“Okamponun rəyinə istinadən Azərbaycanı suçlayanlar nüfuzlarına ziyan vururlar”. Bakıdan şərh
Erkin Qədirli Okamponun rəyi haqda
“Okampo yaxşı anlayır ki, bunlar baş tutası iş deyildir. Sadəcə, gerçəkləşmə ehtimalı olmayan ümidlərdən qopa bilməyən ermənilərə daha bir boş ümid verib”. Azərbaycan Parlamentinin müxalif Respublikaçı Alternativ Partiyasından olan deputatı Erkin Qədirli Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş ittihamçısı Luis Moreno Okamponun Laçın yolunun bağlanması ilə bağlı “Dağlıq Qarabağda soyqırım həyata keçirilir” sözlərilə verdiyi rəyi belə şərh edib.
- Mərhum jurnalist Elmar Hüseynovun ailəsi Azərbaycana hökumət xəttilə gəlib
- Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıb
- Türkiyənin Azərbaycana təhvil verdiyi alim Qubad İbadoğlu işi çərçivəsində həbs edilib
“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş ittihamçısı Luis Okamponun “ekspert rəyini“ni oxudum. Ermənilərin sifarişilə yazılsa da, erməniləri yaxşıca yola verib”, – deyə Erkin Qədirli bildirir.
O, qeyd edir ki, Okampo təcrübəli ittihamçıdır, Argentinada hərbi xuntanın cinayətlərini araşdırmaqla, onları məhkəmədə ittiham etməklə nüfuz qazanıb. Daha sonra 9 il ərzində Beynəlxalq Cinayət Məhkəməsinin ilk ittihamçısı olub (2003-2012).
“İnanıram ki, o, Qarabağda baş verənlərin soyqırım olmadığını yaxşı anlayır və bunu ermənilərə öncədən açıq deyə bilərdi. Bununla belə, sifarişi qəbul edib və yolaverdi bir rəy yazıb. Hüquqşünas olduğuma görə bunu aydın görə bilirəm”.
Deputat rəydə “yolavermənin” əlamətlərini də sadalayıb:
- “Emosional şantaja yol verilib, Qarabağda baş verənlər 1915-ci il hadisələri ilə, İkinci Dünya Müharibəsi dönəmində Leninqradın blokadasıyla, Kambocada Qırmızı Kxmerlərin törətdikləri qırğınlarla, Srebrenitsa soyqırımıyla müqayisə edilib.
- Beynəlxalq Ədalət Məhkəməsinin aralıq tədbirlə bağlı qərarları yanlış yozulub.
- Laçın yolunun tezliklə açılmayacağı təqdirdə Qarabağdakı ermənilərin bir neçə həftəyə öləcəkləri iddia olunub.
- ABŞ və AB istəsələr tezliklə bu məsələni həll edə bilərlər.
- Azərbaycan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, onun yurisdiksiyasını da tanımır. Burada yalnız bir yol qalır – BMT Təhlükəsizlik Şurası özü bu işi Beynəlxalq Cinayət Məhkəməsinə versin”.
Qədirli Okamponun bu “yolavermə rəylə ermənilərə boş ümid verdiyini” deyir.
“Bütün bunları Okampo rəyində yazıb. Okampo yaxşı anlayır ki, bunlar baş tutası iş deyildir. Sadəcə, gerçəkləşmə ehtimalı olmayan ümidlərdən qopa bilməyən ermənilərə daha bir boş ümid verib. Ermənilərsə hələ də doğru yola gəlmək istəmədiklərindən başqaları tərəfindən yola verilirlər. Bu dəfə də elə oldu”.
Deputatın sözlərinə görə rəyin mətni o dərəcədə başdan soyudu yazılıb ki, müəllifin yalnız üzgörənliyini deyil, qərəzini də açıq bildirir.
“Məsələn, yazır ki, Rusiyada 1917-ci il inqilabından sonra Ermənistan və Azərbaycan müstəqilliklərini əldə ediblər. Ardınca da Azərbaycanın tarixdə ilk dəfə müstəqil olduğunu əlavə edib. Burada dolayısıyla Ermənistanın tarixi iddialarına haqq qazandırmış olur, sanki ermənilərin buralarda daha öncə müstəqil dövləti olduğuna eyham vurur. Ayrıca, Rusiya imperiyasının və SSRİ-nin çökməsindən sonra Ermənistanla Azərbaycan arasında müharibələrin olduğunu yazır, amma müharibələri kimin başlatdığını yazmır. Bununla da Ermənistanın məsuliyyəti məsələsinə heç toxunmur”, – deyə Qədirli bildirir.
Daha sonra o, müəllifin “Qarabağ ermənilərinə qarşı soyqırım cinayətini uydurmaqla yanaşı, bu “cinayətdə” məsul saydığı konkret şəxslərin adlarını da yazdığını” qeyd edir və bu hissəni “rəyin ən rəzil parçası” adlandırır.
“Sübutların toplanımlası və qiymətləndirməsi prosedurlarına baş vurmadan konkret şəxslərin cinayət məsuliyyəti daşıdığını yazmaq bir ittihamçıya yaraşmaz”.
“Azərbaycanın Qarabağdakı ermənilərə qarşı soyqırım törətdiyini əsaslandırmaq üçün, oradakı ermənilərin bir etnik qrup kimi hədəfə alındığını yazır. Sual da etmir, bəs, necə oldu ki, Qarabağda ermənilərdən başqa etnik qrup qalmayıb? Bunu ki Azərbaycan etməyib?
Ayrıca, Qarabağdan qovulmuş azırbaycanlılar oraya qayıtmış olsaydı belə, Azərbaycanın Laçın yoluyla bağlı davranışı dəyişməyəcəkdi. Azərbaycanın razılığı olmadan Ermənistandan və başqa dövlətlərdən olan şəxslərin, yüklərin və ya nəqliyyat vasitələrinin ərazimizdə hərəkəti yolverilməzdir. Buradan aydın olur ki, Azərbaycanın yanaşması etnik ayrıseçkilik üzərində deyil, ərazi suverenliyi hüququ üzərində qurulub”, – deyə Qədirli vurğulayıb.
Yekunda o, bir daha qeyd edib ki, “bütün bunları Okampo bilməyə bilməz”:
“Ona görə də qənaətim budur ki, Okampo erməniləri yola verib. Bu dərəcədə keyfiyyətsiz “ekspert rəyi”, əslində, bizim üçün göydəndüşmə bir fürsətdir. Okamponun rəyinə istinad etməklə Azərbaycanı suçlayan hər kəs öz nüfuzuna ciddi ziyan vurmuş olur/olacaq”.