Natiq Qasımov haqda "Oğul" filminin təqdimatı keçirilib
“Oğul” – Natiq Qasımov haqda film
Birinci Qarabağ müharibəsi zamanı əsir düşən və sonrakı taleyi məlum olmayan Azərbaycan əsgərinə həsr olunmuş “Oğul” sənədli filminin təqdimatı keçirilib. Filmin qəhrəmanı Natiq Qasımov ötən əsrin 90-cı illərində italiyalı müxbir tərəfindən çəkilən və Rusiyanın “Oqonyok” jurnalında dərc edilən şəklindən sonra tanınıb. Həmin şəkildə o, əlində Azərbaycan bayrağı silahlı insanların əhatəsində əks olunub. Bu, onun erməni hərbçiləri tərəfindən əsir götürüldüyü andır.
- “Qərb Krımı qaytardığı halda Ukraynanı qınayarmı?” Bakıdan şərh
- Azərbaycanlı ekspert: “DQ Qərb üçün qırmızı xətt deyildi, amma Ermənistan ola bilər”
- Gürcüstan prezidentinin impiçmentinə cəhd uğursuzluqla nəticələnib
Britaniya-Azərbaycan istehsalı “Oğul” filmi
Oktyabrın 18-də Bakıda “Nizami” Kino Mərkəzində Broken Pot Media Britaniya şirkətinin istehsal etdiyi “Oğul” sənədli filminin təqdimatı keçirilib.
Filmin yaradılması üç ilə başa gəlib. Filmin yaradılması prosesi haqda danışan Ekart Seycer qeyd edib ki, Natiq Qasımovun silahı yerə qoyub, əsir düşdüyü və ermənilər tərəfindən dindirildiyi səhnələr onu sarsıdıb.
Seycer həmçinin qeyd edib ki, film yaradılan zamana qədər keçmiş 25 il ərzində Natiq Qasımovun taleyi haqda heç nə məlum olmayıb və məhz buna görə o, araşdırmalara başlayıb:
“Azərbaycan və Ermənistan arasındakı münasibətləri nəzərə alaraq, bizim üçün məsələyə obyektiv və təmkinli yanaşmaq çox vacib idi. Bu faciəli hadisə Qarabağ müharibəsinin təcəssümü oldu”.
Qardaşı Nofəl Qasımov da “AzərTac”la söhbətində bildirib ki, 2016-cı ildə sənədli filmin çəkilişlərinə başlamazdan əvvəl Natiqin taleyi ilə bağlı heç bir məlumatları olmayıb. “Biz ancaq onu bilirdik ki, əsir düşüb. Sonra öyrəndik ki, kilsədə təkbaşına döyüşüb və sonra təslim olmağa razı olub ki, ermənilər əsir götürülmüş xocalıları öldürməsinlər”, – o deyib.
Nə baş verib?
1992-ci ildə 21 yaşlı könüllü Natiq Qasımov Xocalı rayonunun Əsgəran qəsəbəsi yaxınlığında erməni hərbçilərə əsir düşüb. “Oğul” filmində Xocalıdan məcburi köçkün Cəfər Cəfərov danışır ki, ağır döyüşlər nəticəsində Natiq altı silahdaşını itirir, tək qalaraq kilsədə gizlənir. Beş gün təkbaşına tutduğu mövqe uğrunda mübarizəni davam etdirir.
“Biz Xocalıdan 23 nəfər idik. Bizi əsir götürmüşdülər. Ermənilər yanımıza gəldilər, dedilər ki, bizdən biri kilsəyə azərbaycanlıların yanına getməlidi və təklif etməlidir ki, təslim olsunlar. Əvəzində onlar bizim hamımızı buraxacaqlarını dedilər. Elçi kimi məni seçdilər. Əlimdə ağ bayraq kilsəyə yaxınlaşdım və qışqırdım ki, atmayın, özümüzünküyəm. İçəri girəndə isə heyrətə gəldim, o, orada tək idi”, – Cəfərov xatırlayır.
Natiq şərti qəbul edib və ermənilərə təslim olub. Əsir götürülmüş 23 nəfər Xocalı sakini Azərbaycan tərəfinə təhvil verilib.
Bütün bunlar baş verən zaman italiyalı hərbi reportyor Enriko Sarzini və rusiyalı jurnalist Konstantin Smirnov orada olublar. Onlar Natiq Qasımovun əsir götürülməsi və dindirilməsinə şahid olublar. Sarzini bütün bunları foto-lentə alıb.
Bu fotolarda Natiq Qasımov erməni hərbçilərin əhatəsindədir və Vitali Balasanyan onu dindirir.
Azərbaycanlı gəncin sonrakı taleyi haqda heç nə məlum deyil.
“Əvvəl dedilər ki, onu yandırıblar, sonra dedilər doğrayıblar”
“Tək istəyim odur ki, Balasanyan həbs olunsun. Əgər qardaşım qətlə yetirilibsə, ondan harada qətlə yetirildiyini öyrənsinlər. Qardaşıma aid nəsə bir şey tapıb gətirsinlər, biz də əmin olaq ki, öldürülüb”, – Nofəl Qasımov deyir.
Vitali Balasanyan birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra tanınmamış “DQR”in “qəhrəmanı” elan edilib. Tanınmamış “respublikanın” “parlament üzvü” və “təhlükəsizlik şurasının sədri” olub.
Nofəl Qasımovun sözlərinə görə, uzun illər bir çox qurumlara müraciət edib qardaşının tapılması üçün.
“Mən o vaxt Allahverdi Bağırovla görüşdüm. O vaxt əsirləri onlar dəyişirdilər. Dedi, Vitali Balasanyanla görüşüb, o da deyib ki, Natiq bizim nə qədər əsgərimizi öldürüb, biz onu yandırmışıq.
Əvvəl dəfələrlə Milli Təhlükəsizlik Nazirliyinin (İndiki adı ilə Dövlət Təhlükəsizliyi Xidməti) Mingəçevir şöbəsinə çağırılırdım. Suallar verirdilər, deyirdilər ki, dövlət səviyyəsində tapşırıq var, axtarışları gedir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etdim, onlar da çox get-gələ saldılar, bir xəbər çıxmadı.
Sonuncu dəfə 2016-cı ildə Britaniyadan gəlib film çəkirdilər,“Oğul” filmi. Filmə baxanda gördük ki, orada erməni etiraf edir ki, Natiqin taleyi ilə bağlı maraqlanıb, deyiblər ki, doğrayıblar. Qardaşımla bağlı ən sonuncu məlumat bu oldu”, – Nofəl Qasımov “Abzas Media”ya danışıb.
Nofəl Qasımov hələ də ümid edir ki, qardaşının taleyi aydınlanacaq və onun nəşi nəhayət tapılacaq:
“Mən inanmıram ki, o doğranılıb, yandırılıb. İstəyirəm ondan nəsə tapılsın, Mingəçevirdə Şəhidlər Xiyabanında dəfn olunsun, bizim də gözümüz yollardan yığılsın.
31 ildir biz nə hisslər yaşamışıq. Atam da Natiq deyə-deyə dünyasını dəyişdi, anam indi də yataq xəstəsidir, mən özüm dəfələrlə insult keçirmişəm. Bunlar hamısı Natiqə görə keçirdiyimiz stresdəndir”, – deyə o, bildirib.