Müstəqillik Günündə Gürcüstana 7 prezident gələcək
Mayın 26-da Gürcüstan Müstəqillik Gününü və Birinci Respublikanın 100 illiyini qeyd edəcək.
Gürcüstanda keçiriləcək təntənəli mərasimlərdə iştirak etmək üçün ölkə prezidentinin təşəbbüsü və dəvəti ilə yeddi dövlət rəhbəri və müxtəlif ölkələrin yüksək ranqlı 20 nümayəndə heyəti gələcək. Qonaqlar arasında Litva, Latviya, Finlandiya, Ermənistan, Polşa və Slovakiyanın birinci şəxslərinin olması da gözlənilir.
“Bu, misli görünməz bir şeydir, beləsini Gürcüstan hələ yaşamayıb. Bu sayda yüksək ranqlı qonağı eyni anda Tbilisi heç vaxt qəbul etməyib. Bu dəfəki 26 may bu mənada ötən ilkilərdən çox fərqlənəcək”, – prezident administrasiyasının rəhbəri Giorgi Abaşişvili bəyan edib.
Bundan başqa, mayın 26-da Gürcüstanda Şərqi Avropa İqtisadi Forumunun məşhur brendi Krinitsa təsis olunacaq. Administrasiyadan aydınlıq gətiriblər ki, prezidentin bu təşəbbüsü ölkənin populyarlığını artıracaq və Avropa sərmayəçilərini cəlb etməyə şərait yaradacaq. Abaşişvilinin sözlərinə görə, forumu Gürcüstan, Polşa, Slovakiya prezidentləri və Gürcüstanın baş naziri açacaqlar.
Mayın 26-da Tbilisiyə gəlmək niyyəti haqda Avropa komissarı Yohannes Xan da məlumat verib. Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin də onu müşayət etməsi mümkündür.
Artıq Tbilisi və regionlarda mayın 26-a hazırlıq başlayıb. Paytaxtın mərkəzi küçələri artıq bayram banerləri ilə bəzənib. Ənənəvi olaraq həmin gün Rustaveli prospekti nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Bütün gün ərzində burada xalq şənlikləri, konsertlər, əyləncəli proqramlar və yarmarka davam edəcək.
Mayın 26-da Gürcüstan Müstəqillik Gününü qeyd edir. Düz, 100 il əvvəl 26 may 1918-ci ildə Tbilisidə Gürcüstanın Milli Şurası müstəqillik haqda dövlət aktı qəbul edib. Aparıcı Avropa ölkələrinin müstəqilliyini tanışığı Gürcüstan Demokratik Respublikası üç ildən bir qədər az mövcudluğunu sürdürüb, Rusiya tərəfindən işğal olunandan sonra süqut edib. Gürcüstan müstəqilliyini 70 il sonra, 1991-ci il aprelin 9-da bərpa edə bilib.