Gürcülər, inquşlar və osetinlər - problem də yoxdur
Şimali Osetiyanın Balta kəndində üç millət yaşayır: gürcülər, inquşlar və osetinlər. Övladları da bir məktəbə və bir uşaq bağçasına gedirlər. Böyüklər isə işləyir və kəndlərdə adətən olduğu kimi, bir-birinə kömək edirlər.
Bu birləşmələr: gürcülər, inquşlar və osetinlər adətən etnik və ərazi münaqişələri ilə assosiasiya olunur: 1990-cı illərdə və 2008-ci ilin avqust ayında gürcü-osetin; Priqorod rayonu ətrafında da 1990-cı ildə olan osetin-inquş münaqişəsi olub.
Bununla belə, bu kənddə heç vaxt heç bir etnik münaqişə olmayıb. Qonşular arasında narazılıqlar əlbəttə ki, olur. Amma heç vaxt bu münaqişələr millət zəminində olmayıb. Kəndlilər də yekdilliklə bildirir ki, hətta bütün Qafqazın od püskürdüyü 1990-cı illərdə belə burada bir dənə də olsun güllə səsi eşidilməyib.
Bunu necə bacarırlar? Yazımız elə bu haqdadır.
Daryal qapısı
Balta kəndi Hərbi Gürcüstan yolunda, Daryal dərəsinin düz girişində, Gürcüstan, Şimali Osetiya və İnquşetiyanın düz sərhədində yerləşir. Bir tərəfdən Terek çayı axır, digər tərəfdən də dağlarda kəndlilərin evləri görünür.
Bura Şimali Osetiyanın ərazisidir, Vladikavkazdan cəmi səkkiz kilometr aralıda yerləşir. Amma dərənin şərq tərəfinə keçsən, bir neçə kilometr sonra İnquşetiyanın Ceyrah rayonuna gəlib çıxmaq olar. Hərbi Gürcüstan yolu ilə cənuba tərəf irəliləyəndə isə hardasa 15 dəqiqə sonra Gürcüstanla sərhədə gəlib çıxırsan.
Kəndin aşağısındakı mağaza düz yolun qırağında yerləşir. Gülərüz satıcı Səbinə Pliyeva bizi mağazanın içinə dəvət edir, burada onun qaynanası və mağazanın sahibi Dariko Tinikaşvili manikürunu yeniləyir.
Qadınlar bir-birinin sözünü kəsərək, kommunikasiya ilə bağlı problemlər, səkilərin olmaması və başqa çətinliklər barədə danışır.
“Bizi bu millət məsələsi heç bir mənada narahat etmir. Bizi narahat edən su, nəqliyyat və işıqla bağlı problemlərdir. Bax, gəlimin Pliyeva, osetindir, mən isə gürcüyəm. Nə olsun ki?” – Dariko deyir.
2010-cu ilin ümumrusiya siyahıya alınmasının məlumatlarına görə, Baltada 1000 nəfərə yaxın adam yaşayır. Onların yarısından çoxu gürcülərdir, onlar əsasən kəndin yuxarı hissəsində yaşayır. Kəndin təxminən dörddə biri inquşlar və 15%-ə yaxın osetinlərdir.
Qarışıq qan
Dato Kudziyevlə danışmağa başlayanda və onun tələffüzünü eşidəndə, onun inquş olduğunu düşünürsən.
“Anam gürcü, atam osetindir, çoxlu sayda inquş dostlarım var. Bəzən olur ki, osetin qonşularıma osetin dilində müraciət edirəm, onlar da mənə gürcü dilində cavab verir. Və əksinə. 2008-ci ildə baş verən müharibədən sonra müəyyən bir gərginlik varıydı, hakimiyyət nümayəndələri gəldi, kənddə yığıncaq keçirdilər. Amma onsuz da burada heç kim dava etməyə hazırlaşmırdı da. Hamımız çox mehriban yaşayırıq”.
Bu gənc oğlan elə öz evində kənd təsərüffatı ilə məşğul olan az adamlardan biridir. Kəndin gəncləri əsasən iş dalınca Vladikafkaza gedir.
Balta əhalisi hələ Sovet İttifaqı dövründə, 1960-1970-ci illərdə formalaşıb. O vaxt çoxları Baltaya Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayətinin o vaxtkı Leninqorsk rayonundan köçüb, burada kolxozda işləməyə başlayıblar.
Ağsaqqallar dedi: “Necə yaşayırdıq, eləcə də yaşayacağıq”
Eteri nənə də Baltaya Leninqorsk rayonunda köçüb, bütün ömrünü burada yaşayıb. Qonşular tez-tez onun evinin həyətində yığışır, hərə süfrəyə nəsə gətirir və həvəslə yoldan ötənləri ev pendiri və pomidora qonaq edirlər.
Rus sözləri ilə gürcü sözlərini qarışdıran Eteri danışır: “Burada çox sayda qarışıq ailələr var. Bir-birimizə kömək edirik. Burada tək gürcülər, osetinlər, inquşlar deyil, ermənilər, ruslar da yaşayır. Nə müharibə? Nəyi bölüşürük ki. Təkcə 1992-ci ildə inquşlar birdən köçdülər, nə qədər də olsa qorxurdular. Amma sonra hamı bir nəfər kimi evlərinə qayıtdı”.
Köhnə “uaz”da daha bir qonşu Murad Ramonov gəlir. Onun 12 yaşlı oğlu maşını həyətə sürür, Murad isə siqaret yandıraraq, söhbətimizə qulaq asır.
“Burada heç vaxt heç bir dava zad olmayıb. Hətta 1990-cı illərdə inquşlarla bağlı hadisələr olan vaxtı da bizdə sakitlik idi. Çünki onların ağsaqqalları bizim ağsaqqallarımızın yanına gəlib dedilər: “Necə yaşamışıq, eləcə də yaşayacağıq”.
Qara şallı qonşu qadınlardan biri üzrxahlıq edərək, süfrənin arxasından durub evinə gedir. Eteri pıçıltı ilə danışır: “Bu qadının iki oğlu trasda maşında qəzaya uğrayıblar, hələ ili də keçməyib. Elə yaxşı uşaqlar idi, amma burada gənclər neyləsin ki? Məşğuliyyət yoxdur, buna görə də başlarına belə işlər gəlir.”
Albalı və ya Bolta adlı adam
Coğrafi adlar Qafqazın digər yerlərində virtual və real müharibələrə səbəb olur. Bu kənddə isə Balta adı onun sakinlərində heç bir fikir ayrılığına səbəb olmur və bütün dillərdə eyni cür səslənir.
Düzdür, sözün etimologiyası ilə bağlı fərqli fikirlər var.
“Qafqazın toponimika lüğəti”ndə qeyd olunur ki, “Balta” sözünün tərcüməsinin kökündə osetin mənşəli “bal” yəni “albalı” sözü durur, “ta” şəkilçisi isə çəmi göstərir, yəni Balta “albalılar” deməkdir. – qonşular çay süfrəsi arxasında danışırlar.
Yerli inquş Maqomed Tsiskayevin öz versiyası var. O deyir ki, kəndin adı onun əsasını qoyan, Maqomedin də uzaq qohumu olan Bolt Tsiskayevin adı ilə bağlıdır.
“Bax, bu mənim evimdir”, – Maqomed deyir və öz mülkünü göstərir. “Bu da mənim qonşum osetin”, – o deyir və qarşıdakı qəşəng evi göstərir.
“Bir yerdə işləyirik, mehriban dolanırıq. Bizi ancaq fərqli yerlərdə – müsəlman və ya xristian qəbiristanlıqlarında dəfn edirlər”.
- Osetin-inquş münaqişəsi – Şimali Osetiyanın Priqorod rayonu ərazisində (RF) baş verən etno-siyasi münaqişə. 31 oktyabr – 4 noyabr 1992-ci il tarixlərində silahlı qarşıdurmalar və hər iki tərəfdə çox sayda qurbanların olmasına gətirib çıxardı.
- Gürcü-osetin münaqişəsi – 1991-1992-ci illərdə Gürcüstanın mərkəzi rəhbərliyi ilə onun o vaxtki muxtar, birtərəfli qaydada öz müstəqilliyini və Cənubi Osetiya Respublikasının yaradıldığını elan edən Cənubi Osetiya vilayəti arasında etno-siyasi münaqişə.
- 2008-ci ilin avqust ayında nizamlanmamış gürcü-osetin münaqişəsi 5 günlük hərbi qarşıdurma ilə nəticələndi, bu zaman Cənubi Osetiyanı Rusiya ordusu dəstəklədi. Müharibədən sonra Rusiya Cənubi Osetiyanın müstəqilliyini tanıdı, dünyanın digər əksər ölkələri bu ərazini Gürcüstanın tərkib hissəsi sayır.
- Son 25 il ərzində Şimali Osetiyanın etnik tərkibi dəyişikliklərə məruz qalıb. Sovet dövründə həyata keçirilən son əhalinin siyahıya alınmasının məlumatlarına görə, respublikada gürcülərin sayı 12 mindən çox idi, 2010-cu ildə isə onların sayı 3 min nəfər azaldı. Həmin dövr ərzində inquşların da sayı 13,5 faiz azaldı – Priqorod rayonunda baş verən münaqişə nəticəsində inquşların böyük hissəsi Şimali Osetiyanı tərk etdi. Düzdür, sonrakı illərdə onların çoxu yenidən öz evlərinə qayıtdı.
məqalədə yer alan fikirlər müəllifin terminologiyası və baxışlarını ifadə edir və redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər
Dərc olunub 09.01.2017