Müharibədən sağ çıxan gil ulağın hekayəsi
Uşaqlar və Qarabağ müharibəsi
Yerevanda həkim Hayk Hovanesyanın qonaq otağında televizorun üstündəki onlarla müxtəlif suvenirlər arasında kiçik ulaq seçilir.
Qırmızı gildən hazırlanmış ulaq bir az qeyri-adi görünür, müəllifinin qeyri-peşəkar olduğunu bəlli edir.
Hayk bu heykəlçiyi Hadrut rayonu Tuğ kəndinin təsviri incəsənət məktəbində onlarla gil ayı, at və inəklərin arasından tapıb.
Ulağın bəxti gətirib: Hayk onu çantasına atıb və ən sonunda özüylə Ermənistana gətirib çıxarıb.
- “Müharibədən əvvəlki keçmişə qayıda bilsəydim, hər şey fərqli olardı”
- Armen və Stepanakertdəki “Su aləmi”
- Bloq: ikinci Qarabağ müharibəsinin canlandırdığı birinci müharibə haqda xatirələr
Müharibə günlərində Hayk Cəbrayıl rayonunda hospitalda işləyib. Bütün xəstəxana geri çəkilib və Tuğa keçib, oradan Qırmızı Bazara və nəhayət, Xankəndiyə gəlib çıxıb.
Müharibənin ən qızğın dövründə həkim Hayk bu kiçik heykəlcili çantasına qoyub.
Onu Haykın televizorunun üstündə gördüyüm zaman düşündüm ki, görəsən bu ulağı kim hazırlayıb? Bəlkə müəllifi onu axtarır? Bəlkə onun üçün önəmi böyükdür? Mən bu insanı tapmaq və haqqında məqalə yazmaq istədim.
Bir neçə ay keçdi, amma müxtəlif işlər naməlum heykəltəraşı axtarmağa imkan vermirdi. Həm də bu işdə kimdən yardım ala biləcəyim aydın deyildi.
Nəhayət, müharibədən əvvəl Tuğ kəndində yerləşən “Kataro” şərab zavodunun sahibi Qriqor Avetisyanı tapdım, o da mənə təsviri sənət məktəbinin direktoru Susannanın telefon nömrəsini verdi.
Susanna nəzakətlə məni dinlədi, sonra kömək edəcəyinə söz verdi, hərçənd səsindən anladım ki, şansım sıfıra yaxındır. O dedi ki, ulağı kimin hazırladığını tapmağa çalışacaq, amma dəqiq nəsə alınacağına söz vermədi. Məktəbin şagirdləri indi Ermənistanın müxtəlif şəhərlərindədir və ulağın müəllifinin kim olduğu məlum deyil.
Mən gözləmək qərarına gəldim. Susanna balaca heykəltəraşlar qrupunun rəhbərini tez tapdı və məndən xahiş etdi ki, ulağın şəklini ona göndərim. O da söz verdi ki, bir ay sonra zəng vuracaq, amma elə səhəri gün zəng gəldi.
Telefonun ekranında “Susanna Tuğ” yazısını görəndə anladım ki, ulağın müəllifi tapılıb.
Məlum oldu ki, onun adı Kamodur, 14 yaşı var və Ermənistanın şimalında Lori vilayətinin Stepanavan şəhərində yaşayır.
Amma mənim yenə də işlərim vardı. Bir sözlə, mən redaktor və fotoqrafla birlikdə şimala gedib çıxana qədər bir il keçdi. Doktor Hayk bizə qoşula bilmədi, amma ulağı verdi. Tənbəh etdi ki, onunla çox ehtiyatlı davranım və Yerevana geri gətirim.
Kamo beş bacısı, bir qardaşı, valideynləri və nənəsi ilə birlikdə jurnalistlərlə görüşə hazırlaşmışdılar. Şəhərcik bizi yağışla qarşıladı. Kamonun anası Varduinin və altı yaşlı bacısı Narinenin çəhrayı gödəkçələri Stepanavanın tutqun və yeknəsək görünüşü ilə kontrast təşkil edirdi.
“Artıq onuncu gündür ki, Kamo mənə təkrar-təkrar deyir: “Ana, zəng vur da, gör nə vaxt gələcəklər”. Ona dedim ki, məşğul adamlardır, səbrli ol”, – bizi evə dəvət edən Vardui geniş həyətdə irəliləyərkən deyir.
Evin qarşısında yuyulmuş paltarlar səliqə ilə sərilib. Girişdə tərliklər düzülüb, onlardan uşaqların təxmini yaşlarını və sevdikləri rəngi təxmin etmək olur.
Ayaqqabılarımızı çıxarıb içəri keçirik. Yerevandan fərqli olaraq kəndlərdə evə girərkən ayaqqabıları çıxarırlar.
Qonaq otağının mərkəzində isti sobanın yanında Kamonun nənəsi Novella oturub. Balaca heykəltəraşın özü bizi oqapıda qarşılayır. Tanış oluruq.
Utancaq, susqun təbəssümlə, çantamdan ulağı çıxarmağıma izləyir. Kamo heykəlciyi əlinə alıb, baxır və həqiqətən də onun ulağı olduğunu təsdiqləyir.
Sonra gil fiquru masaya qoyur və telefonu ilə şəklini çəkir. Ondan soruşuram:
– Onu geri aparmalı olacağım səni məyus etmir ki?
– Yox, niyə ki? Yenisini hazırlayaram.
Tamam başqa səhnə gözləyən və bütün yol boyu görüşün necə keçəcəyinə dair təxminlər irəli sürən fotoqrafımız Vaqinak masada tənha qalan ulağın şəkillərini çəkməyə başlayır.
Kamo deyir ki, əgər gil olsa, çoxlu ulaq, ayı və at düzəldə bilər. O, Stepanavanda da təsviri sənət məktəbində təhsil alır, amma orada gillə işləmirlər, ancaq rəsm çəkirlər.
Əlbəttə burada həyat Tuğdakına bənzəmir. Amma o, yeni yerə o qədər uyğunlaşıb ki, artıq Lori ləhcəsilə danışır.
Kofe içirik, dünya hadisələrini müzakirə edirik. Bir-bir məktəbdən qayıdan uşaqlar da ulağın şəklini çəkir. Kamonun öz əsəri ilə “görüşünü” qətiyyən əks elətdirən hekayə düşündüyüm kimi alınmır.
Mən ulağı Stepanavana gətirib, masaya qoymuşdum və istəyirdim ki, o, hansısa həssas tellərə toxunsun, ailəni sevindirmiş olsun. Bəlkə də xatirələri və nostalji oyatsın.
Bunun əvəzinə mən keçmişi keçmişdə qoymuş insanları gördüm. Onlar yeni həyata uyğunlaşıblar və hesab edirlər ki, Qarabağa qayıtmaq uşaqlar üçün təhlükəlidir.
Yeddi uşaqlı ailə naməlum, mənasız ümidlərlə yaşamaqdansa gələcəyə baxmalıdır.
Biz kofe içirik və bu bizi yaxınlaşdırır. Soruşuram: “Bəs azərbaycanlılar desələr ki, gəlin, doğma torpaqlarda dinc yaşayacağıq, qayıdarsız?”
Kamonun valideynlərini sual hazırlıqsız yaxalayır: “Necə? Türklərlə birlikdə yaşayaq? Bu təhlükəlidir axı! Bilirsiz onlar nə edəcəklər?”
Nənəsi isə başını yelləyir və gəncliyində Tuğda azərbaycanlılarla qonşuluqda normal yaşadıqlarını xatırlayır. Onun danışdığı epizodlardan biri müstəqillik dövrü nəslinin nümayəndəsi olan mənə qəribə və hətta əcaib gəlir.
O dərəcədə ki, Novellanın bu hekayəni uydurduğunu düşünürəm.
Danışır ki, qayınanasının altı uşağı olub və altısı da ölüb. O zaman azərbaycanlı qonşuları təklif ediblər ki, o, növbəti uşağa türk adı qoysun, bununla da bəlaları uzaqlaşdırsın uşaqdan.
Oğlan doğulub və adını Zahid qoyublar. O böyüyüb və Novella ilə evlənib. Oğlana adı qoyulan azərbaycanlı qonşu isə onların toyunda xaç atası olub.
Əlbəttə, kilsədə yox, “ZAQS”da da yox, sadəcə həmişə onu belə adlandırıblar.
Novella azərbaycanlılarla birgə həyatın dəyərini yaxşı bilir, deyir ki, “yaxşını da, pisi də görüb”.
Amma neçə nəsil dəyişməlidir ki, yenidən birlikdə yaşamaq mümkün olsun? Başını yelləyərək o deyir ki, bu haqda düşünmək hələ tezdir.
Bu hadrutlu ailə ilə Stepanavanda üç saata yaxın vaxt keçirəndən sonra Yerevana qayıdırıq. Mən öz evini, imkanlarını, torpağını itirəndən sonra Tuğ həsrətilə əzab içində yaşamaq istəməyən bir ailə gördüm.
Onlar reallığı qəbul etdilər. Əgər onlar belə etməsəydilər, çox çətin olardı. Burada isə yeddi uşaq var və yaşamaq lazımdır.
Yerevana qayıtdıqdan sonra ulağı Hayka apardım. O, fiquru ehmalca götürüb televizorun üstündəki əvvəlki yerinə qoydu.
“O, mənə müharibəni yox, müharibə zamanı necə şövqlə yaşamaq istədiyimizi xatırladır. Hətta yaşamaq da yox, ölməmək. Nəyin bahasına olursa olsun, ölməmək”, – Hayk deyir.
Uşaqlar və Qarabağ müharibəsi
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.