Mərhum jurnalist Elmar Hüseynovun ailəsi Azərbaycana hökumət xəttilə gəlib
Elmar Hüseynovun qətli
18 il əvvəl Azərbaycanda qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun 17 ildir mühacirətdə olan həyat yoldaşı və oğlu vətənə səfər edib. Səfər haqda məlumat mərhum jurnalistin ailəsi ölkəyə gəlib-gedəndən 2 həftə sonra yayılıb. Bu səfərin Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edildiyi deyilir.
Həmkarları jurnalistin hakimiyyətin sifarişi ilə qətlə yetirildiyini bildirirlər. Həyat yoldaşı da bu fikirdə olduğunu dəfələrlə dilə gətirib.
- Beynəlxalq təşkilatlar Azərbaycan hökumətini Qubad İbadoğlunu azad etməyə çağırıb
- Türkiyənin Azərbaycana təhvil verdiyi alim Qubad İbadoğlu işi çərçivəsində həbs edilib
- Afiəddin Məmmədov həbsdə aclıq aksiyasına başlayıb
“Səfəri Diasporla İş üzrə Dövlət Komitəsi təşkil edib”
Ötən gün terror qurbanı olmuş Elmar Hüseynovun həyat yoldaşı və oğlunun mərhum jurnalistin məzarı başında və Şuşa şəhərində çəkilmiş fotoları sosial şəbəkələrdə yayılıb.
Hüquqşünas Aslan İsmayılovun “Abzas Media”ya verdiyi məlumata görə, Elmar Hüseynovun ailə üzvləri 2 həftə əvvəl Bakıya gəliblər və artıq daimi yaşadıqları Norveçə qayıdıblar:
“Səfəri Diasporla iş üzrə Dövlət Komitəsi təşkil edib. Özləri ailə ilə maraqlanıblar, səfəri təşkil ediblər. Onlar da gəlib 2 həftə burda qaldılar, vətəni gördülər, Elmarın məzarına ziyarət etdilər, doğmaları ilə görüşüb Norveçə qayıtdılar. Bircə mənimlə təmasda oldular, heç kimlə ünsiyyətdə olmaq istəmədilər”.
Elmar Hüseynovun qətlindən sonra həyat yoldaşı Ruşaniyyə Hüseynova bildirib ki, hadisədən sonra ərinin hakimiyyət tərəfindən öldürüldüyü haqda bəyanlarına görə bir il ərzində təhdidlərə məruz qalıb. Bu səbəbdən o, oğlu ilə birlikdə 2006-cı ildə ölkəni tərk edib və Norveçdən sığınacaq alıb.
Ölkəni tərk edərkən 1 yaş 4 aylıq olan və mətbuatda atasının qara lent bağlanmış fotosunu öpərkən çəkilən fotosu ilə yadda qalan Aslan Hüseynov gununsesi.info saytına açıqlamasında deyib ki, Bakıda ilk dəfə qohumları ilə görüşüb, atasının məzarını ziyarət edib.
“İlk dəfə Bakıya uzun illər sonra gəldim və məni emosiyalar bürüdü. İlk dəfə qohumlarımla görüşdüm, vətənimi, şəhərimi gördüm. Atam Elmarın məzarını ziyarət etdim. Çox kədərli bir an idi. Bilirəm ki, Elmar öz şəhərini çox sevirdi. Mən də Elmar kimi Bakı şəhərinə aşiq oldum. Bakını Avropanın digər şəhərlərindən daha çox bəyəndim, ona görə ki, ən gözəli deyil, ən əzizidir bu şəhər”.
Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən isə Abzas Media-ya bildirilib ki, Rüşaniyyə Hüseynovanın müraciəti əsasında onun ölkəyə səfəri təşkil olunub.
“Bu, onun ilk müraciəti idi”,- deyə Komitə açıqlamasında bildirib.
Elmar Hüseynovun həyat yoldaşı və oğlu səfər çərçivəsində ikinci Qarabağ müharibəsindən sonra Azərbaycanın nəzarəti altına qayıdan Şuşa şəhərində də olublar.
18 il keçməsinə baxmayaraq, nə sifarişçilər, nə də icraçılar tapılmayıb
Elmar Hüseynov Azərbaycan hakimiyyətini tənqid edən “Monitor” jurnalının yaradıcısı və baş redaktoru olub. O, 2005-ci il martın 2-də mənzilinin qarşısında 7 güllə ilə qətlə yetirilib.
Elmar Hüseynov qətlə yetirilməzdən əvvəl Azərbaycan prezidentini, hökumət üzvlərini və məmurları tənqid etdiyinə görə dəfələrlə məhkəmə qarşısına çıxarılıb. Onun barəsində ümumilikdə 34 iş başlanıb. Hakimiyyət onun rəhbərlik etdiyi jurnalın nəşrini dəfələrlə əngəlləyib. Ölümündən əvvəl o, həmkarlarına mütəmadi olaraq ölümlə hədələndiyini və ondan Azərbaycan prezidenti və ailə üzvləri ilə bağlı nəşrləri dayandırmaq tələb olunduğunu bildirib.
Azərbaycan prezidenti qətlin ertəsi gün, martın 3-də rəsmi bəyanatında hadisəni pisləyib və bu sui-qəsdi “ölkənin nüfuzuna böyük ləkə və Azərbaycanın demokratik inkişafına zərbə” kimi qiymətləndirib.
İlkin olaraq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində “qəsdən adamöldürmə” maddəsi ilə cinayət işi başlanıb. Bir ay sonra cinayət işi “qəsdən adam öldürmə”dən Cinayət Məcəlləsinin 277-ci (terror) maddəsinə dəyişdirilib. Həmçinin cinayət işi Baş Prokurorluqdan alınaraq o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə (2015-ci ildən ləğv edilib) verilib.
İş üzrə iki Gürcüstan vətəndaşı Tahir Xubanov və Teymuraz Əliyev şübhəli şəxs elan edilib. İstintaqın açıqladığı məlumata görə, onlar qətldən sonra Gürcüstana qaçıblar.
Beynəlxalq axtarışa verilmiş bu şəxslər Gürcüstanda bir qrup azərbaycanlı jurnalist tərəfindən aşkar edilib. Azərbaycanlı jurnalistlərlə söhbət zamanı onlar ittihamları eşitdiləri zaman təəccübləniblər və axtarışda olduqlarından xəbərsiz olduqlarını bildiriblər.
Jurnalistlər tərəfindən asanlıqla tapılan və Gürcüstanda qeydiyyatda olduqları ünvanda normal həyatlarını davam etdirən bu şəxsləri Azərbaycanın hüquq-mühafizə orqanlarının necə tapa bilmədiyi haqda sual cavabsız qalır.
Hadisədən 18 il keçsə də, qətlin sifarişçiləri və icraçıları tapılmayıb.
Azərbaycan hökuməti Elmar Hüseynovun qətlinə görə 30 min avro cərimələnib
2017-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi Elmar Hüseynovun qətli ilə bağlı “Rüşaniyyə Hüseynova Azərbaycana qarşı” işi qzrə Azərbaycanı jurnalistin yaşamaq hüququnu pozmaqda təqsirli bilib. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi ziyana görə 20 min avro, məhkəmə xərclərinə görə isə 10 min avro cərimələnib.