Onların müharibəsi bitməyib: onlar xilas edirlər, öldürmürlər
Tanınmamış Dağlıq Qarabağ Respublikasının fövqəladə hallar xidmətinin rəisi, polkovnik Mexak Arzumanyan “Trayektoriya” layihəsinə öz hekayələrini danışıb. O, 2020-ci il noyabrın 13-dən ikinci Qarabağ müharibəsində həlak olan hərbçilərin meyitlərinin axtarışında iştirak edən xilasedicilərdən biridir.
Mexik Arzumanyan Ermənistan-Azərbaycan münaqişəsinin Ermənistan tərəfindən hər gün azərbaycanlılarla ünsiyyətdə olan azsaylı insanlardan biridir.
“Mən Stepanakertdə (Xankəndidə) polkovniklə onun kabinetində görüşmüşdüm. Demək olar ki, bəxtim verdi, çünki mənə qədər o, ümumiyyətlə müsahibə verməyib. Mənimlə Arzumanyan ilk dəfə müharibə haqda, axtarış əməliyyatları haqda və hiss etdikləri haqda danışdı.
Polkovnik və onun adamları hər gün Azərbaycanın nəzarəti altında olan ərazilərə gedir və çox vaxt geri qayıdıb-qayıtmayacaqlarını da bilmirlər.
“Gənc türklər var (ermənilər çox vaxt azərbaycanlıları “türk” adlandırır), erməniləri ömürlərində ilk dəfə görürlər . Onlar yəqin ki, müharibədə iştirak etməyiblər, ola bilər ki, arxa cəbhədə işləyiblər və birdən bizə ziyan vurmağa, mane olmağa başlayırlar”.
Mən onun nə demək istədiyini soruşanda polkovnik Mexak Arzumanyan dedi ki, bu, gənc əsgərlərin təhqir etməyə, alçaltmağa çalışdığı hallardır.
Amma ziyan vurmağa çalışan əsgərlərin olduğu yerdə xeyirxahlıq edən komandirlər də olur – Mexak deyir. Onun sözlərinə görə, zabitlər bu uşaqların ətəyindən çəkir, əmr edirlər ki, getsinlər.
Və bu həqiqətdir – pisin əks tərəfi. Bu, hər iki tərəfin görmək istəmədiyi həqiqətdir.
“[Erməni] müharibə qurbanlarının meyitlərinin tapılmasında Azərbaycan tərəfinin töhfələri var və böyükdür. Elə azərbaycanlılar olurdu ki, bizi öz iradəsilə bizim oğlanların meyitlərinin oğlduğu sahələrə aparırdılar. Onların köməyi olmadan mən onların cənazələrini qaytara bilməzdim”, – polkovnik danışır.
Söhbətimiz zamanı polkovnikin əlində qapağı şaqqıldayaraq bağlanan qələm tuturdu. Söhbətimizin arasında uzun pauzalar yaranırdı, bu zaman ancaq onun açıb-bağladığı qələm qapağının şaqqıltısı eşidilirdi. Bu səs çox şeyi izah edirdi. Polkovnik üçün danışmaq asan deyil.
Bəzi suallara cavab verməzdən əvvəl Arzumanyan uzun müddət susurdu və ancaq qələmin şaqqıltısını dinləyirdim. Sonra isə… onun başlayıb sonunu gətirə bilmədiyi cümlələr.
Son zamanlar Arzumanyan Azərbaycan hərbçiləri ilə danışıqlar zamanı çox vaxt təkbaşına heç də asan olmayan məsələləri həll edir. Elə olub ki, Azərbaycan tərəfi heç bir səbəbsiz və izahatsız axtarış işlərinin aparılmasını qadağan edib – polkovnik deyir və özü bunu izah etməyə çalışır.
“Elə günlər olurdu ki, biz yerə gedib çıxırdıq, amma əvvəlcədən əldə olunmuş razılaşmaya əməl etməyərək bizə davam etməyə icazə vermirdilər. Bizimlə axtarışlarda iştirak etmək üçün əlindən gələn hər şeyi edən valideynlər [itkin düşənlərin] olurdu. Psixoloji olaraq bu daha çətindir. Mən heç vaxt əvvəlcədən bilə bilmərəm ki, valideyn özünü necə aparacaq və Azərbaycan tərəfi buna necə reaksiya verəcək”.
Elə olur ki, o, müharibədən əvvəl böyüdüyü və yaşadığı yerlərə gedir. Onun nə hiss etdiyini soruşuram.
“ ‘Laqeydlik’ sözü uyğun gəlmir. ‘Soyuqqanlılıq’ desəm daha doğru olar. Bizim üçün ən əziz olan şey vardı – bizim itirdiyimiz həyatlar və bizim ən dəyərli olan şeyimiz var – bizim yaşadığımız həyatlar. Qalanı önəmli deyil. Mənim nə hiss etdiyimə gəldikdə isə, gəlin o haqda danışmayaq”.
Və yenə də sükur.
Biz daha hisslərdən danışmırıq. Polkovnikin təsəvvür etdiyi gələcək haqda danışmaq istərdim.
Sonra mən sükutu pozuram. İstəyirəm öyrənim ki, bu müharibəni son hesab edirmi?
Yenə də qələm qapağının şaqqıltısını eşidirəm. Bir neçə saniyədən sonra polkovnik deyir:
“Sizin inamınız yoxdursa, burada qalmamalısız. Biz burda qalmasaq, bizim vətənimiz olmayacaq. Biz vətənsiz kimik? Haradasa yaşamaq alternativ deyil”.
Bu alternativi Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycan tərəfində də görmürlər. Vətəndə yaşamaq imkanı isə gah bir tərəfdən, gah da o biri tərəfdən olan insanlara qismət olur.
Mən yenə soruşuram – deməli, müharibənin alternativi həyatdır?
Deyir ki, onun üçün və həmkarları üçün müharibə hələ bitməyib. Bütün itkin düşənlər haqda məlumat olanda, bütün həlak olanların meyitləri tapılanda və bütün əsirləri geri qayıdanda müharibə bitəcək.
Polkovnik Arzumanyan və onun komandası müharibəsi hələ də bitməyən azsaylı insanlardandır, amma onlar xilas edirlər, öldürmürlər”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.