Parlament önündə aksiya: azərbaycanlılar erməni döyüşçünün abidəsinin demontajını tələb edirlər
Dünən Gürcüstan parlamentinin binası qarşısında azərbaycanlı gənclər aksiya keçiriblər. Gənclər yerli sakin, Dağlıq Qarabağda həlak olmuş Mixail Avagyanın Axalkalakidə abidəsinin açılmasına etirazlarını bildiriblər.
Qarabağ müharibəsində həlak olmuş Mixail Avagyanın abidəsi onun doğma kəndi olan Buqaşendə yanvarın 24-də açılıb. Avagyan Qarabağda ermənilərin tərəfində vuruşub və “Kobra” ləqəbi ilə məşhur olub. O, 1994-cü ildə yaralanaraq həlak olub.
Abidə onun təhsil aldığı məktəbin həyətində qoyulub. Tədbir böyük rezonansa səbəb olub, belə ki, təntənəli mərasimdə yerli sakinlərdən savayı, rəsmi şəxslər – yerli hakimiyyətin nümayəndələri, Gürcüstan parlamentinin üzvləri, eyni zamanda Ermənsitanın Gürcüstandakı səfiri iştirak ediblər.
Avagyana qoyulmuş abidə həm Bakıda, həm də Tbilisidə etirazlara səbəb olub. Gürcüstanlı ekspertlər hesab edirlər ki, abidənin açılışı Azərbaycan-Gürcüstan münasibətlərinə mənfi təsir edir.
•Qarabağ müharibəsində iştirak etmiş erməniyə Cavaxetiyada abidə qoyuldu. Bakı izahat tələb edir
Parlamentin qarşısındakı aksiyada müxtəlif məlumatlara görə, 300-dən 400-ə qədər adam iştirak edib. Onlar ölkənin ali qanunverici orqanının binası önünə Gürcüstan və Azərbaycanın bayraqları və aşağıdakılar yazılmış şüarlarla gəliblər:
«Avagyanın büstü diversiyadır»;
«Yalnız qəhrəmanlar abidələrə layiqdir»;
«Avagyan separatçıdır».
Aksoiya iştirakçıları Axalkalakidə abidənin qoyulmasını təxribat adlandırıblar və bunda məqsədin Azərbaycan-Gürcüstan münasibətlərinin pisləşməsi olduğunu hesab edirlər.
JAMnews aksiya iştirakçısı, İliya Universitetinin sosiologiya fakültəsinin tələbəsi Sevinc Hümbətova ilə söhbət edib. Onun sözlərinə görə, parlament binasının qarşısında aksiya keçirilməsi ideyası şəxsən ona aiddir, digər tələbələr isə onu dəstəkləyiblər. Hümbətova bildirib ki, aksiya iştirakçılarının yeganə tələbi abidənin demontajıdır.
«Abidə Gürcüstanda yaşayan azərbaycanlılar üçün təhqiramizdir. Avagyan Qarabağda azərbaycanlıları öldürüb, Gürcüstanda isə buna görə abidəyə layiq görülüb? O, Abxaziyada da gürcülərə qarşı vuruşub», — Hümbətova JAMnews-a deyib.
Gənclərlə birlikdə aksiyada yaşlı nəslin nümayəndələri də iştirak ediblər və onlar bu məqsədlə Marneulidən, Bolnisidən, Qardabanidən Tbilisiyə gəliblər.
•Gürcüstanda Azərbaycan minaları
•Ninotsmindada Saakaşvilini necə prezident seçdilər
Aksiya iştirakçılarının sözlərinə görə, onlar Tbilisiyə öz hesablarına gəliblər. Hümbətova da bunu deyir:
«Bizə heç kim kömək etməyib. İnsanlar Tbilisiyə öz maşınları ilə gəliblər. Bayraqları və şüarları öz pulumuza almışıq», — o iddia edir.
Aksiyada Gürcüstan hakimiyyətinin təmsilçiləri gözə dəymədi. Milliyyətcə azərbaycanlı olan deputat Azər Süleymanov istisna olmaqla.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti abidənin demontajı ilə məşğul olmasa, aksiyalar davam etdiriləcək:
«Gürcüstan hakimiyyəti düşünməli və müəyyənləşdirməlidir – separatçılığı dəstəkləyir, ya yox. Əgər abidə öz yerində qalacaqsa, aksiyalar davam etdiriləcək», — Süleymanov bildirib.
Aksiyada ötən il Pankisidəki xüsusi əməliyyat zamanı qətlə yetirilmiş Temirlan Maçalikaşvilinin atası Malxaz Maçalikaşvili çıxış edib. O, Pankisidə yaşayan kistinlər adından aksiya iştirakçıları ilə həmrəyliyini bildirib və deyib ki, Avagyana abidə qoyulması “nə ermənilərin, nə gürcülərin, nə də azərbaycanlıların maraqlarına xidmət etmir”.
«Bunun kimə lazım olduğunu gözəl bilirik. Bu, Rusiyanı qane edə bilər, lakin biz – Gürcüstanda yaşayan müsəlmanlar – azərbaycanlılar və çeçenlər yol vermərik ki, kimsə Gürcüstanda nifrət toxumları səpsin. Biz həmişə onun maraqlarının müdafiəsinə qalxacağıq», — Maçalikaşvili deyib.
Bu aksiya hələ fevralın 5-də keçirilməli idi, lakin Tbilisi meriyası ona icazə verməmişdi.
«Bizdən üzr istəyərək bildirdilər ki, fevralın 5-nə Sralidze və Maçalikaşvilinin aksiyası nəzərdə tutulub», — Hümbətova deyir.
Eyni zamanda, o, Avagyanın abidəsinin demontaj edilməyəcəyi təqdirdə azərbaycanlı tələbələrin sonrakı hərəkətləri barədə suala cavab verə bilməyib:
«Yığışıb qərar verəcəyik ki, bu halda nə edək», — o bildirib.
Bu, son illər ərzində Gürcüstanda yaşayan azərbaycanlıların keçirdiyi ilk aksiyadır. Bundan əlavə, azərbaycanlı gənclər heç vaxt etiraz aksiyalarında iştirak etməyiblər.
«Bəli, ola bilsin ki, bizim başqa problemlərimiz var, lakin bizi hələ bu cür heç vaxt təhqir etməmişdilər, ona görə də, aksiya təşkil etdik. Və abidə götürülməyənə qədər dayanmayacağıq», — tədbir iştirakçılarından biri, Ceyhun adlı azərbaycanlı gənc bildirib.
_______________
• Azərbaycanlılar – Gürcüstanın ən çoxsaylı icmasıdır. Gürcüstanda 223 min azərbaycanlı yaşayır və bu, ölkə əhalisinin ümumi sayının 6 faizindən çoxdur (2014-cü ilin siyahıyaalınmasının nəticələrinə görə). Azərbaycanlıların böyük hissəsi Kvemo Kartli regionunda kompakt halda yaşayır.
• Erməni icması – Gürcüstanda sayına görə ikincidir. Ermənilər Gürcüstanın cənubundakı Samtsxe-Cavaxeti regionunda kompakt halda yaşayırlar. 2014-cü ilin siyahıyaalınmasının nəticələrinə əsasən, Gürcüstanda 168 min erməni yaşayır ki, bunların da əksəriyyəti həmin regiondadır.