Tbilisidə Saakaşvilinin azad olunması tələbilə mitinq
Tbilisidə oktyabrın 14-də axşam Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələbilə izdihamlı mitinq keçirilib.
Jurnalistlərin dəyərləndirməsinə görə, aksiyada on minlərlə insan iştirak edib. Onlardan çoxu Gürcüstanın regionlarından maşın kolonları ilə gəliblər.
“Gürcü arzusu” iqtidar partiyasının fəalları böyük qruplarla, əllərində süpürgə onların yollarını kəsməyə çalışıblar – Gürcüstanda çoxları üçün bu, Mixail Saakaşvili dövrünün mənfi rəmzidir. 2012-ci ildə Gürcstanda hakimiyyət dəyişikliyi və Saakaşvilinin gedişində həbsxanalarda süpürgələrdən istifadə olunaraq seksual zorakılıqların törədildiyini əks etdirən videoların yayılmasının rolu böyük olmuşdu.
Müxalif Vahid Milli Hərəkatın [partiya Mixail Saakaşvili tərəfindən yaradılıb] üzvləri bildiriblər ki, yollarda “Gürcü arzusu” fəalları arasında müxtəlif dövlət strukturlarının və yerli hakimiyyət orqanlarının əməkdaşlarını şəxsən görüblər.
Tbilisidə aksiya 18:00-da Respublika Meydanından Azadlıq Meydanına qədər yürüşlə başlayıb. Çox sayda insan toplaşdığı üçün mərkəzi Rustaveli prospekti bağlanıb.
Azadlıq Meydanında tribuna quraşdırılıb, oradan siyasətçilər, ictimai xadimlər, jurnalistlər, məşhurlar etiraz iştirakçılarına müraciət ediblər.
Müxalif “Mtavari” telekanalının direktoru Nika Qvaramiya tribunadan Mixail Saakaşvilinin müraciətini oxuyub:
“Əgər biz sivil ölkə istəyiriksə, o zaman bizə ölkəmizdə mütləq tam barış, qisasdan imtina lazımdır”, – həbsdə olan eks-prezident öz müraciətində yazıb.
Etirazın təşkilatçısı Vahid Milli Hərəkat olub. Amma bir çox siyasətçilər və müxtəlif partiya liderləri aksiyaya dəstək bəyan edib və onu rəmzi adlandırıblar.
“İstənilən insan, xoşumuza gələn və ya gəlməyən, əgər o, ədalətsizliyin qurbanı olubsa, o, bu ölkədə müdafiə olunmalıdır”, – “Droa” (“Zaman yetişib”) partiyasının lideri Elene Xoştariya mitinqə çıxmağının səbəbini izah edib.
Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra Tbilisiyə gizli gəldiyo zaman həbs edilib. Həbsdən dərhal sonra o, etiraz əlaməti olaraq aclıq elan edib.
Artıq 15 gündür ki, həbsini qeyri-qanuni və siyasi motivli hesab edən eks-prezident aclıq aksiyasını davam etdirir. Saakaşvilinin şəxsi həkimi və vəkili həyəcan təbili çalır və bildirirlər ki, onun vəziyyəti pisləşir.
Gürcüstanın üçüncü prezidentinə qarşı bir neçə cinayət işi qaldırılıb, oNlardan biri üzrə artıq qiyabi mühakimə olunub və altı il müddətinə azadlıqdan məhrum edilib. Axtarışda olan şəxs statusunda o, həbsindən dərhal sonra Rustavi şəhər həbsxanasına köçürülüb.