Pankisidə xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvili vəfat edib
Pankisi dərəsində həyata keçirilən xüsusi əməliyyat zamanı yaralanan Temirlan Maçalikaşvili vəfat edib. O, məşhur terrorçu Ahmed Çatayevlə əlaqədə günahlandırılırdı, İnterpress agentliyi məlumat verib.
Səhər saatlarında pasiyentin vəziyyəti pisləşib və onun həyatını xilas etmək mümkün olmayıb, Maçalikaşvilinin iki həftədir müalicə aldığı Arxangel Mixail adına klinikanın meneceri, professor Zaza Lursmanaşvili bildirib.
Mərhumun anası Aiza Marqoşvili baş verənlərdə hüquq mühafizəçilərini günahlandırıb. O, jurnalistlərə bildirib ki, oğlunun ölümünə görə qisas alacaq.
- 19 yaşlı Temirlan Maçalikaşvili dekabrın 26-da xüsusi əməliyyat zamanı öz evinin yataq otağında başından yaralanmışdı. Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib ki, Maçalikaşvili qumbaranı işə salmaq istədiyi zaman hüquq mühafizəçiləri onu vurmaq məcburiyyətində qalıblar. Maçalikaşvilinin qohumları isə iddia edirlər ki, hüquq mühafizəçiləri onun otağına girdikləri zaman o, yatıbmış.
- Hüquq mühafizəçilərinin məlumatına görə, Pankisi dərəsində saxlanılan şəxslər Tbilisidə xüsusi əməliyyat nəticəsində məhv edilən Çatayev və onun silahdaşları ilə əlaqə saxlayırmış. Məhz onlar terrorçulara Gürcüstan sərhədini keçməyə, Tbilisidə mənzil tapıb, kirayələməyə, silah təchizatına yardım ediblər.
- Daha sonra yüzlərlə yerli sakin Pankisidə etiraz aksiyası keçirib, obyektiv istintaq tələb edib. Aksiya iştirakçıları bildiriblər ki, təhlükəsizlik qüvvələrinin Maçalikaşviliyə qarşı hərəkətləri “bütün Pankisi dərəsində böyük qəzəbə” səbəb olub.
- Müalicəsini xaricdə klinikada davam etdirmək üçün yaralının ölkədən çıxarılması ilə bağlı demək olar ki, bir həftə fəal danışıqlar aparılıb. Bir neçə konsiliumun nəticəsinə əsasən həkimlər pasiyentin aprılması üçün icazə veriblər və müxtəlif ölkələrdəki klinikalarla danışığa başlayıblar. Nəticədə çərşənbə axşamı seçimi Türkiyənin Koç Universitet Hospitalında saxlayıblar.