«Moskvanın əsas qorxusu Ermənistanın Avropa İttifaqını seçməsidir»: rəy
Rusiyanın Ermənistanda referendum tələbi
Son günlər Rusiyanın Ermənistanda ölkənin Rusiyanın inteqrasiya bloku olan Aİİ-də qalıb-qalmayacağı və ya Avropa İttifaqını seçəcəyi ilə bağlı referendum keçirilməsi tələbi artıq təhdid kimi qəbul edilir. Bu barədə “Erməni Şurası” analitik mərkəzinin ekspertlərinin məqaləsində bildirilir.
Rusiya uzun müddətdir ki, referendum keçirilməsini tələb edir, özü də ən yüksək səviyyədə. Ancaq indi artıq Ermənistanın Aİİ-yə üzvlüyü ilə əlaqədar proseslərin başladılması barədə təhdidlər də səslənir. Halbuki bu qurumda qərarlar konsensus əsasında qəbul olunur və Yerevan veto hüququna malikdir.
“Rusiyanın əsas fobiyası vəziyyətin zaman keçdikcə pisləşməsi və nəticədə Ermənistan xalqının Avropa İttifaqını seçə bilməsidir”, – müəlliflər hesab edirlər.
Onlar vurğulayırlar ki, bu, Rusiyanın təkcə “əsas fobiyası” deyil, həm də “əsas yanılmasıdır”. Analitiklərin fikrincə, Rusiyanın may ayından, seçkiqabağı dövrdə Ermənistana qarşı tətbiq etməyə başladığı “iqtisadi təzyiq və şantaj” belə erməni cəmiyyətinin mövqeyini dəyişmir. Buna sübut kimi iyunun 7-də keçirilmiş parlament seçkilərinin nəticələri göstərilir: seçkilərdə rusiyapərəst qüvvələr deyil, Ermənistanın hakim partiyası qalib gəlib.
Ermənistanda parlament seçkiləri ərəfəsində Rusiya Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib. Eyni zamanda gül, “Cermuk” mineral suyu, bəzi spirtli içkilər və balıq məhsullarının idxalı qadağan edilib. Bu qərarlar məhsulların tələb olunan keyfiyyət standartlarına uyğun gəlməməsi ilə əsaslandırılıb. Lakin erməni ekspertlər və hakimiyyət nümayəndələri məsələyə seçkiqabağı proseslər kontekstində yanaşırdılar. Buna görə də təzyiqlərin seçkilərdən sonra dayanacağı gözlənilirdi.
Ancaq bu baş vermədi. Üstəlik, Rusiya seçkilərdən sonra yeni məhdudiyyətlər tətbiq etdi.
Bununla yanaşı, iyunun əvvəlində Aİİ-yə daxil olan dörd ölkə Ermənistan hakimiyyətini Avrasiya bloku ilə Aİ arasında seçimlə bağlı mümkün qədər tez referendum keçirməyə çağırıb. Yerevan cavab olaraq bildirib ki, hələlik belə referendumun keçirilməsi üçün əsas yoxdur, çünki Ermənistanın Avropaya inteqrasiya prosesi vətəndaşların seçim edə biləcəyi mərhələyə çatmayıb. Baş nazir Nikol Paşinyan bütün bu müddət ərzində izah edir ki, əvvəlcə Ermənistan Aİ-yə üzvlüyə namizəd ölkə statusu almalı və ya ən azı bu məsələ gündəliyə daxil edilməlidir.
Ancaq Moskva təkid etməkdə davam edir. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Aİİ referendumun dekabradək keçirilməsini gözləyir, əks halda bloka üzv ölkələrin liderləri “bundan sonrakı müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar”. Onun sözlərinə görə, Aİİ haqqında Müqavilənin Ermənistanla bağlı qüvvəsinin dayandırılmasının mümkün nəticələrinə dair hesabat Ali Avrasiya İqtisadi Şurasının dekabr iclasında müzakirə olunacaq.
Aşağıda erməni analitiklərin şərhi təqdim olunur.
- “Moskva Ermənistanın Rusiyanın inteqrasiya strukturlarından çıxmasına nail olacaq”: Rusiya XKX-nin bəyanatına reaksiya
- “Avrasiya İqtisadi İttifaqı mövcuddur, yoxsa yox, buna aydın cavab verməlidir” – Paşinyan
- “Biz qərarın nə vaxt verilməli olduğunu daha yaxşı bilirik”: Paşinyanın Aİ ilə Aİİ arasında seçimlə bağlı Putinə cavabı
Ermənistanın baş naziri Aİ-yə üzvlüklə bağlı referendumdan danışıb
“Ermənistanda heç kim heç vaxt Aİİ-yə üzvlüklə və ya alternativ olaraq Aİ-ni seçməklə bağlı referendum keçirilməsindən danışmayıb.
2025-ci il yanvarın 9-da Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanması haqqında qanun layihəsini müzakirə edib təsdiqləyəndə, baş nazir Paşinyan qeyd edib:
“Ermənistan Aİ-yə üzvlük prosesinə yalnız Konstitusiya ilə müəyyən edilmiş qaydada referendum iştirakçılarının müəyyən sayda “lehinə” səs verməsi halında başlaya bilər”.
Daha sonra Ermənistanda bir çox yüksəkvəzifəli şəxs müxtəlif hallarda bu fikri təkrarlayıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ermənistanda Aİİ-də qalıb-qalmamaq və ya ondan çıxmaqla bağlı deyil, Avropa İttifaqına üzvlüklə bağlı referendum keçiriləcək.
Bu prinsipial fərq gözlənilən nəticə ilə bağlı proqnozları da əhəmiyyətli dərəcədə dəyişir. Lakin Ermənistan Aİ-yə üzvlüyün lehinə səs verərsə, sonrakı proseslərin müəyyən mərhələsində ölkə qaçılmaz olaraq Aİİ-dən çıxacaq”.
Rusiya başqa məsələ ilə bağlı referendum keçirilməsində israr edir
“Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendum keçirməyə hazır olması Moskvanın qəbul etdirmək istədiyi məsələdən əhəmiyyətli dərəcədə fərqlənir.
Rusiya vəziyyəti açıq şəkildə manipulyasiya edərək, Ermənistanın Aİ-yə üzvlükdən ən azı on il uzaqda olduğu indiki mərhələdə belə Aİİ ilə bağlı referendum keçirilməsini tələb edir.
Bu tələskənliyin əsl səbəbini anlamaq lazımdır.
Kreml anlayır ki, Aİ-yə üzvlük üçün real imkan yaranarsa, heç bir rasional cəmiyyət bunun əleyhinə səs verməz.
Müvafiq olaraq, Ermənistanı Aİİ-də saxlamaq və onun Aİ-yə doğru hərəkətini dayandırmaq şansını qorumaq üçün Avropa İttifaqına üzvlük perspektivi hələ qeyri-müəyyən və aydın olmadığı müddətdə referendumu mümkün qədər tez keçirmək lazımdır”.
Moskva erməni biznesmenlərin asılılığından istifadə edərək Avropaya “qalib gəlməyə” çalışır
“Aİİ mexanizmləri bu gün erməni biznesinin xeyrinə işləyir, eyni zamanda təsir və asılılıq yaradır.
Digər tərəfdən, Ermənistan iqtisadiyyatını ardıcıl şəkildə şaxələndirir ki, bu da həmin təsirin və asılılığın azalmasına gətirib çıxarır.
Aİİ-də qalıb-qalmamaq məsələsi Rusiyada müəyyən maraqları olan bir çox şirkətə birbaşa təsir edir. Aİ-yə üzvlük məsələsi isə hələlik daha abstrakt xarakter daşıyır.
Moskva yaxın illərdə, hətta onilliklər ərzində iqtisadi rəqabətdə Avropaya “qalib gələcəyinə” və Ermənistana daha cəlbedici şərtlər təklif edə biləcəyinə ümid etmir. Buna görə də hesab edir ki, hazırda vəziyyətə təsir göstərmək imkanı hələ də var. Elə buna görə də tələsir”.
Rusiyanın Ermənistanda referendum tələbi