Video: Yenilənmiş qədim musiqi
“Mandili” triosu haqqında xəbər Ermənistana qədər gəlib çatanda və tbilisili qızların ifasında xalq mahnıları internetdə populyarlıq qazanandan sonra bu, çoxlarını heyran etdi və eyni zamanda məyusluq və “Niyə Ermənistanda folklor musiqisinə maraq oyada biləcək qruplar yoxdur?” – sualını doğurdu.
Demək çətindir, buna gürcü qızlarının uğuru təsir edib, yoxsa sadəcə təsadüf olub, amma tezliklə erməni “Qata” qrupu Youtube-da populyarlıq qazandı.
“Biz əlimizin altında olan resursların köməyilə bütün maneələri dəf edə bildik. Həmin an üçün pulsuz variant Youtube idi, onu da seçdik. Kameramız yoxuydu, telefona çəkirdik. Montaj etmək lazım olanda da özüm edirdim. Bununla da biz folklora marağın itməsinin resursların olmaması ilə şərtləndiyi barədə stereotipi sındırdıq”, – “Qata” bendi ideyasının müəlliflərindən biri olan Qarik Arakelyan deyir.
“Qata” bendinin bəzi mahnıları, o cümlədən “Done yar” bəzi pabların qeyri-rəsmi himnlərinə çevrilib. Onları səsləndirən kimi gənclər dərhal rəqs etməyə qalxır – hətta xalq mahnılarını eşidib, rəqs meydançalarına çıxmayanlar da.
Bu pablardan birinin daimi müştərisi olan Arman deyir: “Təzə nəslə folkloru ancaq bu şəkildə təqdim etmək lazımdır. Köhnə formada təqdim olunan mahnılar yeni nəslin xoşuna gəlmir”. Armanın həyatında “Totik” mahnısı ayrıca yer tutur: “Qəmli olanda bu mahnıya qulaq asıram”, – o deyir.
Bendin beynəlxalq arenaya çıxmasında britaniyalı Cos Stounun rolu olub, ötən il Ermənistana baş tutan səfəri çərçivəsində o “Qata” qrupu ilə “Done yar” mahnısını yazdırıb.
“Məqsədimiz hansısa şəxsi uğurlara nail olmaq deyil. Biz erməni mədəniyyətini yaymaq istəyirik. Cos Stounun, onunla çəkilən klipin sayəsində xalq mahnısını “gözləri ilə qulaq asan”, yəni məşhur adamları görmək istəyən və bahalı kliplərə üstünlük verən hər kəs dinləməyə başladı”, – Qarik Arakelyan izah edir. O hesab edir ki, süni maneələri sadəcə yaddan çıxarmaq və interneti keyfiyyətli folklor mahnılarla doldurmaq lazımdır.