Münaqişənin tam bitməsi necə olur? Bakı sakinlərinin düşüncələri
“Qarabağ münaqişəsi bitib”, – Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib. 2020-ci il müharibəsindən sonra prezidentin populyarlığı heç vaxt olmadığı qədər yüksək olsa da, bu məsələ də onunla razı olmayanlar çoxdur.
Münaqişənin həllinə və danışıqlar prosesinin perspektivinə dair Azərbaycanda fikirlər müxtəlifdir. Biz sadə ölkə sakinlərindən onların fikrincə hansı məqamda iki abstrakt ölkə arasında münaqişəni bitmiş saymaq mümkün olduğunu soruşduq.
Əlbəttə, abstrakt münaqişənin müzakirəsi təbii şəkildə Qarabağ münaqişəsi haqda müzakirələrə gedib çıxırdı.
Hələlik sorğu ancaq Azərbaycanda keçirilib. Gələcəkdə bu sualı Ermənistan sakinlərinə də vermək maraqlı olar.
Bizim kiçik sorğunun respondentləri bütün Azərbaycan cəmiyyətini təmsil edə bilməz. Amma sorğu düşüncələrlə bağlı bəzi maraqlı tendensiyaları ortaya çıxardı və bundan başqa, “meynstrim”lə yanaşı alternativ mövqe və fikirlərin mövcud olduğunu da göstərdi.
- Respondentlərin çoxu hansısa üçüncü ölkənin münaqişəyə müdaxiləsini lazımlı hesab edir.
- Təsadüfən seçilmiş iyirmi respondentdən heç kim münaqişəni bitmiş hesab etmir.
- Bütün respondentlər münaqişənin həllini siyasətçilərdən gözləyir, xalqların daha sonrakı barışığını isə onlar texniki iş hesab edirlər.
- Keçmiş düşmənlə əməkdaşlıq və birgə mövcudluq imkanı respondentlər tərəfindən nəinki istisna edilmir, hətta bəziləri bunu münaqişənin bitməsi üçün şərt hesab edirlər.
Ən tipik cavablardan misallar təqdim edirik. Anonimlik sorğu şərti olub, buna görə də biz respondentlərə ad uydurmuruq.
Həkim, 27 yaş
Münaqişəni həll yolu hər iki tərəfi təmin etdiyi zaman bitmiş hesab etmək olar. Bu mümküdür, hərçənd çox nadir hallarda baş verir. Belə həll tarixi həqiqətə, hər iki tərəfin bütün gözləntilərinə və ya hətta beynəlxalq hüquq normalarına uyğun gəlməyə də bilər, amma yenə də doğru olacaq.
İstənilən münaqişənin həll edilməsinin əsas şərti onun gələcəkdə təkrarlanmasını, qan tökülməsini istisna etməkdir. Münaqişə tərəflərindən birinin bunun naminə öz dövlətinin ərazi bütövlüyünün pozulmasına razılaşır.
Sivil cəmiyyətdə, mənə elə gəlir ki, zaman böyük rol oynayır – bir nəsil dəyişir və münaqişə unudulur. Amma avtoritar cəmiyyət haqda danışanda, hər şey liderin siyasi iradəsindən asılı olur.
Təqaüdçü, 63 yaş
İki kiçik ölkə müharibə edəndə və onların münaqişəsinin taleyini özləri həll etməli olsalar, çox çətin olacaq. Burada daha böyük üçüncü dövlətin köməyinə ehtiyac var. Bu üçüncü dövlət ədalətli qərar qəbul etməlidir. Bir dövlətə deyirlər ki, “bax, bu torpaq sənindir”, digəri də bunu fakt kimi qəbul edir.
Heç bir üçüncü dövlət müdaxilə etmək istəməsə, ancaq müharibə etmək qalır. Dövlətlərdən biri tam məğlub olacaq və daha torpaqlara iddia etməyəcək.
Bitmiş münaqişəni mən sadə təsəvvür edirəm – dövlətlət iqtisadi nöqteyi nəzərdən əməkdaşlığa başlayır. Niyə də yox? Fəhlələr hər iki tərəfdə oxşar insanlardır. Bitmiş münaqişə inkişaf etmiş infrastrukturdur, bu, açıq yollarla hərəkət etməkdir. Münaqişənin bitməsi üçün isə vətənini sevən yaxşı siyasətçilər lazımdır.
Tələbə, 19 yaş
Əgər müəyyən əraziyə görə münaqişə varsa və ölkələr inadkarlıq etmirlərsə, o zaman münaqişənin həlli ərazinin iki bərabər hissəyə bölündüyü anda baş tutacaq.
Yox əgər ölkələrdən hər biri ərazini tam tələb edirsə, müharibə başlayacaq. Amma digər münaqişələrin nümunəsində gördüyümüz kimi müasir dünyada müharibə heç nəyi həll etmir. Bu halda münaqişənin həlli belə görünür – resursları daha zəngin və daha böyük olan, amma münaqişə tərəflərinin hüç birinin müttəfiqi olmayan başqa bir ölkə gəlir, onları danışıqlar masasına əyləşdirir və artıq o, torpaqların necə bölünməsinə qərar verir.
Amma məhz mübahisəli ərazilərin bərabər hissələrə bölünməsi məqamını mən münaqişənin bitməsi məqamı hesab edirəm. Təəssüf ki, hətta hökumətlər buna razı olsalar da, xalq qarşı çıxa bilər. İnsanlar müharibə tələb edəcəklər, dövlətlər onların fikrini dəyişə bilməsə, bu da baş verəcək.
Bizim münaqişəmiz halında isə, mən hesab edirəm ki, o bitməyib. Sülh müqaviləsi imzalanmayana qədər.
Evdar qadın, 51 yaş
Mənim siyasət və münaqişələrdən çox da baım çıxmır, buna görə də sadə deyəcəm. İnsanlar qonşu ola biləndə, bu o deməkdir ki, münaqişə artıq yoxdur. Çünki problemlər insanlar torpaqlar uğrunda mübahisələrlə məşğul olduqları üçün bir-birinin yanında ola bilməyəndə başlayır.
Qarabağ münaqişəsi haqda danışdığımız zaman, əgər ermənilər azərbaycanlıların yanında və əksinə işləyə bilsələr, deməli, hər şey yaxşı gedir. Xaricdə axı nə cürsə birlikdə işləyə bilirlər.
Proqramçı, 28 yaş
Əksəriyyət – xalq, hökumət, siyasətçilər, odru yekunu ilə razı olduğu zaman münaqişə bitir. Bizim halda çıxış yolu insanların fikrinin dəyişdirilməsindədir, hansı yolla olması önəmli deyil. Məsələn, Azərbaycanda hakim partiyaya lazım olduğu zaman hamını səmanın yaşıl olduğuna inandırmaq çətin deyil. Əliyevlə Paşinyanın qəfil dostluğunu da qəbul edə bilərlər.
Mövzunu politoloq Lalə Həsənova şərh edir:
Münaqişənin nə zaman bitmiş hesab oluna bilməsi ilə bağlı konfliktoloqların vahid fikirləri yoxdur. Bəziləri radikal versiyanı təsdiqləyir – yəni bütün münaqişə tərəfləri iddialarından tam imtina etdikləri zaman. Amma bu zaman tam imtinanın nə demək olduğu ilə bağlı sual yaranır. Məsələn, İspaniyada katalon və yabask məsələsi – proses çoxdan dinc mərhələyə keçib, mahiyyət etibarilə münaqişə artıq yoxdur, amma hazırkı nəticədən narazı qruplar hələ də qalır. Bəzən onların narazılıqları hadisələrlə nəticələnir, 2017-ci ildə tanınmamış referendumdan sonra Barselonadakı iğtişaşşlar kimi.
Buna görə də adətən münaqişənin həlli siyasi və/yaxud iqtisadi münasibətlərin bərpa olunması, əgər qapalı idisə, sərhədlərin açılması hesab edilir. Hər iki tərəfin tələblərinin təmin olunması (güzəştli). Güzəştsiz də mümkündür, amma nadir hallarda rast gəlinir.
Qarabağ münaqişəsinin həll edilmədiyi düşünürəm ki, aydındır. Münaqişənin əll oolunmasını və onun həllə doğru aparacaq nizamlanmasını bir-birindən fərqləndirmək lazımdır. İndi biz təəssüf ki, şəffaf, davamlı olmayan, hətta qismən donmuş nizamlama prosesini müşahidə edirik. Bura nazirliklərin məmurları səviyyəsində mütəmadi görüşlər də, dövlər başşçılarının görüşləri də, sülhməramlıların işi də daxildir.
“Siyasətçilərin hər şeyi həll edəcəyini, sülhün bərqərar olacağını” düşünmək yanlışdır. 30 il cəmiyyətlər arasında kommunikasiyasız, mediada hərbi ritorika ilə – münaqişənin yaratdığı bütün travmalar bir anda yox ola bilməz. Sosial gərginlik, böyük ehtimalla, stabil münasibətlər qurulandan sonra ilk illərdə mövcud olacaq. Buna görə də dayanıqlı nizamlama haqda yalnız siyasi məsələləri yox, həm də sosial məsələləri əhatə etdiyi zaman danışmaq mümkün olacaq.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.