Onlarla Gürcüstan vətəndaşı Sudanda, döyüş bölgəsində qalıb
Sudanda onlarla Gürcüstan vətəndaşı
Gürcüstan Xarici İşlər Nazirliyi 30-dan çox Gürcüstan vətəndaşının bir neçə gün əvvəl hərbi münaqişənin başladığı Sudandan çıxarılması üçün təhlükəsiz dəhlizin təmin edilməsi ilə bağlı cəhdlərini davam etdirir. Hazırda beynəlxalq tərəfdaşlarla danışıqlar aparılır, lakin hələlik insanlar atəşin davam etdiyi təhlükə zonasında qalmaqdadırlar.
Onların əksəriyyəti “Geo Sky” və “MyWay Airline” şirkətlərinin əməkdaşlarıdır. Onlar işlə bağlı paytaxt Xartumdadırlar.
Onlardan birinin, gürcü pilotun yaxını JAMnews-a bildirib ki, onunla əlaqə saxlayır. Pilotun dediyinə görə, onlar hava limanına və döyüş gedən, partlayışlar baş verən əraziyə yaxın yerləşən binadakı mənzillərdən birindədirlər. Hələ ki, onunla birlikdə olan hər kəsin yeməyi və içməli suyu var.
Lakin beynəlxalq media şəhərdə qida və suyun tükəndiyini bildirir. Xartumda elektrik enerjisi ilə bağlı problemlər yaşanır. Gürcülərdən ibarət qrupun generatoru və bunun üçün yanacağı var və onlar hələ ki mobil telefonlarını enerji ilə doldurmağa nail olurlar.
Twitter-də yayılan məlumatlara görə, ABŞ dövlət katibi Entoni Blinkenlə danışdıqdan sonra hər iki müharibə edən tərəf 24 saatlıq atəşkəsə razılaşa bilər, bu müddət ərzində humanitar dəhliz planlaşdırmaq və insanları təxliyə etmək şansı var.
“Lakin biz bilmirik ki, bu dəhlizlə gürcü qrupunu təxliyə etmək mümkün olacaq. İki gün əvvəl belə üç saatlıq humanitar dəhlizdən yalnız yaralılar çıxarılıb. Bildiyimə görə, bu, ilk gecə idi ki, atışma nisbətən az idi və biz bir az yata bildik”, – Xartumda qalan gürcü pilotun ailə üzvü JAMnews-a bildirib.
Aviaşirkət bildirir ki, şirkətin Sudanda təyyarələri var və onlar uçuş icazəsi alan kimi həmin təyyarələrdə evakuasiya təşkil edə bilərlər.
- 13 il əvvəl Naxçıvanda yerli hökmdar bütöv bir kəndi alçaldıb, işgəncəyə məruz qoyub. Canlı şahidlərin danışdıqları
- Azərbaycan-Ermənistan sərhədində nə baş verib? Bakıdan şərh
- “Azıblar?” İki Azərbaycan əsgəri Ermənistan ərazisinə keçib
Sudanda silahlı qarşıdurma aprelin 16-da başlayıb. Bu, ölkənin hərbi rəhbərliyində hakimiyyət uğrunda gedən mübarizənin birbaşa nəticəsidir. 2021-ci ilin oktyabrında ölkədə dövlət çevrilişi baş verib. Bundan sonra mülki hakimiyyət orqanları qovulub və Sudan hərbi şuranın rəhbərliyi altına keçib.
İndi isə iki ən mühüm general arasında münaqişə başlayıb.
Bir tərəfdən, silahlı qüvvələrin başçısı və ölkənin faktiki lideri, general Əbdülfəttah əl-Burhanın rəhbərliyi altında ordu birləşmələri döyüşür.
O, müavini və Çevik Reaksiya Qüvvələrinin komandiri, daha çox Hemedti kimi tanınan general Mohamed Hamdan Dagalonun rəhbərlik etdiyi silahlı qrupla qarşılaşır.
General Burxanın başçılıq etdiyi ordu Çevik Reaksiya Qüvvələrinin paytaxt yaxınlığındakı Omdurmandakı bazalarına hava zərbələri endirib. 1000-ə yaxın insanın öldüyü bildirilir.
Paytaxt Xartumda baş verən partlayışlar əsas infrastruktura ziyan vurub. Hava limanında atışma zamanı BMT-nin humanitar hava xidmətinin təyyarəsi zədələnib. Sudandakı diplomatik nümayəndəliklər xarici vətəndaşları evlərini tərk etməməyə çağırır.
BBC News yazır ki, Sudan dünyanın ən kasıb ölkələrindən biridir, lakin onun təbii ehtiyatları və Qırmızı dənizdəki strateji mövqeyi dünyanın diqqətini çəkir.
Bu ölkə Sudan və Cənubi Sudana bölünməzdən əvvəl ərazisinə görə Afrikanın ən böyük ölkəsi idi. Bu gün Konqo və Əlcəzairdən sonra Afrikanın üçüncü ən böyük ölkəsidir. Burada 40 milyona yaxın insan yaşayır.