Kommunikasiyaların açılması: Ermənistan üçün yeni imkanlar, yoxsa təhlükəsizliyin təhdidi?
Nəqliyyat kommunikasiyalarının açılması Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci ildə imzaladığı bəyanatda nəzərdə tutulub. Bu sənəd Qarabağda 44 gün davam edən müharibəyə son qoyub.
Razılaşmanın maddələrindən biri regionda Qarabağ münaqişəsinə görə otuz il müddətində qapalı qalan nəqliyyat kommunikasiyaları ilə bağlıdır.
Üçtərəfli bəyanata əsasən, Ermənistanın İranla sərhədi boyunca tranzit quru dəhlizi Azərbaycanı onun eksklavı – Naxçıvan Muxtar Respublikası ilə birləşdirməlidir.
Bu tranzit dəhlizi Ermənistanda mübahisə səbəbinə çevrilib. Ermənistanın ekspertlərin fikrincə, hakimiyyətin nəqliyyat kommunikasiyalarının açılmasının iqtisadi yenilənmələrə səbəb olacağı ilə bağlı vədləri mifdir. Onların fikrincə, yolların açılması Ermənistana “növbəti geosiyasi risklərdən” başqa heç nə vəd etmir.
- “Qan, tər, gözyaşı və səriştəli idarəçilik” – politoloqdan Ermənistanın böhrandan çıxış formulu
- Moskva, yoxsa Brüssel? Ermənistanın baş naziri haqda niyə qərbyönlü siyasətçi təəssüratı yaranıb?
Üçtərəfli razılaşmanın həyata keçirilməsi
Yanvarın 11-də Rusiya prezidenti Putinin təşəbbüsü ilə Moskvada Ermənistan, Azərbaycan və Rusiya liderlərinin üçtərəfli görüşü keçirilib. Tərəflər üç ölkənin baş nazir müavinlərinin iştirakı ilə “regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması” ilə məşğul olacaq işçi qrup yaratmaq haqda razılığa gəliblər.
Baş nazir müavinlərinin ilk görüşü yanvarın 30-da Moskvada baş tutub. Üç ölkənin baş nazir müavinləri Ermənistan, Rusiya və Azərbaycan arasında yeni nəqliyyat dəhlizləri ilə məşğul olacaq bir neçə ekspert yarımqrupunun yaradılması ilə bağlı razılığa gəliblər:
- dəmiryolu və avtomobil daşımaları üzrə;
- onların təhlükəsizliyinin təmin edilməsi üzrə;
- daşımalar zamanı gömrük, sanitar və veterinar nəzarətin təşkili üzrə.
Yarımqruplar fevralın 2-ə qədər yaradılmalıdır və fevralın 5-ə qədər ilk müzakirələrini aparmalıdır.
Hansı nəqliyyat dalanları açılmalıdır?
Cənubi Qafqazda yeni dəmiryolu xətti və avtomobil yolları bir neçə nəqliyyat dalanını açmağa imkan verəcək, məsələn:
- Azərbaycanın Naxçıvan Muxtar Respublikasını ölkənin qalan hissəsi ilə birləşdirəcək, bunun üçün də yol Ermənistan ərazisindən salınıb (indi Naxçıvana səfərlər ancaq hava yolu ilə və İran ərazisindən mümkündür);
- Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçən avtomobil və dərmiryolu xətləri açılacaq (hazırda Ermənistandan Rusiyaya yeganə və kritik mühüm yol Gürcüstandan keçir, bu yol çox yüklənir və hava şəraiti üzündən tez-tez bağlanır);
Rusiya və Türkiyə Ermənistan və Azərbaycan ərazisi vasitəsilə quru əlaqəsi imkanı əldə edəcək.
Ekspertlər nə deyir?
Politoloq Vahe Davtyan hesab edir ki,tərəflərin razılaşmaların iqtisadi məqsədyönlülüklə az əlaqəsi var və “Ermənistana növbəti geosiyasi risklərdən başqa heç nə vəd etmir”:
“Regionda Ermənistanın nəqliyyat infrastrukturlarının inteqrasiyası ilə kommunikasiyaların açılması haqda bəyanatlarson 2,5 ildə Ermənistannın siyasi gerçəkliyinə xas olan növbəti populizm ifadəsindən başqa bir şey deyil.
Çünki yeddi başlı olmağa ehtiyac yoxdur anlayasan ki, dəmiryolu xəttinin göstərilmiş marşrut üzrə işə salınması Ermənistan ətrafında nəqliyyat xalqasını tamam qapadacaq, bunun da nəticəsində respublikanın son 30 ildə qaldığı blokada nəinki yox olmayacaq, əksinə yeni çalarlar alacaq”.
Vahe Davtyanın fikrincə, 1993-cü ilə qədər mövcud olmuş Qars-Gümri dəmiryolu xəttinin işə salınmasının mənası ola bilərdi:
“Tutaq ki, hazırkı hissə istismara yararlı vəziyyətdədir, mütəxəssislərin dəyərləndirməsinə görə, müvafiq təmir işlərinin aparılması nəticəsində 1-2 ay ərzində işə salına bilər. Bu hissədə qatarların hərəkətinin bərpası zamanı regional kommunikasiyaların açılması Ermənistanın Yerasx (Ararat vilayətinin şimalı) rayonundan Naxçıvana və yuxarıda qeyd olunan marşrut üzrə Bakıya qədər davam edə bilərdi.
Amma Türkiyə-Azərbaycanın nəqliyyat strategiyasının sərt proteksionizmi şəraitində Ermənistanın nəqliyyat infrastrukturunun tam cəlb olunması ilə kommunikasiyaların açılması bugün çətin ki, reallaşdırıla bilsin”.
Bununla əlaqədar olaraq politoloq hesab edir ki, Ermənistan tərəfi kommunikasiyaların açılması üzrə danışıqlar çərçivəsində öz suyektliyini sual altına qoyaraq sadəcə Türkiyə-Azərbaycan tandeminin maraqlarını ödəyir.
Onun sözlərinə görə, Ermənistan faktiki olaraq öz milli maraqları olan dövlət kimi yox, Ankara və Bakının nəqliyyat inteqrasiyasına açıq ərazi kimi çıxış edir.
Qloballaşma və Regional Əməkdaşlıq üzrə Analitik Mərkəzin rəhbəri, politoloq Stepan Qriqoryan Cənubi Qafqazın debloklanmasının, Ermənistan-Azərbaycan yollarının açılmasının Kremlin maraqlarından irəli gəldiyini təbii hesab edir. Onun fikrincə, Rusiyanın məqsədi Rusiyadan Türkiyəyə quru yolunun maneəsiz fəaliyyət göstərməsidir.
Stepan Qriqoryan etiraf edir ki, kommunikasiyaların açılması müəyyən mənada Ermənistanın da marağndadır, amma bununla belə riskləri də qeyd edir:
“Məsələn, Azərbaycan vasitəsilə bizim yüklərin təhlükəsizliyi təmin olunacaqmı, ya yox. Amma əsas risk, əgər, məsələn, status [Dağlıq Qarabağın] məsələsi gündəliyə salınmayacaq və proqram Azərbaycanın Qarabağın statusunu müzakirə etməyə razı olduğu zaman inkişaf edəcək, ya da yox. Əsirlərlə bağlı məsələ də hələ həll eilməyib”.
“Apaven” yükdaşıma şirkətinin direktoru Qaqik Ağacanyan hesab edir ki, Meğridən keçməklə Azərbaycanın cənub regionunu Naxçıvanla və Türkiyə ilə birləşdirən dəmiryolu xəttinin inşası Ermənistanın tam nəqliyyat təcridi ilə nəticələnəcək ki, bu da fəlakət ola bilər.
Onun fikrincə, nəqliyyat kommunikasiyasını Meğrisiz də açmaq mümkündür, üstəlik minimum xərclərlə. Biznesmen Türkiyədən Axuryan, Gümri, Yerevan, Yersax vasitəsinə Naxçıvana gedən dəmiryolu xəttinin istismarı haqda danışır:
“Yersax Naxçıvan sərhədinin 500-600 metrliyində yerləşir. Biz dəmiryolu xətti inşa edə bilərik, bu, sərhədə qədər 500 metrdir, vəssalam. Yerasxdan yol Naxçıvan vasitəsilə Gürcüstanın Qaradəniz limanlarına çıxışa imkan verəcək. Bundan başqa, bu yol Meğri dəhlizi kimi Ermənistandan yan keçməyəcək”.