“Ocağa” gəlməyin: Azərbaycan-Rusiya sərhədində nə baş verir?
Azərbaycan vətəndaşları Rusiyadan vətənə qayıda bilmirlər
Azərbaycanda koronavirusla əlaqədar məhdudiyyətlər yumşaldılır, amma pandemiyanın xaricdə yaxaladığı bir çox ölkə vətəndaşları hələ də vətənə qayıda bilmir – onları quru sərhədlərindən buraxmırlar.
Azərbaycanla Rusiya sərhədinin yaxınlığında 400 nəfər beləcə vətənə qayıdacaqları günü gözləyir. Bu Azərbaycan vətəndaşları yerli hakimiyyətin müvəqqəti olaraq yataqxana qismində azərbaycanlı miqrantların ixtiyarına verdiyi uşaq düşərgəsinin ərazisində yaşayırlar.
Sərhədin keçilməsi ilə bağlı məhdudiyyət Azərbaycan tərəfində qüvvədədir. Bu ilin yazında vaksinasiya kampaniyası başlayandan Covid-19 pandemiyası ilə əlaqədar göstəricilərin xeyli yaxşılaşmasına baxmayaraq, Azərbaycan arzu edənlərin heç də hamısını evinə buraxmır.
Rusiya və Azərbaycan arasında hava əlaqəsi fevraldan etibarən bərpa olunub, amma quru sərhədində gözləyən insanların dediklərinə görə, təyyarə biletlərinin qiyməti çoxlarının imkanına görə deyil.
Azərbaycan-Rusiya sərhədindəki dəhliz vasitəsilə insanların əks tərəfə axını da davam edir. 17 və 18 mayda Dağıstandakı “Yaraq Qazmalar” gömrük-keçid məntəqəsindən pandemiyaya görə məcburən Azərbaycanda qalan 639 nəfər Rusiya vətəndaşı evinə qayıdıb.
“Dağıstan hazır deyil”
Azərbaycanlıların müvəqqəti yaşadığı düşərgə “Oqonyok” (“Ocaq”) adlanır, Rusiya tərkibindəki Dağıstan Respublikasının Qaytaq rayonunda yerləşir.Bu həftə “Kavkazskiy uzel” nəşrinin jurnalistləri düşərgəni ziyarət ediblər. Onlar düşərgədə olduqları zaman orada 400 nəfərə yaxın Azərbaycan vətəndaşı olub. Rayon administrasiyasının mətbuat xidmətindən birldirilib ki, azərbaycanlıların buradakı sayı mütəmadi olaraq dəyişir, çünki bir tərəfdən onları hər həftə hissə-hissə vətənlərinə aparırlar, digər tərəfdən isə Rusiyanın müxtəlif regionlarından yeni insanlar bura gəlməyə davam edir.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mayın 17-ə olan məlumatına əsasən, koronavirusun yayılması təhlükəsi ilə əlaqədar sərhədlər bağlanandan sonra Rusiyadan Azərbaycana yeddi mindən çox Azərbaycan vətəndaşı gətirilib.
Qeyd etmək lazımdır ki, bu gün Rusiyada epidemioloji vəziyyət Azərbaycandan xeyli daha pisdir. Bu günlərdə yerli hakimiyyətin açıqlamasına görə, respublikada xəstəxanaya yerləşdirilənlərin sayı son üç ayın maksimum həddinə çatıb. Azərbaycanda isə əksinə, koronavirus məhdudiyyətləri aradan qaldırılır.
Dağıstan hakimiyyəti bildirir ki, miqrantlar üçün düşərgədə epidemioloji vəziyyətə ciddi nəzarət olunur: “Hər gün temometriya aparılır, FHN hər gün korpusu dezinfeksiya edir”, – uşaq sağlamlıq düşərgəsinin direktoru Məhəmmədsəlim Xəlilov bildirib.
Maxaçkala Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədr müavini Eldar Osmanov həmyerlilərinə müraciətində Rusiya-Azərbaycan sərhədindən keçməklə bağlı məhdudiyyətlər aradan qaldırılana qədər Dağıstana gəlməmələrini xahiş edib. “Sizin diqqətinizə çatdırmaq istəyirəm kİ. Dağıstan çox sayda Azərbaycan vətəndaşlarını qəbul etməyə və yerləşdirməyə hazır deyil”, – iyunun 19-da “Novoye delo” Osmanovdan sitat gətirib.
Eldar Osmanov həmçinin artıq düşərgəyə gəlmiş azərbaycanlıları sanitar və ictimai təhlükəsizlik, o cümlədən də gigiyüna qaydalarına əməl etməyə çağırıb – məqalədə deyilir.
Aylarla çadırlarda
Azərbaycan 2020-ci ilin aprelində pandemiyaya görə Rusiya ilə sərhədi bağlayıb. Evlərinə buraxılmayan azərbaycanlılar Qullar sərhədyanı qəsəbəsinin yaxınlığında çadır düşərgəsində yerləşməli olublar.
Çoxları üçün çadırlar gecələyə biləcəkləri yeganə yerdi – insanların kirayə ev tutmaq üçün nə pulu vardı, nə də Dağıstanda onlara qapılarını açacaq tanışları və ya qohumları. Çoxları çadır düşərgəsində aylarla qalmalı olub, insanlar ədalətsiz qərarlardan şikayətlənirdilər – çox vaxt Azərbaycana növbəsi çatanlar yox, “imtiyazlılar” aparılırdı.
Bunun qarşısını almaq üçün çadır düşərgəsinin sakinləri etiraz aksiyaları keçirirdilər (bəzən etirazlar polislə toqquşmalara gətirib çıxarırdı) və hətta aclıq elan etmişdilər. Hüquq müdafiəçiləri bildirmişdilər Azərbaycanın öz vətəndaşlarının evlərinə qayıtmasını uzatmağa ixtiyarı yoxdur və Qullar qəsəbəsinin məcburi sakinlərinin Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək üçün bütün əsasları var.