"Meydan TV işi" üzrə növbəti məhkəmə iclası keçirilib, jurnalist Nurlan Libre aclıq etdiyini açıqlayıb
“Meydan TV işi”nin üçüncü məhkəməsi
16 yanvarda Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV” işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Aytən Əliyevanın sədrliyi ilə keçirilən proses gərgin başlayıb. Bunun səbəbi təqsirləndirilən şəxslərə çıxış etmək üçün imkanın yaradılmaması olub.
Həm də konvoy əməkdaşlarının təqsirləndirilən şəxslərin olduğu şüşə qəfəsin önündə düzülərək onların zaldakı şəxslər və vəkillər tərəfindən görülməsini əngəlləməsi etiraza səbəb olub.
Etirazdan sonra konvoy əməkdaşlarının əksəriyyəti şüşə qəfəsin önündən ayrılıb.
2024-cü il dekabrın 6-da “Meydan TV”-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və barələrində açılmış cinayət işi “Meydan TV işi” adlandırılmağa başlayıb. Daha sonra bu işlə bağlı jurnalistlər Şəmşad Ağa, Nurlan Libre, Fatimə Mövlamlı, Ülviyyə Əli və Əhməd Muxtar da həbs ediliblər.
Bu ilin avqustunda jurnalistə qarşı ittihamlar ağırlaşdırılıb və işə əlavə maddələr daxil edilib.
“Meydan TV” bəyan edir ki, bu həbslər onların tənqidi fəaliyyətlərinə görədir.
Ötən məhkəmə prosesində hakim Aytən Əliyeva məhkəmə istintaqının başladığını elan edərək dövlət ittihamçısını yekun ittiham aktını səsləndirməsi üçün kürsüyə çağırmışdı. Yekun ittiham aktı 600 səhifə olduğuna görə, dövlət ittihamçısı 1 saatdan çox müddətdə onun sadəcə bir hissəsini səsləndirə bilmişdi.
Vəkillər artıq məhkəmə prosesinin çox uzun çəkdiyini əsas gətirərək etiraz etdikdən sonra hakim prosesin təxirə salınması yönündə qərar çıxarmışdı. Bu səbəblə proses yenidən dövlət ittihamçısının ittiham aktını səsləndirməyə davam etməsi ilə başladı.
“Aclıq aksiyasına başlayıram”
Jurnalist Nurlan Libre prosesə dövlət ittihamçısının çıxışı ilə başlanılmasına etiraz edərək bildirib ki, onun demək istədikləri var. Hakim Aytən Əliyevanın isə jurnalistə yüksək səslə “otur aşağı” deyərək qarşılıq verməsi təqsirləndirilən şəxslərin etirazına səbəb olub.
Fatimə Mövlamlı ayağa qalxaraq hakimə “Bizimlə belə danışa bilməzsiniz!” deyib. Bu dəfə yan hakim yüksək səslə Mövlamlıya “Ay uşaq!” deyərək qarşılıq verib.
Jurnalist etiraz edərək çıxışına davam edib və yan hakimə:
“Sizin kimi yaşlı olub saxta qərarlar çıxarmaqdansa, gənc olub həqiqətləri yazıb, burada olmaq daha üstündür”, – deyə o bildirib.
O, hakim Aytən Əliyevaya da etiraz edib.
“Siz siyasi sifarişlə qərar çıxaran bir hakimdən artığı deyilsiniz!”
Fatimə Mövlamlının çıxışı bitdikdə zalda əyləşənlər onu alqışlayıblar.
Əvvəlcə dəftərə aclıq aksiyasına başladığını yazaraq zalda əyləşənlərə göstərən Nurlan Libre Mövlamlının çıxışından sonra zalda əyləşənlərə bunun səbəbi haqqında məlumat verməyə başlayıb. Jurnalist deyib ki, ötən məhkəmə prosesi zamanı etiraz edərək qollarını kəsib. Bu zaman onunla kobud rəftar edilib və qolları sarıldıqdan sonra arxadan qandallanıb, məhkəmə zalından təcridxanaya aparılarkən yol boyu ayaq üstə saxlanılıb.
“Bakı İstintaq Təcridxanasına çatdıqdan sonra məni dərhal karsa saldılar. Kars çox pis şəraitdə idi. Özümə tibbi yardım göstərməyim mümkün deyildi. Sabun və heç bir gigiyenik vasitə yox idi. Otağın kirli olması ilə yanaşı mələfələr və yataq da çox kirli idi”.
O, həmçinin, bu gün məhkəmə prosesinə gəlmək istəmədiyini, kamerasından zorakılıqla çıxarılaraq gətirildiyini deyib.
Jurnalistin sözlərinə görə, məhkəməyə gətirmədən öncə üzərinə baxış keçirmək adıyla onu çılpaq soyundurublar və növbəti prosesdə çıxış etmək üçün yazdığı iki səhifəlik qeydlərini əlindən alıblar. O, Bakı İstintaq Təcridxanasında vəkili ilə tək görüşə bilmədiyini və konfidensiallıq hüququnun pozulduğunu, içəridə məruz qaldığı hüquq pozuntuları ilə bağlı yaxınlarına məlumat verməyə başladıqda telefon zənginin dayandırıldığını, hər yerə qandallanaraq aparıldığını deyib.
“Bir insanı soyunudurub yoxlamaq ləyaqəti alçaldan davranışdır. Bunu mənə psixoloji zorakılıq göstərmək məqsədilə edirlər. Təcridxanada mənə qarşı edilən sistematik hüquqsuzluqların göstərişini şəxsən rəis Elnur İsmayılov verir.
Avropa Parlamentinin jurnalistlərin azad edilməsi tələbilə çıxardığı qətnamənin icra edilməsini tələb edirəm! Mənə qarşı təzyiqlərə etiraz olaraq və “AbzasMedia”, “Toplum TV” və “Meydan TV” işi üzrə həbs olunan həmkarlarımın azad edilməsini tələb edərək müddətsiz aclıq aksiyasına başlayıram”.
Hakimdən zalda əyləşənlərə qadağa
Saat 14:30-da başlayan məhkəmə prosesi 17:00-dək dövlət ittihamçısının yekun ittiham aktını səsləndirməsi ilə davam edib. Məlum olub ki, dövlət ittihamçısı hələ 350-ci səhifəni səsləndirir. Vəkil Cavad Cavadov təklif edib ki, ittiham aktının səsləndirilməsi tez sonlandırılsın.
“Dövlət ittihamçısının oxuduğu mətndə təkrarlar çoxdur. Ən azından onlar səsləndirilməsin”.
Vəkilin vəsatəti təqsirləndirilən şəxslər və digər vəkillər tərəfindən də dəstəklənib. Bundan sonra hakim təkrar mətnlərin səsləndirilməyəcəyi və bu prosesin sonuna qədər ittiham aktının oxunmasının yekunlaşacağını elan edib.
Dövlət ittihamçısının ittiham aktını səsləndirdiyi zaman yan hakimlərdən birinin yuxuya getməsi də diqqət çəkib.
Etiraza səbəb olan bir digər məsələ isə sədrlik edən hakim Aytən Əliyevanın zalda əyləşənlərin çölə çıxaraq geri qayıtmasını qadağan etməsi olub. Vəkil Bəhruz Bayramov bu məsələ ilə bağlı zalda əyləşənlərdən birinin narazılığını dinləyərkən hakim Aytən Əliyeva yüksək səslə vəkilin yerinə əyləşməsini tələb edib. Daha sonra isə vəkilə danışmaq üçün icazə verməyib. Bu zaman Aytac Tapdıq ayağa qalxaraq hakimə “vəkillərimizlə normal danışın”, – deyərək etiraz edib.
Şəmşad Ağa hakimin qadağasına etiraz edərək bildirib ki, bu hüquqsuzdur. O, nə üçün belə qadağanın qoyulduğunu soruşub.
Vəkil Rövşanə Rəhimli də vəsatət verərək zalda əyləşənlərin otaqdan çıxıb geri dönmələrinə icazə verilməsini istəyib:
“Təqsirləndirilən şəxslərin yaxınları arasında səhhətində problem olanlar, çox uzaqdan məhkəməyə gələnlər var. Proses çox uzun çəkir. Onların təbii ehtiyaclarını qarşılamaq, hava almaq üçün çıxıb qayıtmalarına şərait yaradılsın”.
Hakim bu vəsatəti təmin etməyib. Daha sonra Şəmşad Ağa buna etiraz edərək yenidən çıxış etməyə başlayıb və Aytən Əliyevaya üzünü tutaraq deyib:
“Bu texniki məsələdir. Siz nə üçün texniki məsələlərlə məşğul olursunuz? Zalda əyləşənlərin çölə çıxaraq qayıtması prosesin gedişini pozmur və konvoy əməkdaşları onların çıxıb qayıtmalarını təmin edə bilər”.
Onun “Nə hoqqa verirsiniz?!” – deyə soruşması hakimlərin etirazına səbəb olub.
Şəmşad ağa isə cavabında bildirib ki, hoqqa italyan sözüdür və hüquq deməkdir. Bu zaman zalda əyləşənlər onu alqışlayıblar.
Yaranmış səs-küydən sonra hakim prosesin təxirə salındığını elan edib. Növbəti məhkəmə prosesi yanvarın 30-na təyin edilib.
“Meydan TV işi”nin üçüncü məhkəməsi