Poniçala adlı ölkə
Kolxoz meydanında 44 saylı avtobusda mənə azərbaycanlı oğlan nəzakətlə yer verir. Arxadan erməni sözləri eşidilir, sol tərəfdə kimsə rus dilində danışır. Sərnişinlərlə dolu olan balaca avtobus aşağı sürətlə cənuba doğru, Tbilisinin lap ucqar yerlərindən birinə gedir.
Poniçala Tbilisinin Krçanis rayonuna aiddir. Onu hələ də urbanist yaşayış məntəqəsi kimi qəbul etmirlər. Əvvəllər bura əhalisi tərəvəz becərməklə və heyvandarlıqla məşğul olan Qardabani rayonunun bir hissəsi idi. Sonradan Rustavi yolunun tikintisinə paralel burada fabriklər işə düşdü. 70-ci illərin əvvəllərində fəhlələri təşviq etmək məqsədiylə burada çoxmərtəbəli binalar tikildi.
Bu gün heç bir iri müəssisə, nə keçmiş elektrik qaynağı zavodu, nə də balıq təsərrüfatı işləmir.
Onların xarabalıqları yerində xırda müəssisələr qurulur. Bəziləri keçmiş zavodun zibilliyə çevrilən ərazisində mebel sexi, digərləri hazır məhsulun qablaşdırılması sexi qurdular, bəziləri də buranı metal qırıntılarının qəbulu məntəqəsi kimi işlədir.
Beləliklə də Poniçala asta addımlarla da olsa yenidən sənaye rayonuna çevrilir.
Bura sanki həm Tbilisi, həm də Qardabanidən eyni dərəcədə uzaq düşmüş ayrıca bir dünyadır.
Yuxarı Poniçalada son avtobus dayanacağı “səyahətimin başlanğıc nöqtəsidir. “Poniçala dəmir yolu stansiyası da yaxında yerləşir. Platforma fəaliyyət göstərir, amma oyma naxışlı keçmiş stansiya binası ömrünün qürub çağını yaşayır. Yuxulu stansiya işçisi bildirir ki, buradan rayon “elektrik qatarı və Emənistandan gələn qatar keçir.
Uzun illər boyu Yuxarı Poniçalada gürcülər və yunanlar, ermənilər və azərbaycanlılar böyür-böyürə yaşayırlar. Yunan və erməni rayonları dəmir yolu vağzalının yanında yerləşir. Özəl yaşayış məntəqəsinin dar yolu ilə gedən yaşlı Poniçala sakini Əli Hacıbəyov mənə keçmiş zamanlardan danışır. Onun sözlərinə görə, yunanlar bu rayonu 90-cı illərdə tərk etdilər.
“Bax, burada yunanlar yaşayırdı, – o əli ilə göstərir, – onlar evi satıb köçdülər.Yaxşı yola gedirdik, heç vaxt dalaşmırdıq.
Əli deyir ki, Gürcüstan dinindən və etiqadından asılı olmayaraq buranı öz vətəni hesab edənlərin ölkəsidir.
Poniçalada bütün binalar bir-birinə bənzəyir və bu yeknəsəqlik istər-istəməz sovet dövrünə qaytarır.
Başı şallı qadınlar uşaq bağçasının yanında kəndirdən asılmış geynilmiş paltar satırlar. Ətrafda cürbəcür mallar və spirtli içkilər satan, 90-cı illərdə Tbilisidə olan çoxsaylı köşklər sıraya düzülüb. Bunlardan biri də “Brodvey adlanır.
Elə buradaca qıfıllanmış solğun banket zalı binası yerləşir. Plastmass interyerli kafedə isə yerli kişilər tanımadıqları qadını görən kimi acıqla məni süzür və rayon administrasiyasından olub-olmadığımı xəbər alırlar.
1980-90-cı illərdə Poniçala əsl qanqster zonası idi. Burada açıq şəkildə narkotiklər satılır, işlər isə oldu silahın istifadəsi ilə həll olunurdu.
İndi də vəziyyət pis deyil. Poniçala nadir hallarda mərkəzi telekanalların xəbər verilişlərində yer alır, o da ancaq kriminal xəbərlərdə.
“Poniçalada basqın – 47 yaşlı kişi döş qəfəsindən çoxsaylı zədələr alıb
“Ananın boğazını kəsdilər, uşağı yandırdılar – Poniçalada dəhşətli qətl
“17 yaşlı Samirə Bayramova Poniçaladan qaçırılıb
“Poniçalada 23 yaşlı Fikrət Əhmədov öldürülüb – “Rustavi-2nin veb-səhifəsində 2016-ci ilə aid xəbərdə deyilir.
Yerli sakinlər deyir ki, gənclər həyata olan maraqlarını itiriblər, dövlət də onları yaddan çıxarıb.
Nina avqust müharibəsi zamanı dul qaldı. Təqaüd yetmirdi, buna görə də xırda biznes qurdu – yarıdağılmış köşkdə kiçik qədəhlərdə araq satır. Alıcılar çoxdur. Onun sözlərinə görə, insanlar böyük ehtiyac içində yaşayır və dərdlərini araqla unutmaq istəyirlər.
Nina böyük həvəslə və ətraflı şəkildə 19 il elektrik qaynağı zavodunda işləməsi, o vaxtlar həyatın necə yaxşı olması və indi hər şeyin necə dəyişdiyindən danışır.
Poniçalada az qala hər addım başı ağır sosial durumun depressiv yükünü hiss edirsən: həm Surquladze küçəsində yaşayan 98 yaşlı Karlo Zardiaşvilinin hər gün yoxsullar üçün yeməkxanada qidalanan ailəsində, həm həyətdə oynayan kasıb geyimli yeniyetmələrdə, həm də pas rəngli özəl evlərdə.
Poniçala sakinləri səhər açılmamış kütləvi şəkildə “şəhərə yollanırlar. Çoxları paltar və ərzaq bazarlarında işləyir. Axşam saat səkkizdən sonra ictimai nəqliyyat sərnişinlə dolu olur. Rustavi marşrut avtobusları əhali üçün can rahatlığıdır. Onlar gecəyə qədər işləyir və Aşağı Poniçalaya qədər gedirlər.
Yuxarı Poniçalada şəhərin səs-küyü azdır. Bura düşən insanda çox qəribə bir hiss yaranır – sanki nə şəhərdə, nə də kənddəsən. Bu hissi binalar arasında asfaltlanmış həyətlərdə ustalıqla salınan sahələr və bağlar gücləndirir. Burada küçə ilə rahatca gəzişən inək və ya yolla yüksək sürətlə şütüyən əntiq “Jiquli maşını heç kimdə təəccüb oyatmır.
Qaranlıq düşür. Poniçaladan Rustavi marşrut avtobusu ilə qayıdıram. Sərnişinlər sakitcə oturub. Köhnə Tbilisinin səliqəli küçələri ilə gəzişən şən turist qrupu diqqətimi çəkir və niyəsə ucqar Poniçala ilə təzad ikiqat daha ağrılı hiss olunur.
Dərc edilib: 25.04.2016