Polşada belorus və ukraynalıları qul kimi işlətməkdə ittiham olunanların məhkəməsi başlayıb
Polşada belorus və ukraylanıların qul kimi işlədilməsi işi üzrə məhkəmə prosesi başlayıb. Cinayət işinin materiallarına əsasən, ittiham olunan iki nəfər 2015-ci ilin iyulundan 2016-cı ilin oktyabrına qədər ictimai iaşə müəssisəsində əcnəbiləri işə qəbul edib, onları ağır şəraitdə saxlayıb.
Cinayətkar sxemin təşkilatçıları Boris S. və Miroslav K. insanların ağır maliyyə durumlarından yararlanaraq onları Belarus və Ukraynada cəlb edib, sonra yüksək maaşlı etibarlı iş vəd edərək Polşaya gətiriblər.
Polşa əmək qanunvericiliyindən xəbərsiz olan əcnəbilər Varşavada ictimai iaşə müəssisələrində ayda 350 saat işləməli olublar. Çoxsaylı “cərimələr” nəticəsində onlar əməkhaqqını vaxtlı-vaxtında və tam şəkildə ala bilməyiblər. Üstəlik insanlar artıq qazandıqları pulları da itirməmək üçün hüquq-mühafizə orqanlarına da müraciət etməkdən çəkiniblər.
Belorus və ukraynalılara psixoloji təzyiq də göstərilib. Bəzilərini borc pul aldıqlarına dair iltizam yazmağa məcbur ediblər və bununla da onları daha ağır maddi asılılığa salıblar. Bu insanlar cinayətkar sxemin təşkilatçılarının Varşava ərazisində icarələdikləri fəhlə otellərində və şəxsi evlərdə yaşayıblar. Bu məkanlarda yaşayış şəraitini müstəntiqlər “biabırçı” adlandırıblar. Bundan başqa, işçilərin həyatları insan alverçilərinin tam nəzarəti altında olub.
Şübhəli Boris S. günahını etiraf edib və cinayətkar qrupun işlədiyi sxemi açıq anladıb. O, 2015-ci ildə Miroslav K.-nın restoranında ilk əvvəl adi fəhlə kimi işləməyə başlayıb. Sonra Miroslav K. ona digər işçilər üzərində “nəzarətçi” vəzifəsini təklif edib. Miroslavın özü təqsirini qəbul etmir.
Təşkilatçıları 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Son zamanlar Gürcüstanda – media və sosial şəbəkələrdə işləmək üçün Polşaya gedən, amma aldadılan gürcülər haqda məlumatlar çoxalıb. Aprelin 2-də “Rustavi-2” telekanalı Polşada leqal işlə təmin olunmaq üçün vasitəçiyə (Gürcüstan vətəndaşı) 1000 dollardan 1500 dollara qədər pul ödəyən bir neçə Gürcüstan vətəndaşı haqda süjet təqdim edib. Amma ora çatandan sonra bu insanların qarşılaşdıqları şərtlər vəd olunanlarla üst-üstə düşməyib, iş müqabilində isə onlara ümumiyyətlə əməkhaqqı verilməyib. Reportajda deyilir ki, vasitəçi də pulu qaytarmaqdan imtina edir — JAMnews.