Müharibənin sındırdığı portveyn şüşəsi
Müharibədən əvvəlki Qarabağ haqda danışanda nisbətən yaxın keçmişdə Azərbaycanın ən məşhur məhsullarından bri olan, sıradan olduğu qədər özünəməxsus əfsanəvi alkoqollu içkini – “Ağdam” çaxırını xatırlayanlar az olur.
Bu portveyn Ağdam Konyak Zavodunda hazırlanırdı və açığını desək, Azərbaycanın qida sənayesinin şedevrləri sırasına daxil deyildi.
Düzünə qalsa, bu, heç portveyn də deyildi – ən azı ona görə ki, ancaq Portuqalıyada istehsal olunan portveyn hesab edilə bilər. “Ağdam” isə o zaman SSRİ-də istehsal olunan adi tündləşdirilmiş çaxırlardan biri idi.
Xüsusi keyfiyyəti ilə seçilmirdi, amma yenə də “xalq içkisi” ola bilmişdi, çünki “ucuz və təsirli” idi – iki rubla kifayət qədər “tünd” (19%) və nisbətən dadlı alkoqol əldə edirdiniz. Digər sovet istehsalı tündləşdirilmiş çaxırlar ya daha bərbad, ya da daha baha olurdu.
Üstəlik Azərbaycanın özündə “Ağdam”ı çox da sevmirdilər, hətta kasıb tələbələr də ona ağız büzürdü.
“Mənim tələbəlik illərimdə yoldaşlarımızla “Ağdam”ı çox da sevmirdik. Birincisi, mədəni turşudurdu, ikincisi, adamın nəfəsi çox pis iylənirdi, valideynlər dərhal duyuq düşürdü. Odur ki, stipendiya aldığımız günlərdə “Çinar” çaxırı, ya da “Jiqolyovskoye” pivəsi içməyə üstünlük verirdik. Amma əsgərliyə gedəndən (bu, 1980-ci illərin ortaları idi) və Rusiyaya düşəndən sonra seçim olmadığı üçün “Ağdam” içirdim”, – yaşlı yoldaşlardan biri danışır.
Pensiyaçı Xalidə xala zərif ziyalılardandır, ona baxdığın zaman heç vaxt ağlına gəlməz ki, ümumiyyətlə “portveyn” sözündən xəbəri var, amma o da “Ağdam”ı xatırlayır və haqqında heç bir ehtiramsız danışır:
“Əlbəttə, biz zaman-zaman “Ağdam” içirdik. Amma Bakıda onu alkoqoliklərin içkisi hesab edirdilər. Çünki ucuz idi, dadı da qiymətinə müvafiqdi. Alkoqolikləri hətta “ağdamşik” adlandırırdılar. Rusiyada isə “Ağdam”ı sevirdilər. Mənə qalsa, “Kürdəmir” daha ləzzətli idi”.
“Kürdəmir” də Azərbaycanın istehsal etdiyi və digər bir rayonun adını daşıyan tündləşdirilmiş çaxırdır, amma indi mövzu o deyil.
1960-70-ci illərdə “Ağdam” sürətlə gənclərin mədəniyyətinin bir hissəsinə çevrildi. Ona hətta nəğmələr də həsr olunub. Daha doğrusu, elə həmin bu “Ağdam” içilən məclislərdə gitara ilə oxumaq üçün “tin mahnıları”. Bir sözlə, xalq yaradıcılığı. Folklor.
İndi bir vaxtlar “Ağdam” içən və gitara ilə bu mahnıları oxuyan həmin insanlar o portveyni gəncliklərinin rəmzlərindən birini kimi xatırlayır və onun haqqında “əlbəttə, bərbaddı, amma necə yaxşı gedirdi, ümumiyyətlə çox yaxşı zamanlar idi” ruhunda danışırlar.
Deyirlər, hətta bu portveynin möcüzəvi şəkildə günümüzə qədər gəlib çıxan “nümunələri” kolleksiyaçılar tərəfindən dəyərləndirilir.
1980-ci illərin sonlarında “Ağdam” istehsalı dayanıb. Məlum səbəblərdən. 1990-cı illərin əvvələrində birinci Qarabağ müharibəsi zamanı isə zavodun binası da dağıdılıb.
Nəticədə, Azərbaycan sovet dövrünə aid bir çox çaxırların bir növ yeni “üslubda” istehsalını bərpa edib (məsələn, “Kürdəmir” çaxırı). Amma “Ağdam”ın bu sarıdan bəxti gətirməyib.
Halbuki çox yaxşı kommersiya ideyasıdır – artıq tanınmış brenddir, keyfiyyətini isə indi daha yaxşı eləmək mümkündür. İxrac üçün möhtəşəm olardı.
Düzdür, vaxtaşırı bazarda “Ağdam” adı altında müəyyən alkoqollu içkilər peyda olur, amma bir qayda olaraq, uyğunluq elə adla yekunlaşır. “Həmin əfsanəvi” içkinin adı altında adətən adi turş çaxır satırlar.
Orijinala nisbətən yaxın versiyanı təəccüblü olsa da, Latviyada hazırlayırlar – həmin 19%, eyni şəkər tərkibi, hətta etiket də təxminən eynidir. Amma latviyalı şərabçılar bildirirlər ki, portveynlərinin reseptini özləri hazırlayıblar və bu da artıq tamam başqa hekayədir.
İstənilən halda, saxta xələflərin əfsanəvi “sələfə” çatmağına çox var.
Digər tərəfdən, vaxtilə məşhur olan filmlərin rimeyklərinin adətən maraqsız alındığını nəzərə alsaq, bu halda ən yaxşısı risk etməməkdir. Ucuz tələbə içkisindən “lüks” şəraba çevrilən “Ağdam”ın əvvəlki şöhrətini qaytara biləcəyi də fakt deyil. Elə tələbələr də indi fərqlidirlər.
Hər halda “Ağdam” Qarabağ münaqişəsinin göz önündə olmayan “qurbanlarından” biri olub. Bu kimi qurbanlar insan itkisi ilə müqayisəyə gəlməsə də, yenə də kədərlidir.
Bəlkə də müharibə olmasaydı, hətta Sovet İttifaqının dağılmasına baxmayaraq, həmin portveynın istehsalı davam edərdi. “Ağdam” sözünün Cənubi Qafqaz hüdudlarından kənarda müharibə ilə yox, ucuz alkoqollu içki ilə assosiasiya olunması da daha yaxşı olardı yəqin ki.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.