Qərbdə siqaret və alkoqol dəbdən düşür. Niyə və əvəzinə nə gələcək?
Statistika deyir ki, Britaniya siqaret çəkmək dəbinə qalib gəlib və alkoqola qarşı əmin addımlarla hücuma keçib.
1974-cü ildə Britaniyadakı yetkinlərin təxminən yarısı hər gün siqaret çəkirdi. 2017-ci ildə Böyük Britaniyada siqaret çəkən vətəndaşların sayı 16 faizə qədər azalıb, The Guardian yazır.
Sosioloqların çoxu bunun Britaniya hakimiyyətinin uzun illər boyu yürütdüyü siyasətin nəticəsi olduğu fikri ilə razıdır.
21-ci əsrin əvvəllərindən Böyük Britaniyada əhaliyə fəal şəkildə təsir etməyə başlayıblar. 2003-cü ildə ölkədə istənilən siqaret və tütün məmulatının reklamına qadağa qoyulub. 2007-ci ildə iş yerlərində və qapalı ictimai yerlərdə siqaret çəkmək yasaqlanıb.
Siqaretlə bu cür qəti qanunvericilik mübarizəsinin nəticəsi özünü çox gözlətməyib: siqaret çəkənlərin sayı kəskin azalıb, əsasən nikotin asılılığına düçar olanlar siqaret çəkməyə davam edir.
Bir neçə il əvvəl isə burada dövlətin alkoqola qarşı eyni kampaniyası başlayıb.
Böyük Britaniya alkoqol istehlakı ilə bağlı uzun tarixə və zəngin mədəniyyətə sahibdir. Futbol oyunu seyr edərkən bir neçə pint pivə, Milad bayramları zamanı qlintveyn, yayda bir qədəh şampan, teatra getməzdən öncə viski vacib ənənədir. Alkoqol ingilislərin həyatının bir hissəsidir. O dərəcədə ki, alkoqolsuz onların həyatı qeyri-təbii görünür.
Böyük Britaniyada istənilən içməyən adam öyrəşib ki, ətrafdakılar onun içməməyini anormallıq kimi qarşılayacaq. Kompaniyalarda istər kişi, istər qadın standart suallarla qarşılaşır: “Sən antibiotik qəbul edirsən?”, “Sən hamiləsən?”, “Sən sükan arxasındasan?”. Bir çox britaniyalılar sadəcə inana bilmirlər ki, adam içmək istəməyə bilər.
Amma Böyük Britaniyanın Səhiyyə Nazirliyi qarşısına uzun illər boyu əhalini artıq şeylərin ziyanı ilə bağlı mümkün qədər çox və fəal şəkildə məlumatlandırmaq məqsədi qoyub. Misallardan biri: bir müddət əvvəl İngiltərədə ən böyük və çox nüfuzlu tibb jurnalı The Lancet-in dərc etdiyi hesabatda bildirilir ki, bir həftəlik alkoqol qəbulu norması yetkin sağlam insan üçün 5 qədəh şərab və ya beş pint (500 ml-dən bir qədər artıq) pivədir. Bu limitin aşılması insult, ürək çatışmazlığı və bir neçə digər ciddi xəstəliklərin yaranması ehtimalını xeyli artırır.
Görəsən, bitaniyalıların içkiyə olan aludəçiliyi də siqaret aludəçiliyi kimi azala bilərmi?
Statistika deyir ki, bu mümkündür. Və bu artıq baş verir.
Son sosioloji tədqiqatlara əsasən, 20-ci əsrin sonlarında dünyaya gələn nəsl əvvəlki nəsillərə, yəni öz valideynlərinə nisbətən alkoqol qəbuluna daha az meyillidir. Zaman etibarilə ən son rəqəmlər: Böyük Britaniya Milli Statistika Xidməti tərəfindən sorğu edilən 16-24 yaşlı gənclərin yalnız 10 faizi hesab edir ki, içmək “möhtəşəmdir”.
Britaniya gəncləri arasında içmək dəbi artıq keçib. Bugünkü Britaniya tələbələrinin və bu yaxınlarda ali məktəbdən məzun olanların əksəriyyəti pulunu içməyə yox, yeməyə və səfərlərə xərcləməyə üstünlük verir.
Bununla belə orta yaşlı insanlar arasında alkoqol qəbulu azalmayıb. Alkoqolun ziyanının dərkində yüksəlişə baxmayaraq, bu nəsldən olan çoxları hələ də hesab edir ki, məsələn, qırmızı şərab qan dövranını yaxşılaşdırır.
Amma hazırkı 40-50 yaşlılar içkiyə hədsiz meyli ilə seçilən son nəsl ola bilər. Alkoqoldan imtina tendensiyasının dəyişəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Çox güman ki, alkoqol da siqaretin taleyini bölüşəcək.