Prezident Putinin əsas düşməni?
Rusiya və ABŞ prezidentlərinin Helsinki sammitindən sonra keçirilən mətbuat konfransında Vladimir Putin Rusiya xüsusi xidmət orqanlarının dindirmək istədiyi şəxslərin sırasında ilk olaraq Uilyam Brauderin adını çəkib.
Müəyyən məqamda Putinə Amerika hakimiyyətinin ABŞ-da prezident seçkilərinə müdaxilədə ittiham olunan Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) 12 əməkdaşını dindirə biləcəkmi, sualı verilib. Putin cavabında bildirib ki, bu, Rusiya xüsusi xidmət orqanlarının Uilyam Brauder və Hermitage Capital investisiya fondunun digər əməkdaşlarını dindirmək imkanı əldə etdiyi zaman mümkün ola bilər.
Putin bəyan edib ki, Brauder və onun tərəfdaşları Rusiyada qanunsuz olaraq 1,5 milyard dollar gəlir əldə ediblər.
Daha sonra Brauder Time jurnalı üçün köşə yazıb: “Mən Böyük Britaniya vətəndaşıyam. Əgər Putin məni bu qədər çox əldə etmək istəyirsə, Tereza Meyə [Böyük Britaniyanın baş naziri] müraciət etməlidir”.
Uilyam Brauder kimdir?
ABŞ-da anadan olan İngiltərə vətəndaşı Uilyam Brauder 1996-cı ildə Hermitage Capital Management fondunu yaradıb. O, Rusiyanın həm dövlət, həm də özəl şirkətlərinə sərmayə yatırıb. Ekspertlər hesab edirlər ki, 2000-ci illərin əvvəllərində Hermitage Capital Management Rusiya bazarında ən nəhəng investisiya fondu olub.
Fond həmçinin pul yatırdığı Rusiya şirkətlərini korrupsiya halları nöqteyi-nəzərindən də çox diqqətlə öyrənib.
2005-ci ildə Brauderin Rusiya vizası ləğv olunub. Bəzi jrnalistlər bunu Hermitage Capital Management fondunun Rusiyanın ən iri neft konserni olan “Surqutneftqaz” şirkətinin fəaliyyətini araşdırmağa başlaması ilə izah edib. Bir çox ekspertlər hesab edirlər ki, şirkətin son benefisiarı Vladimir Putindir.
Nəticədə Hermitage Capital Management Rusiya bazarından sıxışdırılaraq çıxarılıb. Brauderə qarşı bir neçə cinayət işi açılıb, fond isə özünün Rusiya aktivlərini satmalı olub.
Bu gün Brauder Rusiyada qiyabi olaraq doqquz il müddətinə azadlıqdan məhrum edilib, amma İnterpol hesab edir ki, bu iş siyasi motivlidir və sahibkarı Rusiyaya təhvil verməkdən imtina edir.
Maqnitski işi
2007-ci ildə Brauder və fondunun maraqlarını təmsil edən Firestone Duncan şirkətinin hüquqşünasları Rusiya büdcəsindən 85 milyon dolların oğurlandığını aşkarlayıblar. Bu məbləğ Hermitage Capital Management fondunun Rusiya döbvlətinə ödədiyi vergi idi.
Firestone Duncan büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı istintaq başladıb, bu istintaq çərçivəsində də cinayətdə 60 nəfərdən çox rusiyalı məmurun əlinin olduğu aşkarlanıb.
2008-ci ildə bu işlə fəal məşğul olan Firestone Duncan hüquqşünası Sergey Maqnitski Brauderə vergidən yayınmada kömək etdiyi ittihamı ilə həbs edilib. Maqnitskinin həbsinin təşəbbüskarı və işi üsrə müstəntiqlər onun dövlət büdcəsindən vəsait mənimsəməkdə ittiham etdiyi insanlar idi. 11 ay sürən ilkin istintaqdan sonra Sergey Maqnitski həbsdəykən hədsiz qəribə şəraitdə dünyasını dəyişdi.
“İnsan haqları naminə həkimlər” beynəlxalq hüquq-müdafiə təşilatının fikrincə, Rusiya hakimiyyəti qəsdən Maqnitskinin hansı şəraitdə öldüyünü gizlətməyə və hüquqşünasa qarşı zorakı cinayətin izlərini itirməyə çalışıb.
“Maqnitski qanunu”
Maqnitskinin ölümündən sonra Brauder onun ölüm şəraitinin araşdırılması üçün beynəlxalq istintaqın başlaması üçün təşəbbüs irəli sürüb. 2010-cu ildə amerikalı senator Bencamin Kardin ABŞ hakimiyyətinə “Maqnitski siyahısına” daxil olan – Rusiya büdcəsindən vəsaitlərin mənimsənilməsində və hüquqşünasın ölümündə əli olan şəxslərə qarşı sanksiya tətbiq olunmasını təklif edib.
2012-ci ildə ABŞ-da “Maqnitski” qanunu qəbul edilib. Bu qanun insan haqlarının pozulmasında və korrupsiyada ittiham olunan xarici vətəndaşların ABŞ ərazisinə daxil olmasını məhdudlaşdırır və onlara qarşı maliyyyə sanksiyaları nəzərdə tutur. Ən başından qanunun təsiri altına 18 nəfər düşürdü, daha sonra isə siyahı iki dəfə genişlənib.
“Maqnitski qanununa” analoji qanunlar hazırda Böyük Britaniya, Kanada, Estoniya, Latviya və Litvada da mövcuddur. Brauderin sözlərinə görə, Fransa, Almaniya, Hollandiya, İsveç, Danimaka, Avstraliya, Cənubi Afrika və Ukraynanın da daxil olduğu digər ölkələr də “Maqnitski qanununu” qəbul etməyə hazırlaşır.