Nino Xajomia
Nino Xajomia, 40 yaş, Tbilisi
“Bioloji göstəricilərə görə, uşaq dünyaya gətirə bilməzdim. Tibb elmi inkişaf etməsəydi heç vaxt övladlarım olmayacaqdı. İndi 13 yaşında olan Saba yoldaşımla mənim In vitro sayəsində dünyaya gələn genetik övladımızdır. Mən həmişə düşünmüşəm ki, Saba dünyaya gəlsə bu, möcüzə olacaq. Kilsə artıq çoxdan bizi proqressiv ideyalara qarşı çıxmağına, eyni zamanda In vitro mayalanmanı qadağan etməsinə alışdırıb. Yeri gəlmişkən, illər sonra bir keşişlə baş-başa gəldim. O dedi ki, mən lənətlənməliyəm, çünki Tanrının istəyinə qarşı çıxıb, süni yolla övlada sahib olmuşam. Ona çox sərt cavab verdim: Tanrı mənim övladsız qalmağımı istəyirdisə, In vitro heç bir nəticə verməzdi, ona görə də get nənənə lənət oxu.
Saba sağ-salamat dünyaya gəldi, halbuki bütün doqquz ay ərzində heç nəyin alınmayacağı təhlükəsi vardı. Bütün bu müddət ərzində düşünürdüm ki, mütləq ikinci uşaq dünyaya gətirmək, ya da övladlığa götürmək lazımdır.
Bu qərara gəlməyimin də öz səbəbləri vardı.
20-30 il əvvəl “60 dəqiqə” verilişində Kocordakı uşaq evində jurnalist araşdırması etmişdim, burada 3 yaşlı uşaqla çox sərt davranırdılar. Bir kadr ağlımdan çıxmır: 3 yaşlı uşaq yatmazdan əvvəl ayaqqabılarını və patlarını qatlayıb balışının altına qoyur ki, heç kim götürməsin, səhər çılpaq qalmasın. Bu, dəhşətli səhnəydi, bu səhnəni heç vaxt unuda bilməyəcəm. O vaxt ilk dəfə düşündüm ki, özüm nə qədər uşaq dünyaya gətirsəm də, birini mütləq övladlığa götürəcəm və ona ailədə normal yaşamaq imkanı verəcəm. Saba 1 yaş 6 aylıq olanda arzumu reallaşdırmağa başladım – ərimlə birlikdə südəmər körpə övladlığa götürmək istəyənlərin siyahısına yazıldıq…
Valideynlərimiz bu qərarı çox aqressiv qəbul etdilər. Anam dindar qadın olmasına baxmayaraq, məni hər yolla inandırmağa çalışırdı ki, səhv iş görürəm. Deyirdi ki, bu “ayıbdır”, genetika çox vacib məsələdir, ona görə də övladlığa götürəcəyimiz uşağın necə olacağı məlum deyil. Heç kimə qulaq asmırdım.
Yəqin az adamın xəbəri var ki, Gürcüstanda övladlığa götürməyin iki yolu var: leqal və qeyri-leqal. Birinci yol ondan ibarətdir ki, əvvəlcə abort etmək istəməyən və ya mümkün olan müddətdə bunu etməyən hamilə qadın tapılır. Bu qadına müəyyən məbləğdə pul ödənilir və uşaq doğum evindən dərhal sonra ailəyə düşür. Bunu regionlarda həyata keçirmək asandır. Qiyməti 2 mindən 5 min dollara qədərdir. Amma övladından imtina edən qadına 10 min dolların ödənildiyi hallar da olur.
Biz isə əvvəlcədən qanuni yolu seçdik. Rəsmi olaraq övladlığa götürmək üçün ərizə yazdıq. Xüsusi formada övladlığa götürməyin əsas şərtlərini qeyd etmək olar: misal üçün, dərinin, gözlərin, saçın rəngi, etnik və ya dini mənsubiyyət, körpənin fiziki göstəriciləri və s. Prosesi sürətləndirmək üçün heç bir şərt qoymadıq, istənilən uşağa razıydıq. Bununla belə, düz 10 il gözləməli olduq!
Ərizəni yazandan 4 il sonra agentliyə zəng vurdum, mənə dedilər ki, növbədə 662-ciyəm. Elementar riyazi hesablamalar göstərdi ki, 70-80 yaşım olanda uşaq götürə biləcəm! Burada əlbəttə ki, problem qanunvericilikdəki boşluqlardadır.
Qayğıdan məhrum uşaqlar Gürcüstanda heç də az deyil, amma onlara uşaq evlərində azı yarım ildə bir dəfə kimsə baş çəkirsə, bu uşaqlar övladlığa götürməyə imkan yaradan siyahılara daxil edilmir. Bu, hətta uşağın doğru-dürüst tanımadığı uzaq qohumlar da ola bilər. O, potensial olaraq doğma ailəsinə qaytarılan sayılır. Buna görə də övladlığa götürmə çox uzun prosesdir.
10 il gözlədik, 28 dekabr 2013-cü ildə isə bizə zəng edib dedilər ki, “uyğun” bir uşaq var, onu Rustavidə, övladlığa götürən ailənin yanında görmək olar, uşaq 9 aylıqdır. Əvvəlcə kiminsə bizi ələ saldığını düşündüm, bu Yeni il ərəfəsində edilən zarafata bənzəyirdi, “Komedi-şou”dakı oğlanların zarafatı kimi. Hesablamalarıma görə, növbə bu qədər sürətlə irəliləyə bilməzdi ki, mənim də sıram belə tez gəlsin. Sonra öyrəndim ki, Nikoloz hamı tərəfindən tərk edilmiş bir uşaqdır…
Elə səhəri gün gedib, uşağa baxmaq qərarına gəldim. Sabanın onda artıq 11 yaşı vardı. Bütün gecəni yatmadım. Bu ömrümün ən ağır gecəsi idi. Birdən hər şeydən qorxdum. Qorxdum ki, nə vaxtsa Sabaya daha çox diqqət ayırmağa başlayacam, Nikoloz da arxa plana keçəcək, səhv etdiyimi də vaxtında anlamayacam… Bu, mübarizə gecəsi idi və Nikoloz qalib gəldi. Mən qərarımı verdim.
İlk görüşümüz məni haqlı olduğuma bir az da əmin etdi. Şala bürünmüş körpəni görən kimi hiss etdim ki, bu mənim 10 il yolunu gözlədiyim həmin o uşaqdır.
Amma bizi qabaqda hələ bürokratik proseduralar gözləyirdi – məhkəmə, reyestr, sosial işçilərlə görüşlər. Bütün bunlar olmadan, uşağı götürmək mümkün deyildi. Buna iki ayımız getdi.
Bu müddət ərzində Nikolozun bioloji anası barədə də düşünürdüm. Onu müəyyən mənada anlayırdım. Bəlkə çox yoxsuluydu, bəlkə yemək almağa belə imkanı yoxuydu, uşağı necə böyüdəydi, bəlkə buna görə ondan imtina etməyə məcbur olub?! Onu tapmaq, qadın kimi danışmaq istədim, o desəydi ki, uşağını qaytarmaq istəyir, qaytarıb ona hər ay maddi kömək etmək fikrim vardı. Axtarışa başladım, onun yaşadığı regionu, hətta kəndi də tapdım. Məni saxlayan yeganə şey də o oldu ki, axtarış prosesi zamanı birdən anladım ki, bu qadın bir gün də olsun öz övladı uğrunda mübarizə aparmayıb. O, Nikanı doğum evində atıb, oradan qaçıb…
28 fevral 2014-cü ildə Nika evimizə “qədəm basdı”, həmin gecə biz ilk dəfə qucaqlaşıb, yatdıq.
Öz bioloji övladıma daha çox diqqət yetirəcəyimlə bağlı qorxularım əsassız imiş. Heç bir fərqi yoxdur, bioloji övladını dünyaya gətirirsən, onu bətnində gəzdirirsən, yoxsa övladlığa götürürsən. Əsası uşağa verdiyin sevgi və qayğıdır. Çox vaxt hətta Nikanın genetik övladım olmadığını düşünmürdüm də, içimdə Nika ilə Saba arasında heç bir fərq qoymuram.
Hesab edirəm ki, valideynlər uşağa onu övladlığa götürdüklərini gizlətməklə səhv edirlər. Düşünürəm ki, valideynləri buna vadar edən eqoizm hissidir. Uşaq mütləq öz bioloji valideynləri barədə həqiqəti bilməlidir. Nika müəyyən yaşa çatanda, bunu anlamaq iqtidarında olanda, istəsə mütləq ona anasının kim olduğunu deyəcəm. İndi Nikanın 4 yaşı var, amma artıq aramızda “hazırlıq dialoqları” olub. Misal üçün, bəzən xəbər alır: “Ana, mən sənin südünü əmmişəm?” Mən də cavab verirəm: “Yox, oğlum, sən bizim evə gələndə artıq böyük oğlan idin və adi sıyıq yeyirdin”. Nika xəbər alır: “Bəs o vaxta qədər hardaydım?” Cavab verirəm: “Səni bir neçə ay saxlayan yaxşı bir ailədə, sonra da biz səni evimizə gətirdik”.
Nikanı övladlığa götürəndən sonra iki ad gününü qeyd edirik: 28 fevral – evimizin “kandarından” keçdiyi günü və 13 mart – onun real ad gününü. Düşünürəm ki, gələcəkdə bu ona bütün baş verənləri daha ağrısız dərk etməyə kömək edəcək, bizə də onun verdiyi suallara cavab vermək daha rahat olacaq.
Mən əsla bu stereotiplə razı deyiləm ki, uşaq övladlığa götürüldüyünü bilməməlidir, bu onun üçün stress olacaq. Mən düşünürəm ki, stressə o hansısa “xeyirxah” adamlardan həqiqəti öyrənəndən sonra düşəcək. O, mütləq səni yalan içində böyüdüyünə görə günahlandıracaq.
Tez-tez düşünürəm ki, Nika öz bioloji anasıyla tanış olmaq və ya onunla yaşamaq istəsə, görəsən, onu qısqanacam? Bu vaxt məsələni bu cür qoyuram: biz valideynlər uşağı qocalıqda kiməsə söykənmək üçün deyil, onu güclü və sevməyi bacaran bir insan kimi böyütmək istəyiriksə, onda bu cür qısqanclıq üçün də heç bir əsas yoxdur.
* * *
“Gürcüstanlı qadınlar” sosial layihəsi “Qadının səsi” qadın təşəbbüs qrupu tərəfindən həyata keçirilir. (müəlliflər: Maiko Çitaya, İda Baxturidze, Nino Qamisoniya). Foto: Nina Baidauri, Salome Tsopuraşvili. Layihə Milli Demokratiya İnstitutunun (NDI) dəstəyi və İsveçin İnkişaf Agentliyinin (SIDA) maliyyə dəstəyi ilə realizə olunur. #ქალებისაქართველოდან