Azərbaycanda müəllif hüququ, yaxud hüquqsuzluğu?
Dünyanın bütün normal ölkələrində olduğu kimi Azərbaycanda da əqli mülkiyyətin oğurlanması cinayətdir. Bu, qanunla tənzimlənir. Buna nəzarət edən xüsusi dövlət qurumu da var. Amma reallıqda bu cür oğrular demək olar ki, cəzalanmır və müəllif hüquqları çox zəif qorunur.
- Azərbaycanlı kospleyerlər: Onlar kimdir və nə istəyirlər?
- Fövqəlinsan necə yaradılırdı – Abxaziyadakı meymun yetişdirmə müəssisəsinin əfsanələri və həyatı
- Azərbaycan mentaliteti: 5 yaxşı və 5 pis cəhət
Ölkədə müəllif hüquqları sahəsindəki bu vəziyyətin səbəbləri nədir? JAMnews olaraq ekspertlərin rəyləri ilə bu səbəbləri anlamağa çalışmışıq.
Müəllif hüquqlarının qorunması sahəsində böyük pərakəndəlik
“Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu hesab edir ki, Azərbaycanda müəllif hüquqlarının qorunması sahəsində böyük pərakəndəlik var.
“Əslində, tənzimlənən heç nə yoxdur. Oğrular rahatlıqla istədikləri kitabı həm çap edə bilirlər, həm də sosial şəbəkədə yayırlar. Qanunvericilikdə bu cinayət əməlidir. Amma o, heç zaman tətbiq olunmur. Müəllif hüquqlarının pozulması faktı, ümumiyyətlə, ciddiyə alınmır. Mən dəfələrlə müvafiq instansiyalara, müvafiq orqanlara müraciət etmişəm. Amma nəticə olmayıb”, – naşir JAMnews-a müsahibəsində bildirib.
Qanun nə deyir?
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanunu elm, ədəbiyyat və incəsənət əsərlərinin (müəlliflik hüququ), habelə ifaların, fonoqramların, efir və ya kabel yayımı təşkilatlarının verilişlərinin (əlaqəli hüquqlar) yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.
Qanunun 25-ci maddəsinə görə, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.
Bu qanunda qeyd olunan müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.
Müəlliflik hüququnun qorunmasına məsul olan dövlət qurumu
Hazırda müəllif hüquqlarının qorunmasına məsul olan dövlət qurumu 2018-ci ilin iyulunda prezident sərəncamı ilə Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşməsindən yaranan Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyidir.
Agentliyin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Dünya İqtisadi Forumunun 2019-cu il üçün dərc etdiyi Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə hesabatına görə, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə 30-cu yeri tutub.
2015-ci ildən 2019-cu ilə qədər “Qlobal Rəqabətqabiliyyətlilik İndeksində” Azərbaycanın “Əqli mülkiyyətin qorunması” üzrə göstəriciləri daim yüksələn xətlə dəyişib.
Agentliyin məlumatında bildirilir ki, “Patent ərizələri” üzrə göstəricilərdə də Azərbaycanın reytinqi yüksəlib və bunun nəticəsində əqli mülkiyyətlə əlaqəli “İnnovasiya” indeksi üzrə 2018-ci illə müqayisədə ölkəmiz 3 pillə irəliləyərək 68-ci yerə yüksəlib.
Qanunun tətbiqi mexanizmi yoxdur
Naşir Şahbaz Xuduoğlu bildirir ki, əslində Əqli Mülkiyyət Agentliyinin əlində mülkiyyət hüquqlarının qorunmasını təmin etmək üçün hər hansı bir mexanizm yoxdur.
“Deyək ki, bir nəşriyyat müəllif hüquqları bizdə olan bir kitabı tərcümə və nəşr edib. Biz bu barədə nəşriyyatın özünə müraciət edirik. Adətən, belə halda üzrxahlıq etsələr də, vərdişlərindən əl çəkmirlər. Agentliyin də pirat yolla kitab nəşr edən nəşriyyatları cəzalandırmağa həm həvəsi yoxdur, həm də hüquqi vasitələri. Yəni, bu məsələlər indi bizdə “mən ölüm”, “sən öl”lə tənzimlənir”, – Ş.Xuduoğlu deyir.
Əsərlərinə rəsmi müəlliflik hüququ alanlar
Amma Əqli Mülkiyyət Hüququ Agentliyinin mövcudluğunu müəllif hüquqlarının qorunması baxımından müsbət dəyərləndirənlər də var. Məsələn, Azərbaycanın tanınmış hərbi diktoru, vətənpərvərlik mahnılarının müəllifi və ifaçısı Şəmistan Əlizamanlı 2019-cu ildə bütün əsərlərinin qeydiyyatı üçün agentliyə müraciət edib və JAMnews-a bildirdiyinə görə, xeyrini də görüb.
“Bir müddət əvvəl müəllifi olduğum “Turan ellər” mahnısını adını çəkmək istəmədiyim bir meyxanaçı ifa etmişdi və müəllif olaraq öz adını qeyd etmişdi. Əlimizdəki qeydiyyat sənədi ilə həmin şəxsə müraciət elədik, o da heç bir mübahisəsiz üzürxahlıq etdi. Çox asanlıqla müəllif hüququm bərpa olundu. Təbii ki, qanunda nəzərdə tutulduğu kimi bu cür qeydiyyat hüquqların qorunması işini asanlaşdırır”, – Şəmistan Əlizamanlı hesab edir.
Bir nəğmənin izi ilə
2019-cu ildə əsərlərinin qeydiyyatı üçün Əqli Mülkiyyət Hüququ Agentliyinə müraciət edən məşhurlar sırasında bəstəkar Eldar Mansurov da var ki, Azərbaycanda müəllif hüquqlarının pozulması deyəndə bəlkə də ilk ağla gələn onun ismidir.
Eldar Mansurovun 1988-ci ildə Vahid Əzizin sözlərinə bətələdiyi, ilk dəfə 1989-cu ildə tanınmış müğənni Brilyant Dadaşovanın ifa etdiyi “Bayatılar” nəğməsi uzun illər dünyanın az qala bütün qitələrində müəllif hüquqları pozularaq ifa olunub.
Hər şey 1990-cı ildə “Melodiya” şirkətinin mahnını val şəklində lentə alaraq bütün SSRİ-də yayması ilə başlayıb.
1991-ci ildə Türkmənistanın “Aşqabad” qrupu müəllifdən icazə alaraq mahnını ifa edir, amma 1993-cü ildə çıxardığı albomda Eldar Mansurov türkmən bəstəkar kimi təqdim olunur. Daha sonra “Aşqabad” qrupu Almaniyada albom çıxardıqları zaman Eldar Mansurovun xəbəri olmadan mahnının hüquqlarını Piter Qabrielin rəhbərlik etdiyi “Real World Records” şirkətinə satır. 2002-ci ildə mahnı “Aşqabad” qrupunun ifasında İsrail-Fələstin müharibəsindən bəhs edən “Promises” filminin saundtreki olur.
Müxtəlif illərdə rusiyalı ifaçı Reno mahnını “Zdravstvuy”, Türkiyənin məşhur sənətçisi Sezen Aksu “Zalim”, yunan ifaçı Keti Qarbi “Esena mono” adı altında ifa edir. Heç biri müəllifin kimliyini qeyd etmir. Braziliyanın caz orkestri “Camara” isə mahnını elə “Bayatılar” adı ilə ifa edir, müəllif olaraq da Eldar Mansurov göstərilir, amma o, yenə də türkmən bəstəkar kimi təqdim olunur.
2006-cı ildə Azərbaycan estradasının ulduzu Aygün Kazımova yenidən mahnını ifa edir və getdiyi bütün ölkələrdə mahnını və müəllifi Eldar Mansurovu təbliğ etməyə başlayır.
2009-cu ildə Rumıniya ifaçısı Edvard Maya “Bayatıları” “Stereo love” adı ilə oxuyur, 2019-cu ildə Azərbaycana gələrək Eldar Mansurovla müəllif hüquqlarının qorunması ilə bağlı müqavilə imzalayır.
Eldar Mansurov digər əsərləri kimi artıq “Bayatılar”ı da Əqli Mülkiyyət Hüququ Agentliyində qeydiyyatdan keçirib.
Əsas problem – məlumatsızlıq
Şahbaz Xuduoğlu hesab edir ki, ölkədə müəllif hüquqlarının qorunması ilə bağlı agentliyin və qanunvericiliyin olması özlüyündə müsbət haldır, amma problemin hərtərəfli həlli deyil. Onun fikrincə, bu sahədəki əsas problem məlumatsızlıqdır.
“Adamlar hələ də sovet yuxusundadır. Kitabdırsa, deməli, onu oğurlamaq olar. Bu, oğurluq hesab edilmir. Bu cür yanlış yanaşma kökündən dəyişilməlidir. Dəyişməyin yeganə yolu bu barədə geniş müzakirələr açmaqdır. Çox zaman qanun da işləyir, o qanuna nəzarət edən bir komitə də var. Amma insanlar köhnə vərdişlərindən əl çəkmirlər. Burada yeganə yol qalır ki, vəziyyəti başadüşülən formada izah etmək lazımdır. Bizdə əsasən natural kitablarla yanaşı, elektron kitablar da pirat olur. Böyük sosial şəbəkələrdə paylaşılır. Belə paylaşım edənlərin bəziləri bu əməlini maarifçilik xidməti kimi dəyərləndirir. Hansı ki, müəllif hüquqları, əqli mülkiyyət məsələsindən azca anlayışı olsaydı, əminəm ki, bu hərəkətə yol verməzdi”.
Azərbaycanlı yazıçının Azərbaycan və Norveç təcrübəsi
Hazırda Norveçdə yaşayan tanınmış azərbaycanlı yazıçı Günel Mövlud ötən ilin yayında nəşr olunan yeni “Düşərgə” romanının Azərbaycanda pirat versiyasının yayılması ehtimalı ilə bağlı problem yaşayıb. Onun sözlərinə görə, əllərdə olan bəzi nüsxələrin dizaynının orijinaldan fərqlənməsi halları ilə qarşılaşıb.
“Bundan başqa, satış üçün kitab vermədiyimiz internet üzərindən kitab çatdıran bir nəfər necəsə “Düşərgə” romanını satırdı. Mən bu barədə həmin şəxsə yazanda, iddia etdi ki, romanı mənim verdiyim digər kitab dükanlarından alıb satır. Mən məhkəməyə müraciət etmədim, çünki əlimdə dəlil yox idi”, – Günel Mövlud JAMnews-a deyib.
Çap versiyasından başqa “Düşərgə” romanının PDF versiyasının da sosial şəbəkələrdəki bəzi kitab qruplarında paylaşıldığı haqda yazıçı məlumatlar alıb. Amma bunun qanunsuz olduğunu anlayandan sonra həmin qrup adminləri romanın elektron versiyasını siliblər. Bununla belə yazıçı bildirir ki, əgər Azərbaycanda əsərinin PDF formatda müəllif hüquqları gözlənilmədən yayıldığını yenidən eşitsə belə, bununla mübarizə aparmaq niyyətində deyil.
“Mən bir neçə onlayn kitab satışı platformasına baxdım, çalışdım ki, kitabımın PDF versiyasını ora qoyum. Amma onların tələb etdikləri faizlər o qədər yüksək idi ki, mən düşündüm, insanlar mənə müraciət edib PDF versiyanı özümdən alsalar, daha sərfəli olar. Bu halda təbii ki, yayılma ehtimalı güclü olacaq, amma düşünürəm ki, hansısa milyonçu platformanın PDF formatdan qazanmasındansa, qoy elə həmvətənlərim pulsuz oxusunlar kitabımı”, – Günel Mövlud hesab edir.
Norveç təcrübəsi ilə bölüşən yazıçı bildirir ki, orada çap üçün nəşriyyatla müqavilə imzalanandan sonra kitabın hər nəşri zamanı hər nüsxədən əldə olunan gəlirin 15 faizi yazıçıya çatır, reklam üçün ona 25 nüsxə verilir, əgər kitab başqa ölkələrdə fərqli dillərə tərcümə olunarsa, nəşriyyat müəllif hüququnun satışından əldə olunan gəlirin də 5 faizini müəllifə ödəyir.
“Norveçdə istər tərcümə, istər şeir, istər yazının haqları daima müəllifdə qalır. Məsələn, sənin bir şeirini nəşriyyat bir antologiyaya salıbsa, sənə qonorar ödəyibsə, bu o demək deyil ki, o şeirdən başqa platformalarda istifadə edə bilər. Həmin antologiyanı reklam etmək üçün hazırlanan broşürə sənin şeirini salırsa, bunun üçün əlavə qonorar odəməlidir”.
O ki qaldı satışdan asılı olmayaraq müəllifə ödənən minimum qonorara, bu artıq asılıdır müəllifin məşhurluğundan, kitabının neçə nüsxə satılma ehtimalından, nəşriyyatın maddi imkanlarından.
Günel Mövlud qeyd edir ki, ən əsas məsələ Norveçdə yazıçının müəllif hüququ dərdi çəkməməsidir, bununla Norveç Yazıçılar Birliyinin vəkilləri məşğul olur:
“Nəinki müəllif hüquqları pozulduqda, yazıçının istənilən hüququnun pozulması, məsələn, seksual təcavüzə, harrasmentə uğraması zamanı da Yazıçılar Birliyi yazıçının hüquqlarını müdafiə edir”.