“Anladılar ki, mənim həbsim onlara heç nə verməyəcək”. Qiyas İbrahimovla müsahibə - video
Qiyas İbrahimov siyasi fəal və keçmiş siyasi məhbusdur. O, karantin pozucuları ilə mübarizədə polisin hədsiz sərtlik sərgiləməsinə qarşı əməli etiraz edən yeganə azərbaycanlı fəal olub. İyunun 9-da Qiyas İbrahimov yaşadığı binanın damında birnəfərlik etiraz aksiyası keçirib, saxlanılıb, növbəti gün evə buraxılıb, bir qədər sonra isə məhkəməyə çağırılaraq cərimələnib.
- “Koronavirus özbaşınalığına” görə etiraz aksiyası haqda daha ətraflı
- Qiyas İbrahimov və Bayram Məmmədovun niyə “heykəl məhbusu” adlandırılması haqda
Niyə məhz fərdi etiraz?
“Sayımız az olsa da, nəsə etməyə çalışırlar. Amma bəzi hallarda kimisə riskə atmaq istəmirsən. Baxmayaraq ki, ən azı texniki baxımdan çox olmaq daha faydalı ola bilər, amma düşünürsən ki, kimisə riskə atmaqdansa bunu individual olaraq həyata keçirmək daha düz olar… Fərdi olaraq məsuliyyət götürmək risksiz olur, özün üçün riskli olur, amma başqalarını riskə atmırsan. Sadəcə buna görə deyə bilərəm ki, individual şəkildə həyata keçirmək daha uyğun idi”.
Etiraz aksiyaları ilə bağlı risklər haqda
“Həyatımız bu ölkədə onsuz da təhlükəsiz deyil. Birbaşa hakimiyyətin və dövlətin başımızın üstündəki domokl qılıncı deyə biləcəyimiz bir basqısı var. İstənilən halda biz təhlükəli vəziyyətdəyik.
Elə bir situasiya baş verirsə ki, səsini çıxarmaya bilməyəcəyin, dözə bilməyəcəyin situasiya baş verirsə, dövlət tərəfindən bir basqı varsa, siyasi, ictimai təzyiq varsa, sənə və ya başqa insanlara qarşı, onda artıq bu həyati təhlükə məsələsini etiraz coşqun, pasionarlığın kölgədə qoyur. Düşünürsən ki, dövlət, hakimiyyət təhlükəsi var üzərimizdə, zorakı bir təhlükə var ki, istənilən vaxt başımızın üzərini kəsdirə bilər, ona qarşı səsini çıxarmaq üçün həyatını təhlükəyə atmaq çox da görsənmir adamın gözünə”.
Azərbaycandakı hazırkı vəziyyət haqda
“Sistem, hakimiyyət böhran yaşayır – iqtisadi, bu da siyasiyə aparıb çıxarır. Belə olan halda cəmiyyət və fərdlər üzərində basqının dozası artırılmağa çalışılır. Bizim kimi hakimiyyəti olan ölkələrdə.
Onsuz da dövlətlə cəmiyyət arasında böyük bağ yoxdur. Qorxudan ibarət bir bağ var. Onlar da təzyiq dozasını artırırlar ki, bu qorxu bir az da yayılsın, möhkəmlənsin. Amma bir tərəfdən qorxunu irəlidə cəmiyyət itirəcək, digər tərəfdən isə polisə, sistemə, dövlətə olan loyallıq da incəlib qopmağa doğru üz tutub. Bunun nəticəsi cəmiyyət üçün də xaotik ola bilər, amma özü üçün hər şeyi yaxşıya dəyişmək istəyən hakimiyyət üçün də pis ola bilər”.
Damdakı etiraz aksiyası haqda
“Dama çıxanda bilirdim ki, gələcək polis. Öz evinin içində status yazdığına görə sosial şəbəkədə, gəlib səni apara bilirlərsə, dama çıxıb etiraz edib, pankart asıb, meqafonla. səsini çatdırmağa çalışırsansa, əlbəttə ki, polis gələcək. Təbii ki, mən hakimiyyətin təqdim etdiyi kimi intihara çıxmış biri deyildim. İntihar etməyəcəyimə görə də nəhayətdə polislə harasa getməli idim. Hesabladığım kimi də oldu”.
Söhbət hökumətyönlü media resurslarında Qiyasın “intihara meyilli insan” kimi təqdim olunmasından gedir.
“Hə, həbs etmədilər, cəmi bir sutka məni saxladılar, səhəri gün buraxdılar, dedilər ki, məhkəməyə gedərsən. Onda düşündüm ki, əslində buraxıb, sonra həbs etmək istəyəcəklər… Sadəcə simvolik cərimə elədilər, 50 manat. Amma bu da cəzadır, qəbul etmirəm istənilən halda. Çıxanda yazdım ki, düşünürlər ki, həbs etməkləri onlara heç nə verməyəcək.
Mən o aktı edənə qədər təzyiq yüksəlməkdəydi. 8 iyunda Yasamal rayonunda polisin etdiyi vəhşiliklə bağlı cəmiyyətdə nifrət dozası artmışdı. Aksiya xəbərləri yayılırdı. Bəlkə də məni buraxdılar ki, müəyyən qədər sakitlik olsun.
Düşünürəm ki, mən individual olaraq etməli olduğumu etdim. Minimal bir şey eləmişəm, böyük bir şey eləməmişəm. Bizdə bu cür dövlət və hakimiyyət basqısına qarşı, repressiv, avtokratik rejimin əməllərinə qarşı, polis vəhşiliyinə qarşı insanların səslərini qaldıra bilməsi üçün onların fikirləri formalaşmalıdır, siyasiləşməlidir. İnsanlar siyasətə qarışmalıdır”.
Baş səhifədə foto: Ülviyyə Əli