Nika Musəvi, Bakı
Bahalı don alıb, sonra da onu bir dəfə də olsun geyinməmək tam qadınlara xas olan xüsusiyyətdir. Buna görə də yəqin ki, azərbaycanlı qadınların müsəlman Şərqində ilk dəfə səsvermə hüququnu alıb [Azərbaycan Demokratik Respublikasının vaxtında, 1918-ci ildə], sonradan ondan demək olar ki istifadə etməməsində təəccüblü heç nə yoxdur. Ümumiyyətlə Azərbaycanda qadın haqları ilə bağlı qəribə bir vəziyyət hökm sürür. Konstitusiyaya əsasən, onlar kişilərlə tam bərabər hüquqludurlar. Gerçəkdə isə cəmiyyətdə yazılmamış məhdudiyyətlər siyahısı mövcuddur, onun uzunluğu və mahiyyəti sosial təbəqədən asılı olaraq dəyişir. “Kişi peşələri”nə vetodan tutmuş müşayiətsiz evdən çıxmağa qadağaya qədər. Cəmiyyətimiz mühafizəkardır, nə edəsən?!
Daha doğrusu, nəsə etmək olar. Hər halda ötən əsrin əvvəllərində vəziyyət daha acınacaqlı olanda azərbaycanlı qadınlar hətta çadralarını da ata biliblər. Düzdür, indi başlarına bu dəfə könüllü şəkildə taxdıqları elə həmin o çadranı. Amma hazırda mövzu başqadır. O vaxt, yəni 100 il əvvəl Azərbaycanda qadınları tamhüquqlu insan kimi qəbul etdilər.
Rəsmi səviyyədə. Qeyri-rəsmi səviyyədə isə indiyə qədər də onların qarşısında ölüm-dirim mübarizəsi üçün geniş meydan açılır.
Seksizmlə son döyüşə çıxmağa hazır olan (axı indi bu, dünyada çox dəbdədir) azərbaycanlı amazonları alınan yüksəkliklər və rahat səngərlər gözləmir. Feminizm bu gün də dəbdədir. Bir vaxtlar ulu nənələrimizin etdiyi kimi, vəziyyətdən istifadə etməyin tam zamanıdır. Amma istifadə etmirlər. Etməyəcəklər də. Və Azərbaycanda cinsi bərabərlik planında heç bir ciddi dəyişiklik gözlənilmir.
Ən azı ona görə ki, qadınların müəyyən bir kateqoriyasına bu, ümumiyyətlə lazım deyil. Onlar böyük həvəslə evdar xanım olur, özlərini tam mənasıyla ailələrinə həsr edir, ərlərinin sözünə qulaq asır, həftədə üç dəfə gözəllik salonuna baş çəkir və “Facebook”da “Mən qızam, heç nəyi həll etmək istəmirəm, don istəyirəm” səpkili şəkillər paylaşırlar.
Həmin vaxt ikinci kateqoriya qadınlar barrikadalara çıxır, növbəti məişət zorakılığı hallarını üzə çıxarır, reabilitasiya mərkəzləri açır, sosial aksiyalar keçirir və birinci kateqoriyaya artıq XXI əsrdə yaşadığımızı çatdırmağa çalışırlar.
Üçüncü kateqoriya isə heç cür qərara gələ bilmir ki, “bərabərhüquqlu” olmağı, yəni kafedə öz yerinə hesab ödəməyi, qapını özünün açmağını, səhv, mübahisə, emosional gərginlik və s. kimi hallarda gender əlamətinə görə onlara heç bir bəraət və güzəşt haqqının tanınmamasını istəyir, ya yox. Bu qadınlara görə, kişilərlə bərabərhüquqlu olmaq yaxşı şeydir, amma qədərində.
Psixoloq, ezoterik və digər şamanların kitablarını oxuyan dördüncü kateqoriya hesab edir ki, qadın ümumiyyətlə ilahədir və ilahəyə yaraşan münasibətə layiqdir. Bu da öz-özlüyündə bərabərliyi inkar edir. Xüsusilə də nəzərə alsaq ki, Afroditaya hamı səcdə etsə də, onun Yunanıstanın idarə olunması ilə bağlı fikri heç kimə maraqlı deyildi.
Və nəhayət, beşinci kateqoriya da var ki, onun ümumiyyətlə cinsi bərabərlik, qadınların fikir bildirmək hüququ və s. kimi anlayışların mövcudluğundan xəbəri belə yoxdur (və ya olmasını istəmir). Çünki bu xanımlar paytaxtdan uzaqda, patriarxal şəraitdə, demək olar ki, informasiyadan təcrid olunmuş bir vəziyyətdə böyüyüblər, kişiyə tam itaəti norma kimi qəbul edirlər və onlar üçün az qala yeganə mövcud etiraz forması sevgilisinə qoşulub evdən qaçmaqdır.
İstənilən mübarizənin uğurunun ən həlledici amillərindən biri birlik olduğu üçün yaxın gələcəkdə Azərbaycanda əsl cinsi bərabərliyi gözləməyə dəyməz. Yeri gəlmişkən, elə ulu nənələrimizin də həmin o səsvermə hüququnu qazanmaq üçün dəridən-qabıqdan çıxıb-çıxmadığı hələ dəqiq deyil. Bəlkə də onların sadəcə “hədiyyə”dən imtina etməyə üzü gəlməyib.