Müsəlman qadın Abxaziyada
Suriyadakı və Abxaziyadakı həyat haqqında
Adım Natalya Kombardı, 23 yaşım var, Suriyadan gəlmişəm. Oradakı həyatım çox yaxşı idi, amma müharibə başlayana qədər. Burada artıq üç ildir ki, yaşayırıq.
Burada özümə dostlar tapdım. Burada çox sayda abxaz qızla məscidə gedir, onlarla tez-tez söhbət edirik. Amma burada xristian dostlarım da var.
Anam Abxaziyada doğulub, ona görə də biz bura gəldik. Anam rusdur, onun babası isə Qabliya soyadlı abxaz idi. Atamsa ərəbdir. Nənəm həmişə burada, Oçamçirada yaşayıb.
Abxaziyadakı gənclər eynən Suriyadakı kimi sosial şəbəkələrdə oturur, elə burada da tanış olurlar. Biz, repatriantlar arasında WhatsApp çox populyardı, demək olar ki, hamıda var, informasiya, bir də qeybət mənbəyi kimi istifadə olunur.
Bundan əlavə Abxaziyada hamı “Vkontakte və “Facebookdan istifadə edir.
Üzməyi çox sevirəm. Suriyada qadınlar kişilərə giriş qadağan olan qadınlar üçün xüsusi hovuzlara gedirdilər. Abxaziyada belə şey yoxdur, mən az adamın olduğu çimərliklərə getməyi üstün tuturam. Əlbəttə ki, biz paltarlı çimirik.
Məndən soruşanda – hara yaxşıdır, Abxaziya yoxsa Suriya, həmişə cavab verməkdə çətinlik çəkirəm. Suriyada həyat Abxaziyadakından daha sivil idi. Amma Abxaziyanın təbiəti Suriyaya nisbətən daha qeyri-adi və gözəldir.
Oçamçiraya tez-tez gedirəm. Orada çox az adam yaşayır, demək olar ki, heç kim yoxdur, çimərliklər boşdur və orada üzməyi çox sevirəm.
Həyat yoldaşım haqqında
Belə bir fikir var ki, müsəlman qızların ümumiyyətlə haqları yoxdur. Bu, belə deyil. Hər ailədə bir cürdür. Elə ailələr var ki, orada ərə getməyə məcbur edirlər, amma müstəqil qərar verənlər də var.
Ancaq bir şərtlə: qız müsəlmandırsa, ancaq müsəlmana ərə gedə bilər. Amma mən müsəlman olmayanla ailə quranı da pisləmirəm.
Hazırkı həyat yoldaşımla qonşu idik, o milliyətcə ərəbdir. Bir-birimizi bəyəndik və onun valideynləri bizim evə elçi gəldilər.
Nişanlanana qədər biz birlikdə küçəyə çıxa bilmirdik, bu ayıb sayılır. Amma nişandan sonra o artıq evimizə gələ bilirdi, birlikdə gəzirdik, hətta əl-ələ də tuturduq.
Mən universitetin filologiya fakültəsində, fransız dili bölməsində oxuyurdum. Yoldaşım elə həmin fakültəni, amma ingilis dili bölməsini bitirmişdi. Mənsə ancaq bir il oxuya bildim, sonra da müharibə başladı.
Mən ailəmlə birlikdə Abxaziyaya gəldim, yoldaşımın ailəsi ilə Belçikaya getdi. İndi o bura, mənim yanıma gələ bilmir. Yol ancaq Rusiyadan keçir, Rusiyadan isə ona viza vermirlər, ərəb olduğuna görə.
Hərdən mənə elə gəlir ki, onu bir əsrdir görmürəm. Əlaqə saxlayırıq, balaca qızımız var.
Abxaziyada repatriantlara çox yaxşı münasibət var. Repatriasiya üzrə komitə hətta bizim kirayə pulumuzu da ödəyir.
Amma gələcək taleyimizin necə olacağını bilmirəm, Suriyaya qayıdacağıq, yoxsa başqa bir yerdə yaşayacağıq. Suriyada hər şeyimizi itirdik – evimizi, biznesimizi. Yoldaşımın ailəsi kifayət qədər imkanlı idi, onların öz anbarları vardı, indi isə bunların heç biri yoxdur.
Ailədə ancaq valideynlərimiz işləyir, mənsə uşaqla evdə otururam. Kiçik bacım məktəbi bitirdi, amma o da işləmir. Sonrası necə olacaq, heç kim bilmir.
İslam haqqında
Abxaziyaya çoxlu turist gəlir və onlar əksər vaxtlarda açıq-saçıq paltarda gəzir, amma buna münasibətim tolerantdır. Müsəlman dini heç kimi mühakimə edə bilməz, onları Allah mühakimə edəcək. İslam adı ilə başqalarını ittiham edənlər əsl müsəlman deyillər.
Mən çox dindar adamam, amma fanatik deyiləm. Oruc tuturam, gündə beş dəfə namaz qılıram – bu elə də çətin iş deyil. Amma məscidə az-az gedirəm, adətən evdə namaz qılıram.
Hicab haqqında
Xristian dostlarım məndən niyə hicab geyindiyimi soruşurlar. Hər dəfə də cavab verirəm ki, onu geyinməkdən xoşum gəlir.
Dinimiz başı bağlı gəzməli olduğumuzu deyir, amma ondan istifadə etməyə məcbur etmir, indi bir çox müsəlman xanım baş örtüyü olmadan gəzir. Abxaz qadınlar arasında bu xüsusilə yayılıb.
Abxaziyadakı adamlar bizim hicabda gəzməyimizi normal qarşılayırlar, bununla bağlı heç bir problem yoxdur. Hətta mənə tez-tez baş örtüyünün mənə yaraşdığını deyirlər.
Evdə ondan istifadə etmirəm, ancaq yad adam gələndə geyinirəm. Mənə başımı bağlamaq və makiyaj etmək üçün 10-15 dəqiqə kifayət edir. Örtüksüz heç vaxt evdən çıxmıram.
Örpəyi mən indi bağlayan kimi taxmaq dəbdədir. Bu, türk üslubu adlanır. Əvvəllər onu başqa cür bağlayırdım.
Abxaziyada müsəlman qadınları üçün xüsusi paltar xüsusi mağazaları yoxdur, buna görə də geyim seçmək çətindir. Abxaziyada dəb də fərqlidir. Suriyadakından fərqlənir.
Gələcəkdə bizi nə gözləyir
Bilirsiz, ərim yanımda olsaydı və iş tapsaydım məmnuniyyətlə ömür boyu Abxaziyada yaşayardım. Amma Abxaziyada iş tapmaq çətindir, işsiz də necə yaşayasan, axı ailəni dolandırmaq lazımdır.
Mənim həyat hekayəm ancaq mənim həyat hekayəmdir. Mən minlərlə başqa insan kimi hələ də düşdüyüm çətin vəziyyətdən çıxış yolu axtarıram.
Məqalədə bildirilən fikirlər müəllifin nöqteyi-nəzərini əks etdirir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.