Pandemiya, Rusiya: xəstəlik partlayışı, səhiyyə qətiyyən hazır deyil, hakimiyyət isə təcridi yumşaltmaq istəyir
Rusiyada COVID-19 xəstəliyinin piki aprelin sonunda gözlənilir. Amma epidemioloqların fikrincə, proses artıq nəzarətdən çıxıb.
Aprelin 9-da bir sutka ərzində 1467 yeni yoluxma halı qeydə alınıb – bir gün öncə ilə müqayisədə 306 nəfər çox. Pandemiyanın əvvəlindən 81 region üzrə ümumilikdə 10131 nəfər koronavirusa yoluxub.
Amma bu rəqəmlər çətin ki, real mənzərəni əks etdirsin.
- Rusiya pandemiya pikini gözləyərkən: təbiət qoynunda kabab və hakimiyyətin hərəkətsizliyi
- “Hesab edirəm ki, heç bir koronavirus yoxdur” – bunu sübut etmək üçün Vladiqafqazda xəstəxanaya hücum ediblər
Koronavirus tesindən keçirilməmiş çox sayda pnevmoniya halları var
“Həkimləri müdafiə liqasından” Semyon Qalperin “Azadlıq Radiosun”na bildirib ki, Rusiyada xəstəxanalar çox sayda pnevmoniyalı xəstələr qəbul edir, amma onlara koronavirus testi eləməyə heç imkan da olmur.
“Moskvada vəziyyət çox ciddidir, qızdırmalı, öskürən onlarla xəstələrin saatlarla oturub tibbi müdaxilə gözlədiyi poliklinika və xəstəxanaların qəbul şöbələrində kütləvi yoluxmalar baş verir”.
“Azadlıq Radiosu” adının çəkilməsini istəməyən 30 illik təcrübəsi olan həkim-pulmonoloqa istinadən bunları yazıb:
“Moskva vilayətində bir gecədə çox sayda ağır xəstəni müayinə edirdim, onlar hamısı reanimasiyadadır, demək olar ki, hamısında ikitərəfli pnevmoniya var, amma koronavirus rəsmən heç birində təsdiqlənməyib, çünki indiyə qədər onlardan COVID-19 virusuna test götürülməyib və ya nəticələr hələ hazır deyil”.
“Stasionardankənar pnevmoniyaların” əksəriyyətinin böyük ehtimalla elə COVID-19 olduğunu Moskvanın qabaqcıl “Kommunarka” xəstəxanasının baş həkimi Denis Prosenko da təsdiqləyib. O, özü də koronavirusa yoluxub və özünütəcrid rejimindədir.
“Xəstələrin “stasionardankənar pnevmoniya” və COVID-19-a bölünməsi praktiki olaraq mənasızdır”, – o, Facebook-da yazıb.
Reanimasiyalarda yer və ağciyərlərin cüni ventilyasiyası aparatları çatışmır
Moskva və Moskva vilayəti xəstələrin sayına görə liderlik edir.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, koronavirus xəstələri üçün şəhərdə təxminən 20 min yer ayrılıb.
Amma onların hazırlığını həkimlər “fəlakət” adlandırır.
“Artıq indidən həkimlər üçün müdafiə vasitələri və gərəkli dərmanlar çatışmır. Reanimasiyalar artıq pnevmoniya xəstələri ilə doludur, amma onların çoxuna hələ də koronavirus testi edilməyib”, — “Azadlıq Radiosuna” Moskvanın “Seçenovka” xəstəxanasında çalışan məlumatlı mənbə bildirib:
“Yəni bu, heç tibbi respiratorlar da deyil, sadəcə kamuflyajdır. Tibbi personal xəstələrdən sürətlə yoluxur. Palatalarda isə heç normal ventilyasiya da yoxdur”.
“Poliklinika həkimləri, terapevtlər və pediatrlar qətiyyən müdafiə vasitələri ilə təchiz edilməyiblər. Səhiyyə Nazirliyinin əmri ilə maskaları özümüz tikirik! Həkimlər epidemiya ocaqlarına gedib, xəstələri yalın əllə müayinə etmək məcburiyyətindədirlər. Kömək edin, lütfən!” – həkimlər müxtəlif fondlara yazırlar.
Məmurların “sayıqlama” dolu bəyanatları və həkimlərə problemlər haqda danışmağın qadağan edilməsi
Rusiyanın “Pravmir” xeyriyyə fondu həkimlərə yardım üçün 10,5 milyon rubl (135 min dollara yaxın) vəsait toplayıb.
Burada deyirlər ki, əgər real informasiya olsaydı, ən yaxşısı xəstəxanalara kömək edərdilər.
Amma Rusiyada həkimlərə çağışmazlıqlar haqda ictimai şəkildə danışmaq qadağan olunub, çünki rəsmi səviyyədə “hər şey normaldır”.
“Bir çox tibb müəssisələri rəhbərliyin qadağasına görə açıq yardım istəyə bilmir, öz ehtiyacları haqda məlumat yaya bilmir. Çatışmazlıqlar haqda məlumatlar təşvişin qızışdırılması hesab olunur”, – “Predaniye” fondunun rəhbəri Vladimir Berxin bildirib.
Koronaviruslu xəstələrlə işləyən həkimlərə əlavə ödəmələr ediləcək – prezident Vladimir Putin vəd edib. Ayda 80 min rubl (1000 dollara yaxın) həkimlərin, 25 min rubl (təxminən 350 dollar) isə kiçik personalın maaşına əlavə olunacaq
Bu yaxşıdır, amma kifayət deyil – “Azadlıq Radio”sunun müsahibi olan həmin həkim-pulmonoloq deyir .
Həkim onu da bildirib ki, səhiyyədən və hakimiyyətdən olan məmurların vəziyyətin ciddiyətini anlamadığı aşkardır.
“Məsələn, keçmiş səhiyyə naziri Veronika Skvortsova bildirib ki, bir ağciyərlərin süni ventilyasiyası aparatına dörd nəfərə qədər xəstəni qoşmaq mümkündür. Orada həqiqətən də dörd giriş var, amma bunu eləmək qəti şəkildə olmaz: bir xəstənin qanında 80 faiz oksigen var, digərində 60 faiz, biri 100 kiloqramdır, digəri 70, birinin ağciyər toxumaları böyük həcmdə zədələnib, digərinin kiçik həcmdə və sairə”, – pulmonoloq izah edir.
“Bu bəyanat sadəcə biabırçılıqdır”, – Semyon Qalperin razılaşır. – “Pasiyentlərin dərhal beyin funksiyaları dayanacaq, insanların əvəzinə “bitki” əldə edəcəyik”.
Rusiyada hazırda bu aparatlardan nə qədər olduğu məlum deyil. Səhiyyə Nazirliyinin 2018-ci ilə aid məlumatı var: 47,106 aparat, amma onların vəziyyəti və yaşı məlum deyil – “Vedomosti” yazır.
Bu gün onların əhəmiyyətli hissəsi müxtəlif xəstəlikləri olan xəstələrə qoşulub.
- “Kimin yaşayacağına, kimin öləcəyinə qərar vermək – mənə öyrədilənlər bu deyildi” – Nyu Yorkdan olan həkimin hekayəsi
- Koronavirus: Tramp Ümumdünya Səhiyyə Təşkilatına qarşı
Hakimiyyətin atdığı addımlar
Rusiyada koronavirusla əlaqədar karantin elan olunmayıb.
Bunun əvəzinə bəzi regionlarda özünütəcrid rejimi tətbiq olunub. Bununla belə Rusiya qanunvericiliyində belə bir anlayış yoxdur.
Özünütəcridin nə ifadə etdiyinə qərar vermək və əhaliyə bunu izah etmək hüququ yerli hakimiyyətlərə verilib.
Mərkəzi hakimiyyət yalnız bütün aprel ayını qeyri-iş günləri elan etməklə kifayətlənib.
Ən sərt tədbirlər yoluxma hallarının ən çox olduğu Moskvada həyata keçirilir. Ərzaq mağazaları və apteklərdən başqa bütün ticarət obyektləri, dövlət müəssisələri və ofislər bağlanıb.
Xəstələrin sayının artmasına baxmayaraq, prezident Putin mütəmadi olaraq biznes və iqtisadiyyatı dəstəkləmək üçün təcrid tədbirlərinin tədricən yumşaldılması haqda danışır.
İqtisadi fəlakət
Pandemiya Rusiyanın əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin ucuzlaşması ilə üst-üstə düşüb.
Hökumət aprel ayını qeyri-iş günləri elan edib, bununla belə işçilərin işdən azad edilməməsini və əməkhaqların ödənməsini tələb edib. Nəticədə xırda və orta özəl şirkətlərin hamısı müflisləşmə həddinə çatıb – onların fəaliyyəti dayanıb və əməkhaqqı ödəmək üçün vəsaitləri yoxdur.
İqtisadçılar proqnozlaşdırırlar ki, ölkənin qaçılmaz tənəzzüldən çıxması azı iki il çəkəcək, işsizlərin sayı isə 20-25 milyon nəfərə çatacaq.