Pasifizm və ya “biz heç vaxt bir yerdə yaşaya bilməyəcəyik”: transformasiya hekayəsi
Azərbaycanlılar və ermənilər birlikdə yaşaya, bir-birlərini bərabər qəbul edə biləcəklərmi, yoxsa düşmən qalacaq və münaqişəni zor gücünə həll etməyə çalışacaqlar? Mühüm qərarları hökumətlər və siyasətçilər qəbul edir, amma sadə vətəndaşların mövqeyindən də çox şey asılıdır, xüsusən də dinc birgə yaşayış perspektivləri.
Bu iki hekayə insanların öz mövqelərini necə və niyə dəyişə bildikləri haqdadır. Hər iki respondent Bakı sakinidir, hər iki Qarabağ müharibəsini – 1991-1993-cü illərdə və 2020-ci ildə – görəcək qədər yaşları var.
Aydın Məmmədov, 65 yaş
“Sovet vaxtı mənim müxtəlif millətlərdən çoxlu dostlarım vardı. Kimin yoxu idi ki? Onların arasında ermənilər də az deyildi, üstəlik Bakıda o vaxt onlar çox idilər. Aralarında yaxşı qonşular da vardı, yaxşı yoldaşlar da.
Odur ki, birinci Qarabağ müharibəsi başlayanda və ermənilərin bizim uşaqları doğradıqları, qızlarımızın başına oyun açdıqları haqda söz-söhbətlər gedəndə mən inanmaq istəmirdim. Bir də danışırdılar ki, onların ordusunda çoxlu cinayətkar, əcnəbi terrorçular var. Bu, vəhşilikləri izah edirdi: cinayətkarlara nə deyəsən?
İllər ötdü, yaşanmışların ağrısı azaldı. İş, ailə qayğıları – adi həyata necəsə alışırsan və olanları unudursan. Həm də neçə illər keçib, sağ olduğum müddətdə torpaqların azad olunacağına inanmırdım.
Amma bir şeyə əmin idim: indiki gənclər bizim kimi deyillər. Həmişə xaricdən nümunə götürürlər, pasifist olurlar. Buna görə də düşünürdüm ki, gənclər məsələni insan kimi həll edə biləcəklər, xüsusən də əgər Ermənistanda da gənclər belədirsə. Doxsanıncı illərdəki cinayətkarlar da indi ya qocalıb, ya da çoxdan cəhənnəmdə yanır.
Sonra isə ikinci müharibə başladı.
Müharibənin başlaması mənə çox ağır gəldi – hətta uşaqlarım cəbhədə olmasa da, mən niyə narahat olmamalıyam? İstəmirdim ki, hər şey belə olsun. Düşünürdüm ki, bəlkə hər şey bir rayonla məhdudlaşacaq, sonra isə onlar tez təslim olacaqlar və heç kim daha bir-birini öldürməyəcək. Hər gün valerian içirdim.
Amma Gəncəyə birinci dəfə bomba düşən gün hər şey dəyişdi. Bu dəfə internetdə gördüklərimə haqq qazandırmağa heç nə qalmadı, bu, doxsanlarda baş verənlərdən heç ilə fərqlənmirdi. Əsgər əsgəri öldürür – bu, həmişə belə olub. Daha uşağı yox. Mən atanın uşağını basdırmağa apardığı şəkli görəndə çox pis olmuşdum.
Bu müharibədən sonra mənim ermənilərlə əvvəlki kimi birlikdə yaşaya biləcəyimizə bütün inamım öldü”.
Kamran Quliyev, 42 yaş:
“Uşaqlıqda dəhşətli şovinist idim. Həyətimizdə bir oğlan yaşayırd, konspirasiya üçün adını Ceyhun deyək. Əslində onun dörddə biri erməni idi, amma biz onu sadəcə erməni hesab edirdik. O, münaqişəyə meyilli, ərköyün uşaq idi, mənim ailə üzvlərim də onun bu xüsusiyyətini milliyyətinə yozurdular.
Yadımdadır ki, məhəllə uşaqlarını qarajın qarşısına toplayıb, Qarabağ müharibəsini məhz ermənilərin başlatdığı haqda onlara təbliğat aparırdım. Bu, mənə çox orijinal ideya kimi gəlirdi. Ceyhunun idbar davranışı mənim nəzəriyyəmə çox uyğun gəlirdi.
Mənim o vaxt təxminən doqquz yaşım vardı və növbəti doqquz il müddətində mən beləcə evdə deyilənləri: ermənilərin “elə belə” divarı deşib bir otağımızı zəbt edən qonşu kimi Qarabağı işğal etdiyini təkrar etdim.
Bal çəlləyi vətənpərvərliyimə bir qədər zəqqutum qatan beşinci mərtəbədə yaşayan Sarkisyan familiyalı ilk sevgim idi. O da doxsanların əvvəllərində köçüb getdi və mən ona uzun məktublar yazırdım, bircə dəfə cavab almasam da.
Sonra Holokost haqda kitablar oxuduqca (və ümumiyyətlə kitablar oxuduqca) anladım ki, insanı onun milliyyəti ilə müəyyən etmək heyvanlıqdır və şüurlu varlığa yaraşmır.
Sonra təxminən daha on illik bir mərhələ oldu, mən hesab edirdim ki, əlbəttə, hər bir erməni düşmən deyil və müharibə olmasa daha yaxşıdır, amma orduya çağırsalar, Vətəni qorumalı olacam, çünki mən kişiyəm, daha neyləmək olar.
Sonra isə belə alındı ki, mən xəbərləri oxumağa, tarixlə maraqlanmağa başladım. Və məlum oldu ki, bütün bu zaman içində mən əbləh olmuşam. Müharibə ümumiyyətlə lazım deyildi, onun heç bir mənası yox idi. Bütün bu münaqişə, torpağı ora-bura çəkmək də mənasız idi.
Razılaşmaq, problemi həll etmək olardı, amma insanlar nifrət edirdi, öldürürdü, ölürdü, bir-birini ittiham edir, sosial şəbəkələrdə bir-birinin üzərinə zəhər püskürürdü.
İndiyə qədər məni ən çox sarsıdan Ermənistanla Azərbaycan arasında baş verənlərin mənəviyyatdan uzaq olmasından, siyasi oyunlardan və ölənlər üzərində aparılan spekulyasiyadan daha çox “Vətən uğrunda ölmək” ideyasının səfehliyi və sonsuz pafosudur.
Sizə niyə elə gəlir ki, Vətənə sizi ölü görmək xoşdir?
Əlbəttə, biz birlikdə yaşaya bilərik. Sadəcə istəmirik. Çünki sevmək çətindir, düşünmək çətindir, nifrət etmək və dalaşmaq isə asandır, bunu hamı bacarır”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.