“O çıxacaq, yenə bıçağa əl atacaq”, - qurbanın ailəsi Azərbaycan məhkəməsinin onu qoruyacağına inanmır
Keçmiş ərinin öldürmək istədiyi Dilarə Zeynalovanın ailəsi onun az cəza alaraq, həbsdən çıxan kimi yarım qalan işini tamamlayacağından qorxurlar.
“Biz cinayətkara ən sərt cəzanın verilməsini tələb edirik. Əgər düşürsə, ömürlük həbs”, – “Turan” agentliyi zərərçəkənin anasının sözlərindən sitat gətirib. O hesab edir ki, Azərbaycanda ailədaxili zorakılığa qarşı qanunlar işləmir və hakimiyyət bu mənada səriştəsizdir.
Dilarə Zeynalovanın hekayəsi ən səs-küylü hadisələrdən biridir, amma son bir neçə ayda Azərbaycanda baş verən yeganə qətlə cəhd halı deyil. 2019-cu ilin oktyabrında ailədaxili münaqişə zamanı Bakı sakini Leyla Məmmədova qətlə yetirilib – əri ona bıçaqla 25 zərbə endirib. Hələlik qatilə hökm oxunmayıb və media artıq hadisələrin inkişafını izləməyi buraxıb.
• Azərbaycanda məişət zəminində baş verən qətllərə qarşı sosial şəbəkələrdə kampaniya başlayıb
• Gürcüstanda femisid: elan olunmuş ölümlərin xronikası
İlk sevgi, boşanma və 15 bıçaq zərbəsi
2020-ci ilin fevralında Dilarənin keçmiş əri Ceyhun Bəhmənov ona küçədə övladlarının gözü qarşısında 15 bıçaq zərbəsi endirib. Qadın sağ qalıb, amma boğazı, ağciyərləri və bir gözü zədələnib.
Dilarənin anasının sözlərinə görə, Ceyhun dini fanatikdir. Onlar Dilarə ilə bir sinifdə oxuyublar və hələ onda bir dəfə qısqanclıq anında qızı bıçaqla yaralayıb. Oğlanın azadlıqda qalmasını keçmiş qayınanası atasının yüksək vəzifəli olması ilə izah edir.
Baş verən hadisəyə baxmayaraq, Dilarə Ceyhunla evlənib. Daha sonra o izah edib ki, Ceyhuna “yox” dediyi zaman onu ailəsi ilə təhdid edirmiş.
Anası danışır ki, Dilarə 17 il zorakılığa dözüb, sonra isə boşanıb. Bununla barışmayan keçmiş əri onu öldürməyə çalışıb.
Ceyhun Bəhmənova qarşı sağlamlığa xüsusi ağır zərər vurma və qətlə hazırlıq maddələri ilə cinayət işi açılıb. İndi o, istintaq təcridxanasında saxlanılır. Boğazından aldığı xəsarətə görə Dilarə hələlik danışa bilmir və istintaq qadının nə zaman ifadə verə biləcəyini gözləyir.
Dilarə Zeynalovanın valideynləri dövlətə inanmırlar və qorxurlar ki, çox vaxt olduğu kimi cinayətkar cəmi 6-7 ilə məhküm ediləcək.
This project is funded through the Democracy Commission Small Grants Program, U.S. Embassy Tbilisi. The contents of this publication are those of the Author(s) and do not necessarily represent the views of the Department of State.