Müharibədən heç cür qayıda bilməyən adam – fotohekayə
Son yarım il ərzində Azərbaycanla Ermənistanın münasibətlərində bir qədər isinmə baş verib. 2019-cu ilin yanvarında az qala 30 ildir ki, aralarında Dağlıq Qarabağa görə həll edilməmiş münaqişə olan iki ölkənin xarici işlər nazirliklərinin başçıları razılığa gəliblər ki, “xalqları sülhə hazırlamaq” lazımdır.
Lakin iki ölkənin cəmiyyətlərinin bir-birindən izolyasiyasından və hökumətlərin güzəşt tanımayan vətənpərvər ritorikasından onillər keçdikdən sonra insanlar üçün barışıq perspektivini təsəvvür etmək çətindir. Xüsusilə, müharibənin həyatlarını sındırdığı adamlar üçün.
Müharibə veteranı, I qrup əlil, özü əvvəllər tankçı olmuş Eldəniz Abbasov onu 1998-ci ildə tikməyə başlayıb və hələ də tikintini davam etdirir. O, yaxınlıqdakı avtomobil dayanacağında keşikçi işləyir.
Daş yığınları, qəfəslərdə quşlar, tankçıların adları və döyüş tarixləri yazılmış lövhələr, aralarında aşkar aqressivləri də olan vətənpərvər çağırışlar. Həyətdə yaşayan sakinlər danışırlar ki, əvvəlcə dəhşətə gəlmişdilər. Kimsə bu yeri heyvanxana, kimsə qəbiristanlıq adlandırırdı. Sonradan öyrəşiblər.
“Adlarını burada gördüyünüz bu insanlar mənim dostlarım olub. Onlar mənim gözlərimin qabağında ölüblər. Mən bütün batalyonun qarşısında söz vermişəm ki, əgər onları öldürsələr, hər birinə abidə ucaldacağam, hər şey edəcəyəm ki, onları unutmasınlar. Gülürdülər”.
Eldəniz tankın mexanik-sürücüsü olub. Bir çox qanlı döyüşlərdə iştirak edib, bir neçə dəfə yaralanıb. Sağ əli sözünə baxmır, danışanda isə tez-tez dərin nəfəs almaq üçün dayanır – ağciyəri yaralandığı üçün.
Eldəniz xatirə abidəsinin düz yanında taxta daxmada yaşayır.
Qəfəsin üstündə yazı – “Şuşa qartalı”. Digər quşlar da Azərbaycanın Qarabağda itirdiyi rayonların şərəfinə “adlandırılıb”. Qəfəsin altında taknçı, ölümündən sonra Azərbaycanın Milli qəhrəmanı medalı ilə təltif edilmiş Albert Aqarunovun rəsmi var.
“Albertə görə mükafat təyin olunmuşdu. Ermənilərdə qadın snayper vardı. Adı Janna idi. Onu həmin qadın güllələdi. Və bir neçə başqa dostumu. Tezliklə bir dostum da döyüşdə onu öldürdü”.
Eldəniz danışır ki, onun yanına hərbçilər gəlir, hətta Albertin İsraildə yaşayan qardaşı, yəhudi icmasının üzvləri gəlib. Kömək təklif edirlər, lakin o imtina edir.
“Mən 380 manat pensiya alıram, dayanacağa baxmalı və hər sürücüdən 50 qəpik dilənməliyəm. Orada yaşadığımız bu qədər şeydən sonra. Amma mən şikayət etmirəm. Mənə heç kimdən heç nə lazım deyil. Mənə pul təklif edirlər, bəziləri quşlarımı baha qiymətə almaq istəyir. Amma mən razılaşmıram. Mənimçün əsas odur ki, dostlarımı xatırlasınlar. Bax, üçünə lövhə vurmuşam. Daha üçünə vurmaq istəyirəm”.
Veteranın sözlərinə görə, Albert Aqarunovun qohumları ona İsraildə əməliyyat olunmağa yardım ediblər, burada onun çiyninə və ayağına implant əlavə olunub.
Eldəniz yeni qəfəs düzəldir, kəklik almaq istəyir. Lövhədəki 864 rəqəmi, onun sözlərinə görə, həlak olmuş alay döyüşçülərinin sayıdır.
Hər xatirə lövhəsinin yanında həlak olmuş tankçının papağı var. Bu papaq ağdamlı Canpoladın olub.
Psixoloq Azad İsazadə hesab edir ki, bu məhz həmin haldır ki, veteran üçün bir çox başqaları kimi müharibə bitməyib.
“O. müharibəni bacardığı qədər davam etdirir, həlak olmuş dostlarının xatirəsini yaşadır, şüarlardan psixoloji müharibə aləti kimi istifadə edir, çünki “fiziki müharibə” aparmağa artıq imkanı yoxdur. O, bu yolla özünü post-travmatik sindrom vəziyyətindən çıxarmağa çalışır”.
Söhbət etdiyimiz vaxt ərzində yaxınlıqdan keçən hər kəs dayanır və hörmətlə Eldənizlə görüşürdü. Yaşlı bir kişi dayandı, işlərinin necə getdiyini soruşdu. Sonra isə bizə müraciətlə dedi ki, veterana kömək etmək əvəzinə niyə dayanıb baxırıq.
Eldəniz utanaraq yenidən bildirdi ki, ona heç kimdən heç nə lazım deyil.