Şərh. Əlçatmaz Naxçıvan – Azərbaycan dövləti daxilində dövlət haqda
İlk dəfə dərc olunub: 18.07.2019
Azərbaycan konstitusiyasına əsasən, Naxçıvan dövlət daxilində dövlətdir. Gəzən söz-söhbətə görə, sadə ölkə vətəndaşı Naxçıvana gələ bilməz – guya onu geri qaytaracaqlar. Məncə, bu, sadəcə mifdir – orada qohumlarımız yaşayır, amma bu barədə heç kim heç vaxt sual verməyib. Biz sadəcə təyyarəyə bilet alıb gedirik.
- «Buraxılmış semestrə görə niyə pul ödəməliyəm?» və Azərbaycanın təhsil sisteminə başqa suallar
- “Azərbaycanda yaşamaq mənim haqqımdır” – keçmiş vicdan məhbusu, jurnalist Əfqan Muxtarlı JAMnews-a gələcəyə dair planları haqda danışıb. Video
- Nə koronavirus, nə karantin, nə maska, nə sosial məsafə – “Bakı qəsəbəsindən” fotolar
Mən Naxçıvan Muxtar Respublikasının paytaxtı Naxçıvan şəhərində gördüklərim və yerli sakinlərdən eşitdiklərim haqda yazacağam.
“Xanın” nəzarətində könüllü-məcburi iməcilik
Naxçıvan Muxtar Respublikası sədrin rəhbərliyi ilə Ali Məclis tərəfindən idarə olunur. 1993-cü ildən indiyə qədər hər beş ildən bir bu vəzifəyə Vasif Talıbovu təkrar-təkrar seçirlər. Ondan əvvəl isə Ali Məclisin sədri Heydər Əliyev olub.
Naxçıvan gözəl şəhərdir – çoxlu bağlar, parklar var, həm də Bakıdakı kimi mərmərlə döşənməyib. Hər tərəf yaşıllıq və ətirli gül-çiçəkdir.
Bir neçə il əvvəl ən son gəldiyimdən bəri kafelərin sayı artıb. Kafeyə yalnız kişilər yox, qadınlar da gedir, parklarda isə cütlüklər gəzir – bütün bunlar patriarxal Naxçıvan üçün əvvəllər nadir mənzərə idi.
Ümumilikdə şəhərdə “təsərrüfatçı əli” hiss olunur – hər tərəf tərtəmizdir, məktəb və uşaq bağçası binaları ya yenidir, ya da təzəcə təmir olunub. Ona görə təmiz deyil ki, zibilləyən yoxdur. Bütün dövlət qulluqçuları vaxtaşırı olaraq “iməciliyə” çıxır, lap sovet dövründə olduğu kimi, təmizləyirlər, yuyurlar, küçələri süpürürlər.
Talıbov – onu daha çox “xan” adlandırırlar – hamının iməcilikdə iştirakına, aradan çıxmamasına şəxsən nəzarət edir.
“Sinifdənxaric oxu”
Talıbovun vətəndaşların təhsilinə qayğı göstərməsi hamıya məlumdur – oxunması tövsiyə olunan 30 kitabdan ibarət siyahı tərtib edib. Əlbəttə, bütün naxçıvanlıları bu kitabları oxumağa məcbur etmək mümkün deyil, amma yerli media bacardığı qədər insanları dilə tutmağa çalışır.
Kitablar arasında – “Ümummilli liderin Azərbaycan xalqına müraciəti”, “Kitabi Dədə Qorqud” qədim türk eposu, görkəmli Azərbaycan müəlliflərinin, həmçinin dünya klassiklərinin kitabları – Ernest Heminquey, Nikkolo Makiavelli, Qi de Mopassan, Antuan de Sent-Ekzüperi.
“Ciddi qaydaların” fəsadları
İməcliklər də, ədəbi tövsiyələr də əksər naxçvanlılar tərəfindən bir növ onların qayğısının çəkilməsi kimi qəbul edilir. Amma respublikada yaşamın “iqtisadi tərəfi” o qədər də parlaq deyil.
Getdikcə burada yaşamaq daha da çətinləşir, əsas problem isə işsizlikdir. Bir neçə il əvvəl açılmış NAZ-Lifan avtomobil zavodu hamını işlə təmin etməyə qadir deyil. İnsanlar kütləvi şəkildə dolanışıq üçün Bakıya, İrana, Türkiyəyə və Rusiyaya üz tutur.
Ərzaq məhsulları son zamanlar hiss olunacaq qədər bahalaşıb. Bir qadının dediyi kimi “ya pomidor alırlar, ya xiyar – ikisini birdən almaq çox baha başa gəlir”. İnsanlar öz bostanlarında və bağlarında becərdikləri meyvə-tərəvəzlə dolanırlar.
Sakinlərin çoxu zaman-zaman qonşu Türkiyəyə – sərhəddə yerləşən İğdır şəhərinə gedib, bir neçə aylıq ərzaq tədarüklərini görürlər. Orada quru ərzaqlar – düyü, yarma, yağ, məişət kimyası – paltar yuyucu toz və s. Naxçıvanla müqayisədə xeyli ucuzdur.
Çayxana qadağandır – bəsdir, avaralandız!
Bir sözlə, son bir neçə ildə Naxçıvanda yaşamaq ağırlaşıb. Əvvəllər Azərbaycan üçün ənənəvi formatda – istənilən çayxanada pürrəngi çay ətrafında həyatdan şikayətlənmək, hakimiyyətin qarasınca danışmaq, vəziyyətdən çıxış yolları haqda düşünmək mümkün idi.
Mütləq hakim Vasif Talıbovun qərarı ilə çoxsaylı çayxanalar bağlanıb, bütün paytaxtda ancaq bir “tarixi” çayxana qalıb – XVIII əsrə aid hamamın binasında.
Çayxanaların niyə “ləğv edildiyi” bəlli deyil. Ya orada siyasətdən çox danışılırdı, ya da Talıbov sadəcə insanların uzun müddət işsiz oturmasını istəmir.
Baş tutmamış biznes
Naxçıvanın təbiəti çox gözəldir, tarixi, mədəni, dini əhəmiyyətli abidələr çoxdur, hətta xaricdə də tanınan müalicəvi kurort var, bir sözlə, turizmin ən müxtəlif növlərinin inkişaf etdirilməsi üçün bütün şərait mövcuddur. Amma yerli sakinlərin dediyi kimi, respublika rəhbəri yad adamları bura buraxmaq istəmir. Əslində Talıbov Azərbaycanda elə bu tərəfi ilə məşhurdur.
Bu, nədə ifadə olunur? İlk növbədə hakimiyyət çalışır ki, mümkün qədər az “xəbər sızıntısı” olsun. İnternet o qədər də yayılmayıb və naxçıvanlıların sözlərinə görə, “yuxarıdan” nəzarətdə saxlanılır. Naxçıvan hüdudlarından kənarda az adam bilir ki, bura niyə və necə gəlmək olar.
Naxçıvana gələn azsaylı turistlər muxtar respublika haqda burada yaşayan yaxınlarından eşidən insanlardır.
Beləliklə, vətəndaşlar üçün mümkün gəlir imkanı Naxçıvanın əfsanəvi “qapalılıq” imicinə qurban verilib.