“Müharibənin alternativi sülh olsaydı, mən onu seçərdim”
Londonun Çelsi rayonunda gəzinti Leylanı erməni kilsəsinə gətirib çıxarır və qız Facebook-da azərbaycanlıların və ermənilərin həssas mövzulardan və münaqişələrdən uzaq qalmağa çalışaraq “kino, şərab və domino” müzakirə etdikləri qapalı qrupdakı yeni tanışları üçün kilsənin şəklini çəkmək qərarına gəlir. 33 yaşlı azərbaycanlı Leyla artıq iki ildir ki, Böyük Britaniyada yaşayır. Baxmayaraq ki, 2020-ci ildə Qarabağ müharibəsi minlərlə kilometr məsafədə baş verirdi, bu, onun üçün ağrının dərinliyini azaltmırdı.
“Mənə hətta elə gəlirdi ki, məsafədə ağrını daha kəskin hiss edirəm, Bakıda olsam, bu qədər olmazdı. Mən başqa heç nə haqda düşünə bilmirdim. Baxmayaraq ki, müharibə nə ailəmə, nə də tanışlarıma bilavasitə toxunmamışdı. Londonda tək yaşayıram, karantin şərtlərində isə diqqətini yayındırmaq üçün çox variant yoxdur. İlk bir-iki həftə normal işləyə bilmirdim, çünki bütün günü telefondan çıxa bilmirdim: xəbərlər, messenger-lər, Telegram, beləcə çevrənin içində. Elə həddə çatdım ki, psixoterapevt seanslarına yazıldım, çünki çox həyəcanlı idim.
Qarışıq hisslər keçirirdim. Bir tərəfdən dəhşət içindəydim, anlayırdım ki, müharibə fəlakətdir, bəşəriyyət bundan daha dəhşətli heç nə düşünməyib. Amma digər tərəfdən mən bu müharibəni dəstəkləməsəm də, müəyyən qədər haqq qazandırırdım. Peşəm [biznes layihələrin təhlilçisi – red.] etibarilə bilirəm ki, istənilən layihəni dəyərləndirərkən, alternativ ssenariləri doğru müəyyən etmək vacibdir. Odur ki, müharibənin alternativi sülh olsaydı, mən düşünmədən onu seçərdim. Amma danışıqlar artıq uzun illərdir ki, dalana dirənmişdi və mən görürdüm ki, hazırkı vəziyyətdə alternativ onilliklərlə davam edən və ölümlərə, nifrətə, böyük yadlaşmağa gətirib çıxaran “atəşkəsdir”. Əmin deyiləm ki, bu, müharibədən daha yaxşı idi.
Mən Böyük Britaniyada yaşayan azərbaycanlıların Facebook qrupundayam və iştirakçılar şəxsi təşəbbüs qaydasında həlak olanların və qazilərin ailələri üçün yardım topladıq. Prinsipcə onlar elə indi də bunu edirlər, aylıq abunə kimi şeylər təşkil edirlər.
Xarici dostlarımdan və həmkarlarımdan dəstək görməməyim məyusedici idi. Yox, mən gözləmirdim ki, onlar tərəflərdən birini tutacaqlar. Üstəlik, hesab edirəm ki, bu cür mürəkkəb münaqişələrdə kənardakı ağıllı insan ən yaxşısı bunu etməməlidir. Ancaq bir neçə nəfərdən Bakıdakı yaxınlarımla bağlı dəstək və narahatlıq sözləri eşitdim. Bir də açıq mətnlə sosial şəbəkələrdə pis olduğumu yazdığım zaman bir neçə nəfər reaksiya verdi.
Mən ən müxtəlif emosiyalar arasında vargəl edirdim. Suqovşanda (o zaman hələ Madaqis) Azərbaycan bayrağının qaldırıldığını əks etdirən videonu görəndə ağladım; nazirlərin on saatlıq danışıqlardan çıxacağı anı səbrsizliklə gözlədim; Gəncə və Bərdə bombardman ediləndə hönkür-hönkür ağlayırdım, Şuşa alınanda gözlərimə və qulaqlarıma inanmırdım; sülh razılaşması imzalananda sevinirdim.
Bir də onu deməliyəm ki, Qarabağa xüsusi münasibətim var. Babamın kökü Laçından gəlir, ailəmin bir hissəsi isə Ağdamdan məcburi köçkündür, müharibədən əvvəl onların orada gözəl bağlı evləri vardı, ondan artıq əsər-əlamət qalmayıb. Əlbəttə ki, mən Ağdamda olmaq istəyirəm, hərçənd anlayıram ki, bu, hələ yaxın zamanda mümkün olmayacaq.
Belə alınıb ki, mən həyatımda heç vaxt ermənilərlə qarşılaşmamışam, hətta internetdə də ünsiyyətdə olmamışam. Amma həmkarımın dəvətini qəbul edib, ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulması üçün yaradılmış qrupa daxil oldum. Bu qrup stereotipləri sındırmağa imkan verir. Millətçilik və ya bütöv bir millətə nifrət mənə xas olan xüsusiyyət deyil, amma 2020-ci ilin sentyabr-noyabrında informasiya müharibəsində, sosial şəbəkələrdə hər tərəfdən söyüş, qarşılıqlı ittihamlar yağdığı, qatı milliyyətçi ermənilərə hər tərəfdə rast gəldiyim zaman istər-istəməz ümumiləşdirməyə və hamısının belə olduğunu düşünməyə başlayırsan. Bu qrup isə heç də hamısının belə olmadığını görmək üçün yaxşı imkandır.
Qrup hətta hansısa məsələlərdə tam fərqli baxışlara rəğmən insanlarla mədəni və sivil şəkildə ünsiyyət qurmağa imkan verir. Erməniləri insanlıqdan çıxartmamağa və şeytanlaşdırmamağa, onların da hissləri və ağrıları olan adi insanlar olduqlarını görməyə kömək edir. Düşünürəm ki, indi müharibə bitəndən sonra biz hamımız uzun və əziyyətli prosesdən keçməliyik. Biz sadə vətəndaşlar da sülh istiqamətində hansısa addımlar ata bilərik”.
Kilsənin şəklinin altındakı şərhlərdə ermənilərlə azərbaycanlılar alban kilsələri və qədim erməni torpaqları haqda ancaq özlərinin anladığı zarafatlar edir, bu iki ölkədə hakimiyyət və cəmiyyətin informasiya müharibəsində istifadə etdiyi fərqli stereotiplərə istehza ilə yanaşırlar. Bu da nikbinlik üçün olmasa da, ümid üçün səbəb verir.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.