbaycan’ narrativi Türkiyənin regionda təsirini artırmaq strategiyasının bir hissəsi kimi görünür. Bu, sadəcə Azərbaycanın daxili siyasəti ilə məhdudlaşmır, həm də Türkiyənin Ermənistana qarşı təzyiq siyasətini dəstəkləyir”.
Beynəlxalq narahatlıqlar və sülh prosesinə təsirlər
“Qərbi Azərbaycan” narrativinin beynəlxalq ictimaiyyətdə yaratdığı narahatlıqlar onun potensial revanşist və işğalçı təsirləri ilə bağlıdır. Beynəlxalq Böhran Qrupu (International Crisis Group) 2024-cü il hesabatında qeyd edir:
“Azərbaycanın ‘Qərbi Azərbaycan’ narrativi Ermənistanda təhlükəsizlik narahatlıqlarını artırır və sülh danışıqlarını çətinləşdirir. Bu, Ermənistanın ərazi bütövlüyünə dair suallar doğurur və regionda etimadı zəiflədir”.
ABŞ-də yerləşən Atlantik Şurasının eksperti Metyu Brayza da bu narrativin sülh prosesinə zərər verdiyini vurğulayır:
“Azərbaycanın “Qərbi Azərbaycan” ritorikası sülh danışıqlarını zəiflədir və Ermənistanda təhlükəsizlik qorxularını artırır. Bu, regionda sabitliyə xidmət etmək əvəzinə gərginliyi artırır”.
Arif Yunus “Qərbi Azərbaycan” termininin Ermənistanda, eləcə də Avropa və ABŞ-da neqativ reaksiya doğurmasını və Azərbaycanın ittiham olunmasını sorğulayır və deyir ki, burada söhbət nə ermənilərdən, nə də onların hüquqlarından gedir.
“Əgər Azərbaycan rəhbərliyi doğrudan da bu məsələni gündəmə gətirir və bildirirsə ki, vaxtilə Ermənistanda yaşamış azərbaycanlılar öz yurdlarına qayıtmalıdır, bu, yalnız sülh danışıqları çərçivəsində və qarşılıqlı şəkildə həll olunmalıdır.
Çünki tarixən Azərbaycanda – Bakıda, Sumqayıtda, Gəncədə və digər şəhərlərdə ermənilər yaşayıblar. Əgər bu gün onlar həmin ərazilərə gedə bilirlərsə, Ermənistanda da azərbaycanlıların qayıdışı hüquqi və ictimai baxımdan mümkün olmalıdır. Lakin bu, yalnız iki əsas şərt daxilində baş verə bilər: birincisi, tərəflər arasında sülh sazişi imzalanmalı, ikincisi isə proses tam şəkildə könüllülük prinsipi əsasında aparılmalıdır. Necə ki, erməni tərəfi məcburiyyətə qarşı çıxırsa, azərbaycanlıların da yalnız öz iradələri ilə qayıtması vacibdir.
Bəziləri “Qərbi Azərbaycan” məsələsini Zəngəzur dəhlizi ilə əlaqələndirir. Halbuki bu, əslində kommunikasiya məsələsidir. Ermənistan tərəfi dəfələrlə bildirib ki, nəqliyyat yollarının açılmasına qarşı deyil. Sovet dövründə olduğu kimi, bu gün də Cənubi Qafqaz dəmir yolları sistemi çərçivəsində iki marşrut – biri Naxçıvana (Mehri zonası ilə), digəri isə şimaldan, Qazax istiqamətindən – fəaliyyət göstərə bilər. Bu marşrutlar bir-birini tamamlayaraq regionda qarşılıqlı əlaqəni gücləndirə bilər.
Burada əsas məqsəd yolların birtərəfli deyil, ikitərəfli işləməsidir. Azərbaycan qatar və avtomobilləri Naxçıvana keçə bildiyi kimi, Ermənistan tərəfi də həmin yollardan istifadə edərək Rusiyaya, İrana və digər istiqamətlərə çıxış əldə etməlidir. Bu, qarşılıqlı fayda əsasında tənzimlənməlidir.
Əgər doğrudan da Azərbaycan-Ermənistan münasibətlərindən söhbət gedirsə, bu, hər iki tərəfin hüquqlarını nəzərə alan ikitərəfli yanaşma tələb edir. Əgər Azərbaycan rəsmi şəkildə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıdışını gündəmə gətirirsə, bu, birtərəfli tələblər əsasında yox, qarşılıqlı güzəştlər və hüquqi çərçivədə həyata keçirilməlidir. Bu, həm də Ermənistanın öz daxilində uyğun ictimai və hüquqi mühiti yaratmasını tələb edir.
Bəzi beynəlxalq dairələr “Qərbi Azərbaycan” terminini təhdid kimi qiymətləndirir və onu revanşist niyyətlərlə bağlayır. Halbuki eyni zamanda Ermənistanda “Şərqi Ermənistan” kimi terminlər illərlə istifadə olunub və Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaları ehtiva edib. Əgər bir tərəfin tarixi yaddaşa əsaslanan terminlərdən istifadəsi qəbul edilirsə, digər tərəfə eyni hüquq niyə tanınmamalıdır?
Beynəlxalq təcrübə göstərir ki, bu kimi məsələlər hüquqi və siyasi mexanizmlərlə, qarşılıqlı etimad və dialoq əsasında həll olunmalıdır. Məsələn, Xorvatiya və Serbiya arasında münaqişədən sonra bir sıra serblər geri qayıtdı. İkinci Dünya Müharibəsindən sonra da Polşa ilə Almaniya arasında oxşar proseslər baş verib. Bu məsələlər çox zaman xüsusi komissiyalar vasitəsilə və illər boyu davam edən etimad quruculuğu ilə həll olunur.
Nəticə etibarilə, əgər Azərbaycan bu prosesi həqiqətən başlatmaq niyyətindədirsə, məsələni daxili siyasi ritorika alətinə çevirmədən, ciddi yanaşma sərgiləməlidir. Ermənistan da öz növbəsində konstruktiv mövqe tutmalı və qarşılıqlı hüquqları tanımağa hazır olduğunu göstərməlidir. Yalnız bu halda uzunmüddətli, sabit və qarşılıqlı faydalı münasibətlər mümkün ola bilər. Əks təqdirdə, birtərəfli ritorika və populizm vəziyyəti daha da gərginləşdirə bilər”.
“Tarixə deyil, sülhə xidmət etməli siyasət”
Arif Yunusun dedikləri “Qərbi Azərbaycan” narrativinin tarixi ədalət axtarışından çox, daxili siyasi məqsədlərə, xarici təzyiq alətinə və işğalçı ritorikaya xidmət etdiyini göstərir. Yunusun sözləri ilə yekunlaşdırdıqda:
“Tarixi iddialar sülhə xidmət etmədikdə, onlar yalnız gərginlik və münaqişə mənbəyinə çevrilir. Azərbaycan və Ermənistan regionda sabitlik istəyirsə, tarixi manipulyasiyalardan uzaq durmalı və sülhə yönəlmiş siyasət yürütməlidir. “Qərbi Azərbaycan” narrativi işğalçı ritorika kimi qəbul edilir və bu, regionun gələcəyi üçün təhlükəlidir”.
Ermənistan tərəfinin bu narrativi tarixi saxtalaşdırma və ərazi iddiası kimi qiymətləndirməsi, beynəlxalq ictimaiyyətin isə sülh prosesinə zərər kimi görməsi bu narrativin regionda yaratdığı gərginliyi açıq şəkildə ortaya qoyur. Azərbaycanın bu siyasətdən imtina edərək daha konstruktiv və sülhə yönəlmiş bir yanaşma qəbul etməsi regionun sabitliyi üçün vacibdir.
Qərbi Azərbaycan narrativi