Polşa “tarixi həqiqəti” müdafiə edir – anladığı kimi
Polşa Senatı bütün polyakları Xolokostda iştirakda günahlandırmağın qadağan olunmasının lehinə səs verib. Bu haqda BBC məlumat verir:
Nasistlərin Polşa ərazisində yerləşən konsentrasiya düşərgələrini “Polşa düşərgələri” adlandırmaq artıq qadağandır. Bu cür hüquq pozuntsuna görə cəza olaraq cərimə və ya üç ilə qədər azadlıqdan məhrumetmə nəzərdə tutulub.
Qanun layihəsi Polşa parlamentinin yuxarı palatası tərəfindən təsdiqlənib, sənədin qüvvəyə minməsi üçün sadəcə prezidentin imzalaması qalır.
Bazar günü İsrailin baş naziri Binyamin Netanyahu qanun layihəsini kəskin tənqid edib. Onun sözlərinə görə, polyaklar tarixi dəyişməyə cəhd göstərir.
ABŞ Dövlət Departamenti qanun layihəsinin qəbul olunduğu təqdirdə ölkədə söz azadlığının pozula biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Polşa prezidenti Ancey Duda başqa fikirdədir. Polşa televiziyasına müsahibəsində o bildirib ki, ölkəsinin “tarixi həqiqəti müdafiə etmək haqqı var”.
İkinci Dünya Müharibəsi zamanı Polşa nasist Almaniyası tərəfindən işğal olunmuşdu. Milyonlarla Polşa vətəndaşı, o cümləıdən də üç milyon yerli yəhudi işğal zamanı qətl edilmişdi. Polşa ərazisində konsentrasiya düşərgələri tikilmiş və burada yəhudilər məhv edilmişdi.
Polşa hakimiyyəti bildirib ki, qanun layihəsi yalnız və yalnız tarixi həqiqətin müdafiəsinə yönəlib, Xolokostun tədqiq olunmasına və müzakirəsinə mane olmayacaq.
Polyakların Xolokostda ittiham olunmasının qadağan edilməsindən başqa qanun layihəsi Ukrayna millətçilərinin ideologiyasının təbliğatını və 1939-1945-ci illərdə onların polyaklara qarşı cinayətlərinin inkar edilməsini də qadağan edir. İlk növbədə söhbət Volın qətliamından gedir – 1943-cü ildə Ukraynanın müstəqil dövlətçiliyi uğrunda mübarizə aparan Ukrayna üsyançı ordusu Ukrayna ərazisində yaşayan müxtəlif hesablamalara görə, 30 mindən 80 min nəfərə qədər polyakı məhv edib.
Ukrayna XİN-i qanun layihəsini pisləyib, çünki layihədə Ukrayna üsyançı ordusunun üzvlərinin ünvanına “cinayətkar millətçilər” və “üçüncü reyxin kollaborasionistləri” terminləri istifadə olunub.