Müharibədən sonrakı kəpənəklər
Ermənistan və Qarabağda kəpənək qraffitisi
Ermənistanın və tanınmamış Dağlıq Qarabağ Respublikasının (DQR) müxtəlif şəhərlərində binaların divarlarında kəpənəklərdən ibarət mürəkkəb mozaikalar yaranmağa başlayıb. Onların müəllifi Siranuş Ağacanyan bu mozaikaları 44 günlük müharibəyə həsr edib və “Müharibədən sonrakı kəbənəklər/vurğunluq” adlandırıb.
“Vurğunluq” sözünü Siranuş özü düşünüb – erməni dilində belə söz yoxdur. O deyir ki, bu söz özü-özünə yaranıb, sənət əsərinin yarandığı kimi.
“Niyə vurğunluq? Mən müharibə zamanı vurğundum və bu, mənə özündə aydın və birmənalı xoşbəxtliyi, estetikanı daşıyan nəsə yaratmağa motivasiya verdi”.
Yeni həyat, dirçəliş və məhəbbət mücəssiməsi kimi kəpənəklər ideyası belə yaranıb. Mozaika yaratmaq prosesində Siranuş onların rəmzlərini öyrəndiyi zaman məlum olub ki, onlar digər mədəniyyətlərdə də eyni mənanı daşıyırlar.
Maydan başlayaraq son yarım il ərzində o, beş kəpənək mozaikası yaradıb. Siranuş daha iki-üçünü yaratmağı planlaşdırır.
Sevgi və dirçəlişin ən böyük rəmzi – 3,5 metrlik kəpənək – az əvvəl Stepanakertdə [Azərbaycanda Xankəndi adlandırılır – “Trayektoriya”] özünə yer tapıb.
“Yeni əsər yaratdığın zaman həmişə xoşbəxtlik və sevinc hiss edə bilmirsən. Amma kəpənəkləri hazırlayarkən, mən məh bu hissləri yaşamışam. Mənə bəzən elə gəlir ki, mozaikalarım deyir: “Həyat var!””, – Siranuş danışır.
Kəpənəklər silsiləsi görənlərdə maraq və hətta heyranlıq doğurub.
“Mən tanışlarımla görüşdüyüm zaman, çox vaxt eşidirəm ki, onlatr məni məhz bu kəpənəklərlə assosiasiya edirlər. Onların xoşuna gəlir, çox vaxt məndən soruşurlar ki, yenə mozaikalar olacaqmı və əgər olacaqsa, harada və nə zaman”, – müəllif bölüşür.
Onun işlərindən biri Yerevanda “Mxitar Sebastatsi” təhsil kompleksinin divarını bəzəyir. Tələbələr pikselli kəpənək eskizinin yaradılmasında böyük həvəslə iştirak ediblər.
“Bu, onlar üçün yeni, tam unikal təcrübə idi. Onlar mənə qəribə suallar verirdilər: “Siz bunları necə edirsiz? Siz istedadlı doğulmusuz, yoxsa istedadınızı sonradan qazanmısız?””, – rəssam təbəssümlə xatırlayır.
44 günlük müharibə başlayana qədər 27 yaşlı Siranuş heç təsəvvür belə etmirdi ki, müharibə bu qədər yaxın ola bilər.
“Mən uşaqlıqda eşidəndə ki, müharibə gedir, məsələn, Suriyada, buna alışqın idim, mən sadəcə bu haqda bilirdim, vəssalam. Amma bu, mənim lap yaxınımda baş verəndə, hər şey dəyişdi – reallıq, ideyalar, ilham nöqtələri, hər şey”, – o deyir.
Siranuşun sözlərinə görə, müharibə nəticələrinin və müharibə əleyhinə çağırışların ncəsənətdə öz əksini tapması vacib və əhəmiyyətlidir.
Siranuş və onun dostları 2016-cı ildən Mozaika ilə məşğul olurlar. Əvvəlcə bu, sadəcə pul qazanmaq vasitəsi olub. Amma növbəti ildən artıq öz studiyasında ayrıca işlədiyi zaman o, müxtəlif tullantılardan mozaik təsvirlər yaratmağa başlayıb.
Bir il sonra dostlarından biri Nareklə “Street Bitcoin” qrupunu yaradıblar. Cəmi bir neçə ay ərzində onlar Yerevanın müxtəlif yerlərində 10 mozaika yaradıblar.
Rəssam çoxlarının ancaq hamam və mətbəxlərinin divarı üçün bəzək kimi təsəvvür etdikləri materialla işləməyi sevir.
Siranuş binalarda mozaika yaratmaq üçün şəhər hakimiyyətindən icazə almır. Və hələlik bununla bağlı problemləri olmayıb. Üstəlik eşidib ki, hakimiyyət onun təşəbbüsünü bəyənib.
Siranuşun kəpənək mozaikaları unikaldır. Onlar sadəcə gözəl deyil, həm də mühüm mesaj ötürür. Müəllifin dediyi kimi:
“Bəzi insanların dilə gətirə bilmədikləri problemləri var. Biz də müharibədə belə bir vəziyyətə düşmüşdük. İnsan həyatı isə ən yüksək dəyərdir. Dünyada heç nə bu dəyərlə müqayisə oluna bilməz”.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.