Putin Nobel Sülh Mükafatına namizəddir, rəqibləri isə Navalnı və Tramp
Rusiya prezidenti altıncı dəfə Nobel Sülh Mükafatına namizəd göstərilib.
2014-cü ildə onun namizədliyinin irəli sürülməsi “dünyanın müxtəlif rayonlarında, xüsusən də Beslan və Cənubi Osetiyada mühüm sülhməramlı rolu” ilə əsaslandırılıb.
- Putin artıq Rusiyada daimidir, ruslar isə federasiyanın əsas xalqıdır
- Gürcü-osetin münaqişəsi haqda hər şey
2020-ci ildə digər namizədlərin sırasında isveçli fəal Qreta Tunberq, belarus siyasətçilər Sergey və Svetlana Tixanovskilər, ABŞ prezidenti Donald Tramp, rusiyalı müxalifətçi Aleksey Navalnı, Türkiyə parlamentinin erməni əsilli deputatı Karo Paylan və Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə də var.
Nobel Sülh Mükafatına Aleksey Navalnının namizədliyini Rusiya ilə məşğul olan amerikalı professorlardan ibarət qabaqcıl qrup irəli sürüb.
Donald Trampı Norveç parlamentinin ultra-sağ İnkişaf Partiyasından olan deputatı ABŞ prezidentinin İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında bağlanan sülhə görə təklif edib.
Sergey və Svetlana Tixanovskilərin namizədliyini Avropa Şurasının keçmiş prezidenti Donald Tusk irəli sürüb və bunu “uzun illər sülh hərəkatının özündə iştirak edən belaruslara güclü siqnal” adlandırıb.
17 yaşlı Qreta Tunberqin namizədliyini “iqlim böhranına siyasətçilərin gözünü açdığı üçün” İsveç parlamentinin iki üzvü təklif edib.
Karo Paylan ermənilərin və digər region xalqlarının hüquqları uğrunda apardığı mübarizə səbəbilə namizəd olub.
Allahşükür Paşazadənin namizədliyini rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi irəli sürüb.
Putin: “Bizim üçün o, çoxdan Nobel laureatıdır”
Vladimir Putinin namizədliyini onun səlahiyyətli nümayəndəsi akademik Sergey Komkov təklif edib. Düzdür, elmdə plagiatla mübarisə ilə məşğul olan “Dissernet” saytı dərhal xatırladıb ki, apardıqları ekspertizaya əsasən, Komkovun hər iki dissertasiyası – namizədlik və doktorluq – oğurluqdur.
Bu, Vladimir Putinin Nobel Sülh Mükafatına namizədliyinin irəli sürüldüyü artıq altıcı cəhddir.
2013-cü ildə britaniyalı lord Piter Traskott Putinin Suriyada silahlı münaqişənin nizamlanmasında böyük rolunu görmüşdü.
2014-cü ildə Dünya Xalqlarının Ruhani Birliyi və Əməkdaşlığı Beynəlxalq Akademiyası (Komov bu qurumla bilavasitə əlaqədardır) bəyan edib ki, Putin dünyanın müxtəlif rayonlarında, xüsusən Beslan və Cənubi Osetiyada mühüm sülhməramlı rol oynayıb.
2016-cı ildə Putinin namizədliyini Fransa Siyasi və Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Fabyen Bossar irəli sürüb. O bildirib ki, Rusiya prezidenti “terrorizmlə həqiqətən mübarizə aparan” yeganə şəxsdir.
“Prezidentimiz mükafat almasa da, qorxulu bir şey yoxdur”, – prezidentin mətbuat katibi Dmitri Peskov deyib, – “bizim üçün o, artıq çoxdan Nober laureatıdır”.