Bakıda söküntü: “Çıxmasan, oğlunu həbs edəcəyik” - polis zorakılığı və hüquqsuzluq iddiaları
Montində polis zorla insanları evlərindən çıxarır
Bakının Montin ərazisində, “Daş Karxanası” massivində Məmməd Arif küçəsində yerləşən 161 evin sökülməsi əhalinin fiziki zorakılıq, polis hədələri və hüquqi təminatsızlıqla üzləşməsi fonunda həyata keçirilir.
“JAMnews”a danışan sakinlər deyirlər ki, ərazi blokadadadır, video çəkənlər döyülür və saxlanılır, vətəndaşlara bir neçə saatla 2 gün arasında müddət verilir ki, evlərini tərk etsinlər. Hüquqşünas söküntünün formal olaraq haqlı olduğunu desə də, bu vəziyyətin mənzil hüququnun pozulması olduğunu da dilə gətirir.
“Qapımıza gəlib dedilər: 1 saata çıxın, yoxsa ailəniz həbs olunacaq”
Şikayətçilərdən birinin sözlərinə görə (təhlükəsizlik səbəbindən adı anonim saxlanılır), polis əməkdaşları “çıxmasanız, oğlunuzu, yoldaşınızı, ananızı aparacağıq” kimi açıq hədələrlə sakinləri köçməyə məcbur edir:
“Mənə dedilər: “Əgər video paylaşsan, səni döyəcəyik”. Paylaşanları elə də etdilər. Bəzilərini 18-ci polis bölməsinə apardılar. Hər evdən azı 1 nəfər saxlanılıb. Evimizi itirməklə yanaşı, həbs təhlükəsi altında yaşayırıq”.
Ərazidə yerləşən 161 evin əksəriyyətinin rəsmi qeydiyyatı yoxdur. Sakinlər deyir ki, söküntü məhkəmə qərarı olmadan aparılır. Onların sözlərinə görə, kompensasiya təklif olunmayıb, kirayə və ya alternativ yaşayış yeri göstərilməyib.





“Prezident aparatına yazmışdı, cavab olaraq evinə gəlib həbs etdilər”
Şikayətçilərdən biri bildirir ki, qonşusu evinin sökülməsi ilə bağlı Prezident Administrasiyasına şikayət mətnli teleqram yolladıqdan sonra, cavab olaraq polis əməkdaşları evinə gələrək onu saxlayıb:
“Səbəb də odur ki, “yuxarı instansiyalara” şikayət edib. Etiraz edən hər kəsi ya bölməyə aparırlar, ya da telefonlarını əllərindən alırlar ki, video paylaşa bilməsin. Tiktok hesablarını da sildirirlər”.
Rəsmilər kimdir, məhkəmə haradadır?
Sakinlər bildirirlər ki, ilkin mərhələdə “icra hakimiyyətindən olduqlarını” deyən şəxslər gəlib kvadratmetrə 1300-1500 manat kompensasiya vəd ediblər. Amma bu təklif rəsmiləşməyib. Daha sonra Azərbaycan Dəmir Yolları, rayon icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşları gəlib, məhkəmə qərarı göstərmədən təxliyəni həyata keçirməyə çalışıblar.
Ərazidə hazırda polis nəzarəti, yoxlamaları və blokada davam edir. Sakinlər evdə ola-ola evləri başlarına uçurulur.
- Azərbaycanda azyaşlılara qarşı polis zorakılığı: “Hər birindən 300 manat rüşvət istəyiblər”
- Azərbaycanda siyasi səssizliyin arxasında qorxumu var, laqeydlikmi?
- “Melissa Park” insidenti: Qışqırdım ki, bizi öldürürlər, köməyə gəlin, heç kim yaxınlaşmadı. Video
Hüquqşunas: “Bu insanlar hüquqsuz deyil”
Hüquqşünas və III Respublika Platformasının qurucu üzvü Səməd Rəhimli “JAMnews”a açıqlamasında bildirir ki, bu hallarda vətəndaşların istifadə hüququ mövcuddur və məhkəmə qərarları şikayət predmeti ola bilər:
“Əgər insanlar uzun müddət həmin ərazidə yaşayıblarsa və dövlət qurumları onları tanıyıb, kommunal xidmətlər göstəribsə, bu artıq hüquqi baxımdan istifadə hüququnun formalaşdığını göstərir”.
O, həmçinin qeyd edir:
- “Azərbaycan Dəmir Yolları” və ya digər dövlət qurumları publik hüquqi şəxs olaraq çıxış etsə də, İcra Hakimiyyətləri sosial təminat məsuliyyəti daşımalıdırlar.
- Məhkəmə qərarları varsa belə, apeliyasiya və icranın dayandırılması kimi vasitələr hüquqən mövcuddur.
- “1 saat” və ya “1 günə çıxın” kimi göstərişlər ağlabatan deyil və bu, insan hüquqları normalarının pozulmasıdır.
- Azərbaycan Konstitusiyası və Mənzil Məcəlləsi mənzil hüququnu təmin olunası hüquq kimi tanıyır. Dövlət bu insanları alternativ mənzillə təmin etməlidir. Həmin müddətə qədər isə məhkəmə qərarının icrası təxirə salınmalıdır.
Dövlət formal olaraq haqlıdırmı?
Səməd Rəhimli izah edir ki, formaca dövlət tikintinin qanunsuzluğu, torpaq sahibinin iradəsi kimi hüquqi arqumentlərlə öz haqlılığını əsaslandıra bilər. Lakin:
“Əgər dövlət 30 il bu insanları tanıyıb, onlara şərait yaradıbsa, bu gün onları kompensasiyasız, məhkəməsiz və alternativsiz çıxarmaq sosial baxımdan qəbulolunan deyil”.
Hüququn arxasında gizlənən ədalətsizlik
161 evin söküldüyü Montində nə kompensasiya, nə kirayə dəstəyi, nə də alternativ ev təklifi var. İnsanlar öz vəsaiti ilə tikdikləri və illərlə yaşadıqları evlərdən hüquqsuz şəkildə çıxarılır. “JAMnews”a danışan sakinlər bildirirlər ki, “rüşvət aldılar, ev tikməyə icazə verdilər, sayğaclar quraşdırılırdı”, indi isə “daha burada yaşaya bilməzsiniz” deyirlər.
Montində yaşayanlar Azərbaycanın sosial dövlət iddiası ilə yerli idarəetmə təcrübəsi arasındakı uçurumun qurbanlarıdır. Dövlət qurumları vətəndaşları hüququ olmayan “qanunsuz tikililər”in sahibləri kimi təqdim etsə də, faktiki yaşayışın tanınması, sayğacların mövcudluğu, ödənmiş kommunal xidmətlər bu mövcudluğunu sübut edir.
Amma onlara nə kirayə, nə torpaq, nə də sosial mənzil təklif olunur. Əvəzində isə hədə, zor, polis bölməsi və həbs var.
Montində polis zorla insanları evlərindən çıxarır