“Onlar bilməlidirlər ki, bizim düşmənimiz var” – uşaqlar və Qarabağ münaqişəsi
Ermənistan və Azərbaycan uşaqları və Qarabağ münaqişəsi
Qarabağ münaqişəsi ilə iki cəbhəyə ayrılan Azərbaycan və Ermənistan cəmiyyətləri 2020-ci il hərbi əməliyyatlarından sonra bir-birindən daha da uzaqlaşıb.
Hər iki ölkədə ötən nəsillərin səhvlərini təkrarlamamaq üçün “uşaqlar öz tarixini və öz düşmənlərini tanımalıdır” fikri geniş yayılıb.
Bununla belə, Azərbaycan və Ermənistanda çoxları əmindir ki, onlarda yox, məhz qonşıu ölkədə uşaqları qonşu xalqa qarşı nifrətlə böyüdürlər.
Ailələrdə uşaqlara nə öyrədirlər, onlara Qarabağ münaqişəsi haqda nə danışırlar? Biz bu sualları Ermənistan və Azərbaycandakı valideynlərə verdik.
Tamerlan, Bakı, 4 yaşında bir oğlu var
“Böyük ehtimalla mən ona heç nə başa salmalı olmayacam. Məktəbdə ona hər şeyi danışacaqlar. Əgər onun sualları qalsa, onda mən aydın olmayan hər şeyi izah edəcəm.
Bu arada deyə bilmərəm ki, məktəbə tam etibar edirəm, alınsaydı, dərslərdə özüm oturardım. Bir də uşaq bütün bunları necə anlayacaq sualı yaranır? Dərk edə biləcəkmi? Düşünürəm ki, hər şey təməldən başlayacaq: müharibə nədir – pisdir, amma qaçılmaz bir şey idi.
Amma o, böyüyəndə mən təfərrüatlara keçəcəm – münaqişənin səbəbləri və hansı nəticələrə gətirib çıxardığı haqda danışacam.
Birinci və ikinci müharibə “əhvalına” görə çox fərqlənir. Birinci müharibə ermənilərin törətdiyi təcavüzə və dəhşətlərə reaksiya idi. Bütün bunları ona izah edəcəm. Mən “bunlar çoxdan olub” və “biz artıq qalib gəlmişik” deyərək iti bucaqları yumşaltmayacam.
Birinci müharibəni izah etmək çox asandır – doğru məlumatlandırılmayan və ya sadəcə aqressiv millətçiliklə tərbiyə olunan insanlar imperiyanın [SSRİ] dağıldığını görüb, gizli təşkilatlar formasında üstünlüyə sahib olduqlarından istifadə edərək onların fikrincə tarixən onlara məxsus olan əraziləri işğal etdilər.
İkinci müharibə isə 30 il müddətində alçaldıldıqdan sonra insanların haqq etdiyi revanş idi. Mən öz uşağıma deyəcəm ki, bizimkilər ölkədən çıxanda “Siz heç ermənilərə də qalib gələ bilməmisiz” kimi ifadələr eşidirdilər. Bütün bu enerji mütləq müharibə formasında üzə çıxmalı idi – uşağıma bax belə izah edəcəm.
Ermənilərin dinc şəhərləri necə bombardman etdiyini, ailələrin başsız qaldıqlarını mütləq danışacam. Ümumiyyətlə mən erməni millətçiliyi haqda, 21-ci əsr üçün qeyri-adekvat olan erməni millətçiliyi haqda danışacam.
Amma mən ermənilərdən düşmən düzəltməyəcəm. Sadəcə deycəm ki, onlara bu cür məhvedici ideya aşılanıb və bu onları küçnə dirəyib, onlar bunun girovuna çevriliblər.
Onlarda demokratiya inkişaf edəndə, əhalinin bir hissəsi ayılacaq”.
Ermine, Yerevan, 9 və 6 yaşlarında iki oğlu var
“Bacımın ailəsi Qarabağa köçəndə, onun uşaqları orada uşaq bağçasında hərbi mövzulu tədbirlərdə iştirak edirdilər. Demək olar ki, bütün iştirakçılar hərbi formada idilər. Bu, bir sıra suallar doğurdu və biz bizim oğlanlarla danışmaq qərarına gəldik. Biz onlara danışdıq ki, soyğırım olub, türklər (o, türkləri və azərbaycanlıları eyni millət hesab edir – red.) bizə çox yaxındır, amma onlar bizi sevmirlər.
Oğlanlarım soruşdu: “Biz küçədə türk və ya azərbaycanlı görsək, öldürməliyik?”. Əlbəttə ki, biz dedik “yox”, amma sayıq olmaq lazımdır.
Bizim məqsədimiz düşmənçilk aşılamaq deyildi, biz sadəcə istəyirdik ki, oğlanlar bizim hansı geosiyasi çevrədə yaşadığımızı bilsinlər.
Müharibə başlayan gün biz ailəlikcə gəzintiyə çıxmağa hazırlaşırdıq. Uşaqlar çox qorxdular. Biz izah elədik ki, müharibə başlayıb, kişilər hazır olmalı və gözləməlidirlər. Uşaqlar müxtəlif suallar verirdilər, deyirdilər: “Siz deyirdiz ki, biz onları öldürməməliyik, bəs indi onlar niyə bizi öldürmək istəyirlər?”
Biz cavablardan yayınmağa çalışırdıq, amma ərimizi orduya çağıranda emosional vəziyyət daha da pisləşdi. Amma oğlanlarım mənə kömək etdilər, onlar mənə hər dəfə mənim öz sözlərimi xatırladırdılar ki, göz yaşları problemin həllinə kömək etmir.
Əgər müharibəyə qədər mən düşmənlərimiz haqda danışmaqla doğru edib-etmədiyimizə şübhə edirdimsə, müharibədən sonra mənim tərəddüdlərim yox oldu. Mən əmin oldum ki, bizim məğlubiyyətimizin səbəblərindən biri hərbi-vətənpərvərlik tərbiyəsinin yetərli olmamasıdır.
Qoy bu, vətənə daha böyük sevgi, təhlükəli yerdə yaşadığının dərki olsun. Mən güman edirəm ki, oğlanlarım bu millətin nələrə qadir olduğunu bilməlidir, onların öz şəxsi təhlükəsizliyi üçün ki, başqa ölkələrdə sayıq olsunlar. Onlar düşünməməlidirlər ki, qonşu oğlan döyüşə gedəcək, biz isə gizlənəcəyik. Mən ölkəmizdə hərbi tərbiyənin dərin olmasının tərəfdarıyam”.
Psixoloq Cana Cavaxişvili patriotik tərbiyə məsələsini şərh edir:
“Münaqişə həllini tapmayıbsa, tərəflər hamı üçün məqbul razılaşmaya gələ bilməyibsə, bu və ya digər tərəf (ya da hər iki tərəf) nəticə ilə barışmırsa, münaqişənin nəsildən nəsilə ötürülməsi təhlükəsi yaranır.
Bu halda valideynlər nəsli psixoloji planda həll olunmamış münaqişənin yükünü növbəti nəslə, öz övladlarına ötürür.
Psixologiyada bu hallarda “depozitləşdirmə” sözündən istifadə olunur – yəni valideynlər “depozit edir” – onlar növbəti nəsli öz həll edilməmiş problemlərinin və münaqişə ilə bağlı güclü neqativ emosiyalarının “rezervuar”ına çevirir.
Travmanın nəsildən nəsilə ötürülməsi yollarından biri – konflikt və yaşanmış travmatik təcrübə haqda narrativlərdir.
Bu narrativlər dərsliklər, memoriallar, muzeylər, media, valideynlərin, müəllimlərin danışdıqları və sairə vasitəsilə ötürülür. Beləliklə, gənc nəsillər “rezervuarlara” çevrilir və öz valideynlərinin nəslinə aid depozitləşdirilmiş emosiyaları (qorxu, alçaldılma, qəzəb) hiss edirlər.
Həmçinin onlar valideynlərindən açıq və ya pərdələnmiş şəkildə döyüşmək, “keçmişi düzəltmək” yönləndirməsi alırlar.
Münaqişə silsiləsi bitmir. Bu, gənc nəsil üçün “açıq yaraya” və yükə çevrilir, bu da onları siyasi manipulyasiyalara həssas edir”.
Aşot, Yerevan, cüdo məşqçisi, 6 yaşlı qızı və 2 yaşlı oğlu var
“düşünmürəm ki, azərbaycalı bizim dostumuz ola bilər. mən də öz uşaqlarımı bu anlayışla böyüdəcəm, çünki türklər [azərbaycanlıları nəzərdə tutur – red.] heç vaxt erməniləri qırmaq ideyasından əl çəkməyəcək.
Onlar üçün “sülh” sözünün mənası yoxdur, onlarla sülh içində yaşamaq mümkün deyil. Biz sülh və rahatlıq içində yaşamaq istəyiriksə, biz müharibəyə hazır olmalıyıq.
Siz hansısa maneəyə hazırsızsa, o zaman bu, baş verir, siz onu daha az ağrı ilə qəbul edirsiz və daha az stress keçirirsiz.
Biz ötən müharibəyə hazır deyildik. Buna görə də istəyirəm ki, bizim uşaqlarımız hazır olsunlar və növbə onlara çatanda bilsinlər ki, nəyə.
Mən onu nəzərdə tutmuram ki, biz yeni müharibə hazırlamalıyıq, amma biz həmişə mümkün müharibəni gözləməliyik və ona hazırlaşmalıyıq. Mənim uşağım orduya gedəndə, hara getdiyini bilməlidir.
Yoldaşımla birlikdə hələ uşaqlarımızla düşmən, müharibə haqda danışmamışıq, çünki onlar hələ balacadırlar.
Amma onlar bir aqz böyüyəndə, biz mütləq nələr olduğunu danışacağıq ki, onlar vətənpərvər böyüsünlər və həm Ermənistanda, həm də Ermənistandan kənarda həqiqətləri müdafiə edə bilsinlər”.
Ayan, Bakı, 10 və 4 yaşlarında iki qızı var
“Böyük qızım birinci sinfə gedəndə, müəllimə onlara Qarabağ münaqişəsinin nə olduğunu danışmışdı. Qızım dərsdən sonra məndən soruşdu: “Ana, sən bilirsən kiŞ Qarabağ müharibəsi olub?”
Mən qurbanların öldürülməsi və onlara işgəncələr verilməsi haqda təfərrüatsız danışdım. Amma səhəri gün müəllimə daha ətraflı danışdı və hətta fotoları da göstərdi. Qızım qorxmuşdu, bəzən gecələr oyanırdı və deyirdi: “Ana, ermənilər evimizə girməz ki? Onlar bizi öldürməzlər ki? Onlar bomba atmazlar ki?”
Hesab edirəm ki, onun bunları bilməsi üçün erkən olsa da, müharibə haqda yenə də məktəbdə danışmalıdırlar. Amma uşağa meyitlərin şəklini göstərmək – bu artıqdır. Bir də birinci yox, üçüncü-dördüncü sinifdə danışmaq lazımdır. Ümumi çatda narazı valideynlər vardı, amma müəllimə dedi ki, bütün bunlar proqram üzrədir. Hər bir uşaq öz tarixini bilməlidir.
Qızım tez-tez deyir ki, müxtəlif xalqlardan olan insanlar dost olmalıdır. Amma bununla yanaşı bir dəfə dedi: “Çətin ki, ermənilərlə dostluq edim. İndi mən onlara nifrət edirəm”.
Mən ona həmişə deyirəm – qorxma. Bizim başımıza artıq heç nə gəlməyəcək. Bizim güclü dövlətimiz var və bizə Türkiyə kömək edir.
İkinci müharibə haqda o, televizordan xəbər tutdu və mən ona başa saldım ki, biz torpaqlarımızı qaytarmağa getmişik. Qələbəni o, sevinclə qarşıladı”.
Psixoloq Cana Cavaxişvili Azərbaycan və Ermənistandakı valideynlərin oxşar metodlarını şərh edir:
“İnsanlar “düşməni” uşaqlara “vətənpərvər tərbiyə” verilməsinə görə qınayırlar, amma özləri də eyni şeyi edir – bu, psixoloji müdafiənin “proyeksiya” adlanan təbii mexanizmidir.
Eskalasiyanın hər bir mərhələsində tərəflər öz tərəflərində bəyənmədikləri şeyləri sıxışdırıb çıxarırlar və bu qəbulolunmaz şeyi, “pis məni”i qarşı tərəfə proyeksiya edirlər.
Psixologiyada proyeksiya mexanizmi bu metafora ilə izah olunur – “subyekt pəncərə əvəzinə güzgülərin olduğu otaqdadır. O düşünür ki, pəncərəyə (qarşı tərəfə) baxır, əslində isə güzgüyə baxır və özünü görür”.
Tərəflərin əməllərinin alqoritmləri getdikcə bir-birinə daha çox oxşayır, bir-birini qəbul etmələrinin məzmunu da.
Tərəflərin bir-birinə – həm əməllərində, həm də “düşməni” qəbul etməsində oxşarlıq da bununla əlaqədardır”.
Samirə, Bakı, 6 yaşlı qızı var
“İkinci müharibə zamanı qızım nə baş verdiyini çox anlamasa da, ümumi müharibə atmosferini dərk edirdi. Onun suallarına dürüst cavab verirdim ki, indi ölkədə müharibə gedir.
Müharibənin nə olduğunu ümumi sözlərlə izah etdim, təfərrüatlara varmadan. Ən əsas o anladı ki, müharibə nəsə yaxşı şey deyil.
Mən özüm pasifistəm, buna görə də mənim danışdıqlarım və onun suallarına verdiyim cavalar da düşüncələrimə müvafiq idi. Əlbəttə, məktəbdə ona rəsmi versiyanı da danışacaqlar.
Qızım üçün hansı versiyanın daha inandırıcı olacağını bilmirəm, amma yəqin ki, o müxtəlif fikirlər araslndan öz nəticəsini çıxaracaq və hadisələrlə bağlı öz fikirləri formalaşacaq.
Mən heç bir məsələdə qəti deyiləm, bəlkə də biz pasifistlər yanılırıq. Mənim üçün ən əsası qızımın hər şey haqda öz şəxsi fikrinin formalaşmasıdır, mən ona müharibənin mütləq şəkildə pis şey olduğunu, mütləq dostluq, firavanlıq içində yaşamaq lazım olduğunu “yeritməyəcəm”. Axı bu, heç də həmişə reallıqla üst-üstə düşmür.
İndi qızım ermənilərin kim olduğunu çox da anlamır. O, hətta özünün azərbaycanlı olduğunu da yaxşı dərk etmir – millətlər anlayığını qavramaq üçün hələ balacadır.
Gələcəkdə münaqişənin necə yarandığını soruşanda isə deyəcəm ki, SSRİ adında ölkə vardı, o dağıldı, daha doğrusu onu dağıtmaq lazım idi.
Bunun üçün də millətlər arasında münaqişələrdən istifadə etdilər, bunlardan biri də Qarabağ münaqişəsi idi.
Yəni mən faktları qeyd edəcəm – əvvəlcə Qarabağ erməniləri Azərbaycandan ayrılıb Ermənistanın tərkibinə keçmək, sonra isə müstəqil olmaq istədilər. Bu da təbii ki, Azərbaycan hakimiyyətinin və xalqının xoşuna gəlmədi və sairə.
Qızım bu yaxınlarda gildən balaca dolca hazırlamışdı və rəngləmişdi. Rəngləri isə təsadüfən Ermənistan bayrağının rənglərinə uyğun seçmişdi.
Ona bunu deyəndə, belə cavab verdi: “Gəl onda üstündən Azərbaycan bayrağının rənglərinə uyğun nöqtələr qoyaq, onda heç kim inciməz”.
Erməniləri mən qonşu xalqlardan biri kimi təsvir edirəm, neqativ şeylər ötürməməyə çalışıram. Onlar da insandı. Gələcəkdə də onlarla ünsiyyət qormaq istəsə, buna etiraz etmərəm”.
Şuşan, Yerevan, 4 yaşlı qızı var
“Uşağı tərbiyə edərkən, ona düşmən obrazı aşılamağı, ona mənfi emosiyalar yeritməyi qəbul etmirəm. Mənim yanaşmam uşağı pozitiv böyütməkdir. Mənim üçün bu, hər şeydən vacibdir.
Müharibə zamanı onunla danışmamışam və mənim əhvalımın və gərginliyimin ona təsir etməməsinə çalışmışam. Valideyn kimi sən kədərləndiyini, yorulduğunu və ya qəzəbli olduğunu ona göstərməlisən. Amma müharibənin mənə gösrətdiyi təsir uşaq üçün həddən artıq çox idi – o, baş verənləri tam anlaya bilmirdi, cavabsız suallar və anlamadığı hadisələr üzündən onda əminsizlik və qorxu hissi yarana bilərdi.
Bunun əvəzinə mən onunla daha çox Ermənistan, Qarabağ haqda danışmağa, əvvəllər toxunmadığım şeyləri qeyd etməyə başladım. Mən erməni atalar sözlərini və zərb-məsəlləri, adətlərimizi daha çox öyrənməyə və uaşağa bütün təmiz, gözəl, rəmzi şeylərə qarşı sevgi aşılamağa başladım. Çünki bütün mövcud problemlər bədxah insanların yaratdığı problemlərdir və bədxahlığa sürükləyir.
Bəli, uşaqdan gizlətmək lazım deyil ki, bizim düşmənimiz var və düşmənlərin konkret adları var. Amma ümumilikdə bütün millətə qarşı nifrət toxumu səpmək lazım deyil.
Azərbaycanlı uşaqlarda aqressiya və nifrət tərbiyə etmələri, onları milli kimliyin bir hissəsi etmələri mənim üçün qəbul olunmazdır.
Mən bunu deyirəm, çünki belə təcrübə olub. Bir proqram çərçivəsində biz onlarla [azərbaycanlılarla] şəxsiyyətlə bağlı tapşırıqlar eləyirdik. Onlarda pazlın ayrı-ayrı elementləri kimi Qarabağ, düşmən erməni obrazı vardı. Eyni zamanda bizim çoxumuzun özünüdərk qismində kilsə, ailə, dostlar kimi anlayışlar vardı.
Müharibə zamanı mən bəzən düşüncələrimdə öz uşağımı radikal millətçi eləmək istəyimi aşkarlayırdım.
Amma bir qədər sakitləşəndən sonra mən anladım ki, uşağımın gələcəyi, taleyindən söhbət gedir.
Bilmirəm, istənilən halda bu, çox çətin dilemmadır, qəti qərarım hələ ki yoxdur”.
Travmanın nəsildən nəslə ötürülməsinin qarşısını necə almaq olar? Cana Cavaxişvili cavab verir:
“Bu prosesi siyasətçilərin dayandıracağını gözləmək lazım deyil. Siyasətçilər travmanın yaranmasına töhfə verə bilərlər, amma çox vaxt onlar bundan sadəcə istifadə edirlər.
Məsələn, Slobodan Moloşeviç öz seçkiqabağı kampaniyasında 14-cü əsrdə Kosovo döyüşündə məğlubiyyətlə bağlı travmanı “təbliğ etdi” və altı əsr əvvəl öldürülən serblərin sərkərdəsi Lazarın kollektiv dəfnini təşkil etdi.
Miloşüviç seçildi, amma onun tarixi travma ilə manipulyasiyasının ardınca müharibə və çoxlu bəla gəldi.
Düşünürəm ki, açıq və ya dondurulmuş münaqişədə olan cəmiyyət üzvləri kimi hər birimiz sülh quruculuğuna, uşaqların bizim həll olunmamış problemlərimizin yükündən azad edilməsinə öz töhfəsini verməlidir və verə bilər.
Tərəflərdən biri məğlub, digəri isə qalibdirsə, sülh stabil deyil – bu cür həll konfliktologiyada “qələbə-məğlubiyyət” adlanır və bu, münaqişənin davam etməsi ilə şərtlənib.
Buna görə də qarşılıqlı məqbul həll yolları axtarmaq lazımdır, hansı ki, münaqişənin hər iki tərəfində insanlara müdafiə olunmaq, ləyaqətlə və rifah içində yaşamaq, öz kimliyini başqalarını təhqir etmədən və ziyan vurmadan qürurla daşımaq imkanı verəcək.
“Qələbə-qələbə” kimi düşüncəyə keçmək çətindir, amma uşaqlarımızın naminə bunu eləmək lazımdır”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.