Müharibələr mübahisələrə son qoyur və məsələləri həll edir. Azərbaycandan şərh
Qarabağda 2020 və 2016-cı il müharibələrini müqayisə edərkən: ilkin şərtlər və cəmiyyətin reaksiyası
Emosional silkələnmə o qədər güclü idi ki, bu an hafizəmə həmişəlik həkk olub. Mən kitabxanada idim və 1998-ci ilə aid qəzet materiallarını oxuyurdum. Azərbaycanda prezident seçkiləri ərəfəsində müəllimlərin həmkarlar ittifaqının aşağı əməkhaqlarına etiraz olaraq kütləvi tətil elan etməklə hədələdiyi haqda məqalə diqqətimi çəkmişdi. Gözlərimə inana bilmirdim. Bugünkü Azərbaycanda bu mümkün deyil.
Mən hesab edirəm ki, sözəbaxan vətəndaş cəmiyyəti təbliğatın nəticəsidir. İtaliyalı mütəfəkkir Antonio Qramşi ideologiyanın iqtisadi böhranın mənfi nəticələrini neytrallaşdıra, bunun siyasi böhrana keçməsinə mane ola biləcəyi haqda yazırdı. Azərbaycanda bütün əyrilikləri və diskursun ziddiyyətlərini səliqəyə salan bu ideologiyanın təməli həmişə Qarabağ olub ki, bu da birinci Qarabağ müharibəsinin nəticələrindən sonra əsrlər boyu və barışmaz düşmənə qarşı total müqavimətə əsaslanan bir kimliyi nəzərdə tutur. Bu mövzu qarşısında istənilən etiraz ifadəsi mənasız olub.
Bundan başqa, hər dəfə Qarabağda hərbi əməliyyatlar hakimiyyətin mövqelərinin möhkəmlənməsinə gətirib çıxarıb. 2020-ci il 44 günlük müharibə ilə 2016-cı ilin aprel müharibəsi arasındakı paralelləri xatırlamaq yetərlidir.
Hər iki halda hərbi əməliyyatlar başlayana qədər vəziyyət gərgin idi
2015-ci ildə hakimiyyət iki dəfə manatın devalvasiyasına gedəndə, paralel olaraq müflisləşmiş əhalinin gözləri qarşısında təmtəraqlı Avropa Oyunları keçirəndə qəzəb o qədər güclü idi ki, bir çox şəhərlərdə bir sıra böyük çıxışlara səbəb oldu. Narazıların dağıdılması üçün hakimiyyət texnikadan, daxili qoşunlardan və çevik qüvvələrdən istifadə etdi.
2020-ci ildə koronavirus lokdaunu ərəfəsində hakimiyyət növbədənkənar parlament seçkiləri keçirməyə ancaq macal tapdı. Bununla belə parlamentdə əhəmiyyətli dəyişikliklər olmasa da, çox sayda müstəqil namizəd, o cümlədən də müxtəlif pozuntuları qeydə alan müşahidəçilərin misilsiz fəallığı vardı. Bundan az əvvəl eyni fəallıq bələdiyyə seçkilərində də müşahidə olunurdu, dairələrin birində isə feminist fəal Vəfa Nağı bələdiyyə üzvü seçilmişdi.
Bütün bu qeyri-adi fəallığın fonunda neftin qiymətinin düşməsi səbəbilə manatın devalvasiyası gözləntiləri, daha sonra isə koronavirusa qarşı sərt tədbirlər vardı ki, bunlar da əhalinin siyasi passiv təbəqələrini də qəzəbləndirmişdi.
Hər iki halda hərbi əməliyyatların başlaması cəmiyyətdə gərginliyi yox etdi
2016-cı ildə müharibənin nəticəsi yalnız ona qarşı çıxanların marginallaşdırılması, müxalif saytların bloklanması və dinc həll tərəfdarlarının çoxunun militaristlərin düşərgəsinə keçidi ilə cəmiyyətin görünməmiş konsolidasiyası yox, həm də prezident hakimiyyətinin mütləqləşməsinin başa çatması oldu.
2016-cı ildə referendum keçirildi, səsvermə nəticələrinə əsasən, prezident səlahiyyətlərinin müddəti 5 ildən 7 ilə yüksəldildi, yaş senzi aradan qaldırıldı, birinci və digər vitse-prezident vəzifələri təsis edildi, o cümlədən də prezidentə parlamenti buraxmaq və növbədənkənar seçki elan etmək səlahiyyəti verildi. Bunun ardınca Rusiya siyasi rejimi istiqamətində dreyf davam etdi və bu, prezidentin qərb institutlarının ünvanına aqressiv ritorikası və fəalların, üstəlik təkcə siyasi yox, təqib olunması ilə müşayiət olundu.
2020-ci ildə müharibədən sonrakı eyforiya sayəsində bir il ərzində davam edən ərzaq mallarının, benzinin qiymət artımına və kommunal xərclərin çoxalmasına heç kim fikir vermədi. Aprel müharibəsindən sonra olduğu kimi zəfərin xatirələrdə qalmış təcrübəsi daha öncə milli təfəkkürə hakim kəsilmiş matəmi əvəzləməli idi. Prezidentin reytinqi əvvəl heç vaxt olmadığı qədər yüksəkdir.
Bununla yanaşı müxalifət həm 2016, həm də 2020-ci ildə çox sönük görünürdü. Adətən onların ritorikası hökumətdən narazılıq üzərində qurulurdu və əsas arqument həmişə hakimiyyətin Qarabağı geri qaytarmaq iqtidarında olmadığı idi. 2016-cı ildə müxalifətçilərin hökuməti dəstəkləməkdən başqa çarəsi qalmadı, hərbi əməliyyatlar bitəndən sonra isə onlar Qarabağın tam qaytarılmadığı ilə bağlı iradlar səsləndirə bildilər. 2020-ci ildə isə onların rəsmi şəkildə “ölkənin çətin zamanında lider ətrafında sıx birləşməkdən” savayı çarəsi qalmadı.
Müharibədən sonrakı həyat
Ümumilikdə cəmiyyət daxilində dinc birgə yaşayışla bağlı perspektivə münasibətdə dəyişiklik olmayıb – bu, mümkünsüz hesab edilir. Medianın yaydığı “düşmən” haqda təsəvvür yumşalmayıb. Əliyevin özünə gəlincə, xarici auditoriya üçün çıxışlarında o, ermənilərin bərabər hüquqlu Azərbaycan vətəndaşları olduqları dünya xəritəsini mümkün sayır, daxili istehlakçı üçün isə əvvəlki diskursu saxlayır. Burada ermənilər Qafqazda kökü və tarixi olmayan gəlmə xalqdır. Hadrutda az əvvəlki çıxışında o bildirib ki, tarixçilər ermənilərin Qafqaza gəlişi haqda daha çox yazmalı, doğru xəritələr tərtib etməli, qədim adları geri qaytarmalı və tarixi ədaləti dünya ictimaiyyətinə və yetişən nəsillərə çatdırmalıdırlar.
Bununla belə, bəzi müsbət məqamları da qeyd etmək lazımdır. Beləliklə, mülki təyyarələr uzun illərdən sonra ilk dəfə Naxçıvana Ermənistanın üzərindən uçmağa başlayıb, Hərbi Qənimətlər Parkından erməni əsgərlərin manekenləri və dəbilqələri yığışdırılıb, siyasi bloqer-emiqrant Həbib Müntəzir isə tezliklə Əliyevin erməni əhalinin inteqrasiyası proqramı haqda sərəncam imzalayacağı xəbərini yayıb.
Yadımdadır ki, 2015-ci ildə Bakıda ilk Avropa Oyunları zamanı mükafatlandırma mərasimində tamaşaçılar erməni idmançını fitə basmışdılar, amma prezident əlini qaldırandan sonra səs-küy bir anda kəsilmişdi. İndi Əliyevin reytinqi dəfələrlə yüksəkdir, siyasi institutlar və hakimiyyətin çox saylı agentlərinin yer aldığı vətəndaş cəmiyyətinin bütün resursları onun əlindədir. Eynilə əlini qaldırmaqla bir anın içində ictimai fikrə təsir edə, ermənilərə qarşı etimadsızlığa və nifrətə bərabər olan mövcud “sağlam düşüncəni” dəyişə bilər. Bunu istəyəcəkmi, sual budur.
Bu hekayə “Trayektoriya” media layihəsinin bir hissəsidir. Layihə Cənubi Qafqazda münaqişənin həyatlarına toxunduğu insanlardan bəhs edir. Bütün Cənubi Qafqazdan olan müəlliflər və redaktorlarla işləyir və münaqişələrin heç birində tərəflərdən heç birini dəstəkləmir. Bu səhifədəki materiallara görə müəlliflər məsuliyyət daşıyır. Əksər hallarda toponimlər müəlliflərin cəmiyyətlərində qəbul olunduğu kimi istifadə edilir. Layihə Avropa İttifaqının dəstəyilə GoGroup Media və International Alert təşkilatları tərəfindən həyata keçirilir.