Mətbuat Azadlığı günündə Azərbaycan mətbuatı 151-ci yerdə
Azərbaycanda media azadlığı
Sərhədsiz Reportyorlar təşkilatının dərc etdiyi Ümumdünya Mətbuat Azadlığına dair yeni indeksində Azərbaycan üç pillə irəliləyərək 180 ölkə içərisində 151-ci yeri tutub. Amma Sərhədsiz Reportyorların Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyir ki, irəliləmə Azərbaycanda müsbətə doğru dəyişikliklərlə bağlı deyil, digər ölkələrin daha pis nəticə göstərməsi ilə əlaqədardır.
- Qəzet mətbəəsində keçən 30 il
- Aİ Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcəkmi? Bakıdan görünüş
- Avropa Parlamenti Azərbaycan məmurlarına qarşı sanksiyalar tətbiq etməyə çağırır
“Azərbaycan yeni ümumdünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 151-ci yerdə, Pakistan və Əfqanıstan arasında qərarlaşıb. Keçən illə müqayisədə bir qədər yaxşı olsa da, bu, reytinqdə Azərbaycanın ətrafında yer alan ölkələrin daha pis nəticə göstərməsi ilə bağlıdır. Ən əsası odur ki, Azərbaycan hələ də indeksdə çox pis nəticə göstərən ölkələr sırasında qalır. Jurnalistika Azərbaycanda çox təhlükəli peşədir”, – Janna Kavelye qeyd edib.
Sərhədsiz Reportyorlar indeksin hazırlanmasında beş əsas göstəricini nəzərə alır: siyasi kontekst, hüquqi çərçivə, iqtisadi kontekst, sosial-mədəni kontekst və təhlükəsizlik. Azərbaycanda xüsusilə, jurnalistlərin təhlükəsizliyi üzrə göstəricidə ciddi geriləmə olduğu nəzərə çarpır. Geriləmənin müşaiyət olunduğu digər bir göstərici isə hüquqi çərçivədir.
Janna Kavelye bunun Azərbaycanda “Media haqqında” yeni qanunun tətbiqi ilə əlaqədar olduğunu deyir.
“Əslində hakimiyyət yeni qanunun media mühiti üçün xeyirli olacağını deyirdi, amma bir ildən sonra müşahidə etdiyimiz odur ki, 40 media orqanı akkreditasiya almayıb, əlavə 20 jurnalist də bundan məhrum edilib. Hakimiyyət özbaşına kimin jurnalist olub, kimin olmadığına qərar verir və reyesterdən keçən bütün insanların şəxsi məlumatlarını saxlayırlar. Mətbuat azadlığı yırtıcısı kimi təsnif edilən İlham Əliyevin idarə etdiyi avtoritar rejimdə bu, çox təhlükəlidir. Ona görə də biz Azərbaycan hakimiyyətini qanunu tamamilə yenidən nəzərdən keçirməyə və alternativi, yəni özünütənzimləməni təşviq etməyə çağırırıq”, – Kavelye “Amerikanın Səsi”nə deyib.
Zorakılıq, təhdid, təqib…
“Özünü müstəqil adlandıran və həqiqi mənada müstəqil olan hər kəs bilir ki, Azərbaycanda mətbuat azadlığı yoxdur”, – deyən müstəqil jurnalist Ülviyyə Əlinin sözlərinə görə, bunu həm şəxsi təcrübəsində hiss edir, həm də müxtəlif beynəlxalq təşkilatların hesabatları bunu deməyə əsas verir.
“İfadə azadlığının az qala cinayət sayıldığı, jurnalistlərin müxtəlif zorakılıqlara, təzyiqlərə, işgəncələrə, təhdidlərə, həbsə və ölümə məruz qaldığı bir ölkədə mətbuat azadlığından söhbət gedə bilməz. Jurnalistlərin Pegasus casus proqramı ilə dinlənilməsi, onların şəxsi həyatına dair paylaşımların yayılması kimi hallar baş verib. Ölkədə bir neçə müstəqil medianın saytı bloklanıb. Ötən ilin fevralında qəbul edilmiş yeni media qanunu da bu nəzarətin daha da güclənəcəyindən xəbər verir. Təkcə bu nümunələr kifayətdir ki, Azərbaycanda mətbuatın hansı vəziyyətdə olduğunu görə bilək”, – müstəqil jurnalist bildirir.
Ülviyyə Əli artıq 7 ildir ki, müstəqil jurnalist kimi çalışır. Bu dövrdə öz peşə fəaliyyətini yerinə yetirərkən dəfələrlə saxlanılıb, polis tərəfindən zorakılığa məruz qalıb. Bu faktlarla bağlı şikayət etsə də, məhkəmə şikayətlərini əsassız sayıb. Yerli instansiyalarda heç bir nəticə ala bilmədiyi üçün Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
“2021-ci ilin avqust ayında feminist fəallar Xəzər Rayon Polis İdarəsinin önündə aksiya edərkən fəallarla birlikdə mən və bir neçə jurnalist həmkarım da polis tərəfindən saxlanıldıq və zorakılığa məruz qaldıq. Mənim kamerama da xəsarət yetirilmişdi. Lakin məhkəmə bu şikayətimizə də məhəl qoymadı. Belə müxtəlif hadisələr olub ki, şikayətlərimiz nəticəsiz qalıb və araşdırılmasında maraqlı olmayıblar”.
Azərbaycanda müstəqil jurnalist olmaq…
Ülviyyə Əli deyir ki, jurnalist olaraq öz peşə fəaliyyətini yerinə yetirərkən daha çox işinin keyfiyyətli olmasına yönəlmək istəyərdi. “Lakin görünən odur ki, sən işindən daha çox qarşına qoyulan maneələri aşmaqla məşğul olmağa məcbur qalırsan”.
Jurnalist mediaya dair qanunvericiliyin də media nümayəndələrini qorumadığını, hətta maneələri artırdığını qeyd edir:
“Azərbaycanda jurnalistin fəaliyyətinə mane olmağa görə cinayət məsuliyyəti nəzərdə tutulur, amma bu yalnız kağızda qalır, heç kim cəzalandırılmır. Media haqqında qanun da digər sadaladığım məsələlər kimi mətbuata qoyulmuş maneələrdən biridir, həmçinin jurnalistin müstəqil fəaliyyətini məhdudlaşdırır.
Azərbaycan Avropa Şurasının üzvü olan ölkə kimi öz qanunlarını, normativ aktlarını Avropa Şurasının standartlarına uyğunlaşdırmalıdır. Ancaq bu qanun Azərbaycanın üzvü olduğu Avropa Şurasının standartlarına uyğun gəlmir.
Baxmayaraq ki, Avropa Şurasının Venesiya Komissiyası “Media haqqında” qanuna mənfi rəy verdi, yenə də qanun qüvvəyə mindi. Ümumiyyətlə, qanun mətbuat və ifadə azadlığına müdaxilələr etməyə geniş şərait yaradır və “Domokl qılıncı” kimi jurnalistlərin başının üstündə dayanıb. Qanunda yer alan Media Reyestri məsələsi isə ümumiyyətlə absurddur. Niyə dövlət, yaxud başqa bir qurum mənim jurnalist olduğumu təsdiqləməlidir? Niyə mən jurnalist olduğumu kiməsə sübut etməliyəm?
Bu qanun olmayanda da jurnalistlər müxtəlif təzyiqlərlə və maneələrlə üzləşirdilər, lakin qanundan sonra görünür ki, vəziyyət daha da mürəkkəbləşəcək”, – Ülviyyə Əli deyir.
Peşə fəaliyyəti zamanı polis zorakılığı
Ötən il dekabrın 28-də Milli Məclisin önündə “Media haqqında qanun” layihəsinə etiraz əlaməti olaraq keçirilən aksiya zamanı polis zorakılığı nəticəsində büzdüm sümüyü sınan müstəqil jurnalist Nərgiz Absalamova da deyir ki, “Azərbaycanda mətbuat azadlığı” deyəndə ağlına müsbət heç nə gəlmir.
“Təəssüf ki, biz Azərbaycanda Mətbuat Azadlığı Gününü qeyd edə bilmirik, çünki ölkə olaraq bu sahədə xeyli geridə qalmışıq. Küçə sorğusu etdiyim zamanlarda polislər yaxınlaşaraq sorğu edə bilməyim üçün İcra Hakimiyyətindən icazə almalı olduğumu deyirlər. Etiraz aksiyalarında peşə fəaliyyətimi yerinə yetirərkən polislər tərəfindən çəkilişə törədilən maneələr, itələnməyim ağlıma gəlir.
Qəbul olunan “Media haqqında qanun” layihəsinə etiraz etdiyim zaman polislər məni itələdi və yıxıldım. Nəticədə büzdüm sümüyüm qırıldı. Bu hadisədən sonra aylarla müalicə aldım, bir il sonra əməliyyat olundum. Lakin bu hadisənin mənə fiziki olaraq törətdiyi zədə hələ də qalır. Sağlamlığım hələ də tam bərpa olunmayıb. İndi aksiyalara çəkilişə getdiyim zaman ehtiyatlı olmağa çalışıram, çünki bir daha qırılsa, daha pis nəticələri ola bilər”,- N. Absalamova başına gələnləri danışır.
Yeni qanunla bağlı Konstitusiya Məhkəməsinə şikayət
“Bu qanunu mətbuatın edam hökmü kimi qiymətləndirmək lazımdır”, – Arqument.az saytının baş redaktoru Şəmşad Ağa belə deyir. Onun sözlərinə görə, işlədiyi sayt 2018-ci ildə məhkəmə qərarıyla iki dəfə bloklanıb.
“Bu qanunu mətbuatın edam hökmü kimi qiymətləndirmək lazımdır”, – Arqument.az saytının baş redaktoru Şəmşad Ağa belə deyir. Onun sözlərinə görə, işlədiyi sayt 2018-ci ildə məhkəmə qərarıyla iki dəfə bloklanıb.
“Təsəvvür edin ki, Azərbaycan qonşu ölkələrlə müqayisədə mətbuat azadlığı mövzusunda olduqca geri qalır. Bu siyahıda Azərbaycanın adı Əfqanıstan və Pakistanla eyni sırada dayanır.
Saytımızın bloklandığı ərəfədə beynəlxalq tədbirlər və Merkelin Azərbaycana səfərindən bir gün öncə Apellyasiya Məhkəməsinin qərarıyla blok aradan qaldırıldı. Həmin dövrdə mətbuatda açıq şəkildə paylaşılmışdı ki, Merkelin müstəqil media nümayəndələriylə görüşü olacaq. Saytın bloklanmağı ciddi beynəlxalq reaksiyalara səbəb oldu. Ona görə də, bloku götürdülər. Lakin daha sonrakı aylarda Cəlilabadda kartof əkiniylə məşğul olan şəxslərin etiraz aksiyası haqda məlumat paylaşmışdıq. Bu zaman da sayta qeyri-rəsmi olaraq blok qoyuldu. Hazırda işimiz Avropa Məhkəməsindədir. Mənə qeyri-rəsmi şəkildə deyildi ki, həmin yazını saytdan götürsək, bloku açacaqlar. Lakin biz materialı silmədik. Bir neçə gün sonra bloku aradan qaldırdılar.
“Media haqqında qanun”la bağlı bu gün Konstitusiya Məhkəməsinə müraciət etdim. Tələbim bu qanunun praktikada dayandırılması, qanunun konstitusiyaya uyğunluğunun yoxlanılması və qanunun konstitusiyaya uyğunlaşdırması üçün Milli Məclisə göndərilməsi idi. Poçt vasitəsilə 30 səhifəlik müraciət göndərdim”, – Şəmşad Ağa bildirib.
Mediaya qoyulan qadağaların hüquqi rəsmiləşməsi
Hüquqşünas Səməd Rəhimli deyir ki, Azərbaycanda ifadə azadlığına hücum sistematik xarakter daşıyır.
“Ölkəmizdə olan ifadə azadlığı pozuntuları dövlətin, hökumətin nəzarət məqsədilə həyata keçirdiyi siyasətin bir parçasıdır. Sadəcə olaraq, dövlətin məqbul saydığı hallarda ifadə azadlığı nümunələrinə icazə verilir. Məqbul saymadığı hallarda isə ümumi nəzarət mexanizmi buna mane olur.
2022-ci ilin iyun ayında Venesiya Komissiyası “Media haqqında qanun”la bağlı ümumi rəy qəbul edib ki, bu qanun başdan-ayağa problemdir. Həmin qanunu özəl bir sahə olan medianın dövlət tərəfindən həddən artıq tənzimlənməsi kimi müəyyən edib. Mənim mövqeyim ondan ibarətdir ki, bu qanun indiyə qədər mediaya qoyulan qadağaların bir növ hüquqi rəsmiləşməsidir”, – hüquqşünas qeyd edib.