"Biz qərarın nə vaxt verilməli olduğunu daha yaxşı bilirik": Paşinyanın Aİ ilə Aİİ arasında seçimlə bağlı Putinə cavabı
Aİ və Aİİ: Paşinyanın Putinə cavabı
“Əgər biz qərar vermək üçün məqamın yetişdiyini hesab etsək, bunu bizə başqalarının deməsini gözləməyəcəyik, çünki bu, nəticə etibarilə bizim qərarımızdır. Onun qəbul ediləcəyi anın nə vaxt çatacağını biz daha yaxşı bilirik”, – Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidentinə cavab verib.
Bu günlərdə Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarını şərh edib. O, yenidən Aİ və Rusiyanın liderliyi altında fəaliyyət göstərən Aİİ arasında seçim məsələsinə toxunub.
“Əhali baxımından da, bizim üçün əsas iqtisadi tərəfdaş kimi də düzgün olardı ki, bu məsələ ilə bağlı mümkün qədər tez müəyyənlik yaradılsın. Məsələn, referendum keçirilsin. Bu, bizim işimiz deyil, amma məntiqli olardı ki, referendum keçirilsin və Ermənistan vətəndaşlarından onların seçiminin nə olacağı soruşulsun”, — deyə o bildirib.
Onun sözlərinə görə, bu halda “yumşaq, mədəni və qarşılıqlı faydalı ayrılıq yolu” ilə irəliləmək mümkün olardı.
Ermənistanın baş naziri “ayrılıq” ifadəsi ilə razı deyil. Cavab olaraq o bildirib ki, Yerevan mübahisəyə qoşulmaq niyyətində deyil.
“Biz bütün məsələləri işgüzar şəraitdə, artıq emosional gərginlik olmadan, dostluq və qarşılıqlı hörmət mühitində müzakirə edəcəyik”, — deyə Paşinyan bildirib.
Paşinyan-Putin arasında qiyabi müzakirənin əsas tezisləri.
- “Ermənistanın təhlükəsizlik zəmanətçisi bizi qırğına apardı” — Nikol Paşinyan
- “Rusiya Ermənistandakı seçkilərə on minlərlə seçici göndərməyə çalışır”: Yerevanda müzakirələr
- “Rusiya Ermənistandakı seçkilərə on minlərlə seçici göndərməyə çalışır”: Yerevanda müzakirələr
Paşinyanın cavabı: “Biz Rusiyanın maraqlarına zərər vurmaq niyyətində deyilik”
Ermənistanlı jurnalistlər Nikol Paşinyandan Rusiya prezidentinin bəyanatlarına münasibət bildirməsini xahiş ediblər. O isə xatırladıb ki, Yerevan balanslaşdırılmış siyasət yürüdür və vurğulayıb ki, zərurət yaranmayana qədər Ermənistan Aİ və Aİİ arasında seçim etməyəcək.
“Mən parlamentdə də demişdim ki, biz bəzən dövlətlərarası münasibətləri nikahla qarışdırırıq. Dövlətlərarası münasibətlərdə Ermənistan dövlətlərarası məntiqlə rəhbər tutur”.
Paşinyan bildirib ki, Ermənistan Aİİ üzvü kimi bu ittifaqda qərarların qəbulunda tam iştirak edir. Avropa İttifaqına qoşulmaqla bağlı referendum məsələsinə gəldikdə isə, onun sözlərinə görə, belə bir ehtiyac yarandıqda keçiriləcək.
O vurğulayıb ki, Ermənistan Rusiyanın maraqlarına zərər vurmaq niyyətində deyil:
“Biz bundan sonra da Ermənistanın dövlət maraqlarını əsas götürəcəyik. Münasibətlərimizin transformasiya olunduğunu anlayaraq, Rusiya ilə əlaqələrimizi dərinləşdirməyə və inkişaf etdirməyə davam edəcəyik”.
Eyni zamanda, Nikol Paşinyanın sözlərinə görə, Ermənistan Aİ ilə münasibətləri də dərinləşdirməyə davam edəcək:
“Fakt budur ki, biz Aİİ üzvüyük. Eləcə də fakt budur ki, biz Avropa İttifaqına qoşulma prosesinin başlanması haqqında qanun qəbul etmişik. Əslində, bu iki fakt yanaşı mövcuddur. Bu o deməkdir ki, bu iki fakt yanaşı mövcud ola bilər. Onlar dünən də mövcud idi və bu gün də mövcuddur”.
Paşinyan əlavə edib ki, bütün məsələlər Rusiya tərəfdaşları ilə müzakirə olunmağa davam edəcək və onlara hər şey izah ediləcək.
Putin: “Biz Ermənistan xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcəyik”
Rusiya prezidenti Ermənistan və iki ölkə arasındakı münasibətlərlə bağlı bir sıra bəyanatlar verib:
“Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarına gəldikdə, bu, əlbəttə, xüsusi müzakirə tələb edir. Biz bunu baş nazir Paşinyanla dəfələrlə müzakirə etmişik. Burada qeyri-adi heç nə görmürük. Mən ona bir neçə dəfə demişəm və indi bunu açıq şəkildə təkrar edə bilərəm. Biz Ermənistan xalqı üçün faydalı olan hər şeyi dəstəkləyəcəyik”.
Lakin bundan sonra Putin bəzi məqamların “nəzərə alınmasının vacib olduğunu” əlavə edib. O, Ermənistanla ticarət dövriyyəsini nəzərdə tutduğunu izah edib. Bu göstəricinin azaldığını etiraf etsə də, 2025-ci ildə hər halda 7 milyard dollar təşkil etdiyini bildirib. Bununla o, Ermənistanın Aİİ-də qalmaqla əldə etdiyi “əhəmiyyətli üstünlüklərə” diqqət çəkməyə çalışıb.
Daha sonra Rusiya prezidenti vaxtilə “azad ticarət zonası” olan Ukraynanı xatırladıb. Onun sözlərinə görə, bütün problemlər Ukraynanın Avropa İttifaqına qoşulmaq cəhdindən sonra başlayıb. Putinin dediyinə görə, “bütün bunlar dövlət çevrilişinə, Krım hadisələrinə […] və hərbi əməliyyatlara gətirib çıxardı”. Rusiya prezidentinin qiymətləndirməsinə görə, bu, “ciddi məsələdir”. Bu baxımdan o, Ermənistana “məsələni ifrata çatdırmağı” tövsiyə etmir.
Aİ və Aİİ: Paşinyanın Putinə cavabı